Muəllif:

Gürcüstan müsəlmanları baş nazirə müraciət etdilər

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların rəhbərlik etdiyi 10-a qədər dini və ictimai təşkilatlar, eyni zamanda yüzə qədər vətəndaş Gürcüstanın baş naziri Bidzina İvanişviliyə müraciət ünvanlayıb. Müraciətə son günlər Gürcüstan mətbuatında və televiziya kanallarında Gürcüstan müsəlmanlarına qarşı gedən yazılar və verilişlər səbəb olub (APA).

QHT-lərin müraciətində qeyd edilib ki, Gürcüstan KİV-də və telekanallarında və bir sıra siyasətçilərin bəyanatlarında özünü artıq dərəcədə büruzə verən dözümsüzlük və düşmənçilik mövqeləri artmaqdadır. “Belə hallar tez-tez müşahidə edilir və ən əsası çıxışçılar həmin verilişlərdə və mətbuat səhifələrində Gürcüstanda məscidlərin tikilməsinin lazımlı və ya lazımsızlığı barədə razılığa gələ bilmirlər. Müsəlman icması bununla razılaşa bilmir ki, bir sıra siyasi aktivliyi ilə seçilən Gürcüstan vətəndaşları öz dar düşüncəli siyasətinə, tamahkar ambisiyalarına və məqsədlərinə nail olmaq üçün dini hüquqların pozulması yolunu seçir və bu yol onların əsas hərəkət metodologiyasına çevrilir”.

Müraciətdə bildirilib ki, Gürcüstanın bir neçə yaşayış məntəqəsində qanunsuz şəkildə müsəlman dini ayinlərinin (namaz) yerinə yetirilməsinə maneə olunub, bəzi hallarda fiziki güc yolu ilə dini ayinləri icra etmək qadağan edilib və müsəlman icma nümayəndələrini məqsədli şəkildə kənddən sıxışdırıb çıxartmaq cəhdləri baş verib. Bəzi şəxslər Gürcüstandakı müsəlman icmasının hüquq və azadlıqlarını pozaraq tez-tez öz rəylərini ümumi Gürcüstan əhalisinin rəyi kimi göstərir və bunu manipulyasiya obyektinə çevirirlər”.

Müraciətdə eyni zamanda müsəlman icmasının daha bir narahatlığı kimi televiziya vasitəsilə əhaliyə təqdim edilən aşağı keyfiyyətli verilişlərin və bir sıra Gürcüstan vətəndaşlarının məsuliyyətsiz bəyanatlarının sayının artması da qeyd olunub: “Həmin verilişlərdə müsəlman məscidləri müzakirə mövzusuna çevrilir və bu yolla onlar öz reytinqlərinin qaldırılmasına və millətçilərin rəğbətini qazanmağa çalışırlar. Belə məzmunlu verilişlərin yayımlanmasının qarşısı təcili surətdə alınmalıdır.”

Müraciətdə Gürcüstan Konstitusiyasında dini icmaların hüquqlarına aid maddələrin mövcud olduğu bildirilib və Gürcüstanın hər hansı bir ərazisində “Gürcüstan vətəndaşının məscid tikməyə hüququ yoxdur” kimi əsassız bəyanatların qanunsuz olduğu barədə fikirlər qeyd edilib. Məscidlərə və onun tikilməsinə qarşı çıxanların hərəkəti Gürcüstan Konstitusiyasına zidd hesab edilib.

QHT nümayəndələri Çela kəndində baş verən son hadisələri xarakterizə edərək bildiriblər ki, Gürcüstanın maraqlarına zidd olan proseslər artıq həddini aşıb: “Belə hadisələr prezident seçkiləri ərəfəsində müsəlman icmasında tam mənfi rəy formalaşdırılır, Gürcüstanda olan tolerantlıq ruhunu şübhə altına qoyur, ölkənin imicinə zərbə vurur”.

Müraciətdə QHT-lər baş nazir Bidzina İvanişvilidən Çela kəndində sökülən minarənin bərpa olunmasını xahiş ediblər: “Hörmətli cənab İvanişvili, minarə məscid üçün kilsənin üstündə olan xaç kimidir. Müsəlman icması olaraq sizdən xahiş edirik ki, Çela kəndində sökülmüş minarə bərpa olunsun”.

Baş nazirə ünvanlanan müraciəti Gürcüstan Müsəlman icması, Milli Azlıqların Hüquq Müdafiə Monitorinq Qrupu (rəhbəri hüquqşünas Elbrus Məmmədov), Sadaxlı Dirçəliş İttifaqı, Gürcüstan Azərbaycanlılarının Gənclər Forumu, Qarapapaq Xeyriyyə Cəmiyyəti, İmam Əli məscidi, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (rəhbəri Mirhüseyn Əsədov), Gürcüstan Müsəlmanları Gənclər Mərkəzi, Gürcüstan Müsəlmanları Ali Dini Şurası, Əhli-Beyt cəmiyyəti və digər təşkilatlar, eyni zamanda 100-ə qədər sıravi vətəndaş imzalayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 203