Gürcüstan parlamentində «Dədə Qorqud» və Respublika Günü
Bu gün Gürcüstan parlamentində Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın «Dədə Qorqud» kitabının gürcü dilində nəşr olunan kitabının təqdimatı və gənc gürcü rəssamlarının «Kitabi Dədə Qorqud» qəhrəmanlıq dastanının məzmununa aid çəkilən rəsm əsərlərinin sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir 28 May — Respublika Gününə həsr olunub.
Tədbirdə iştirak edən parlamentin üzvü Mahir Dərziyevin APA-ya verdiyi məlumata görə, təqdimatda parlamentin sədri David Usupaşvili, deputat Levan Berdzenişvili, Azərbaycanın Gürcüstan səfirliyinin rəsmisi İsrafil Hacıyev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşı Şövqi Mehdizadə və başqaları çıxış edərək Azərbaycanın müstəqillik günündə təşkil edilən tədbirin əlamətdar hadisə olduğunu və bayram münasibəti ilə Azərbaycan xalqını təbrik ediblər. Natiqlər iki xalq arasında dostluğun daha da möhkəmləndiyini bildiriblər. Sonra qonaqlara Gürcüstanda yenicə fəaliyyətə başlayan Azərbaycan şirniyyat şirkətinin milli şirniyyatın nümunələri təqdim olunub.
Parlamentdə keçirilən tədbir Azərbaycanın Gürcüstan səfirliyi, ARDNŞ-in Gürcüstan nümayəndəliyi və Gürcüstan Milli Parlament Kitabxanasının təşkilatçılığı ilə baş tutub. Tədbirdə Borçalı aşıqları Aşıq Nargilə və Aşıq Məsim, eyni zamanda Tiflis Konservatoriyasının tələbəsi, amerikalı Ben Viller aşıq havaları səsləndiriblər.