Muəllif:

Gürcüstan dövləti hara baxır? Niyə sərhədini qorumur?

Gürcüstan dövləti hara baxır? Onun hökuməti varmı? Onun sərhəd qoruyucuları yoxdurmu? Yoxsa sərhədlərini başlı-başına buraxıb və xarici qəsbkarlara cavab vermək zərurəti və vəzifəsi yadına düşmür?

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsində sərhədyanı kəndlərdə azərbaycanlı əhalinin hüquqları Ermənistan sərhədçiləri tərəfindən tez-tez pozulur, soydaşlarımızın yaşadığı kəndlərin əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən hissə-hissə zəbt olunması barədə müəmmalı xəbərlər bu sualları doğurur. Özü də kəndlilərin hüquqlarının pozulması Gürcüstanın Ermənistanla şərq sərhədi boyu azərbaycanlıların kompakt yaşadığı 7 kənddə baş verir…

APA-məlumatına görə, bu barədə Gürcüstanda fəaliyyət göstərən QHT-lərin və ziyalıların iştirakı ilə keçirilən «dəyirmi masa»da bildirilib. Qeyd edilib ki, Gürcüstanın Kvemo-Kartli (Borçalı) bölgəsinin Marneuli, Dmanisi rayonlarının azərbaycanlıların kompakt yaşadıqları kəndlərdə Ermənistan tərəfindən Gürcüstan-Ermənistan sərhədində «Milli azlıqların hüquqlarının müdafiəsinə dair Çərçivə Konvensiyası» pozulub.

Gürcüstanın Ermənistanla şərq sərhədi boyu azərbaycanlıların yaşadığı Beytarabçı, Təzəkənd, Burma, Sadaxlı, Mollaoğlu, Xuldərə, Yırğançay kəndlərinin əhalisinin 100 faizini azərbaycanlılar təşkil edir. Dəyirmi masada iştirak edən və bu kəndlərdən olan sakinlər qeyd ediblər ki, son illər erməni sərhədçiləri tərəfindən azərbaycanlıların hüquqları tez-tez pozulur və hətta insan oğurluğu, təzyiqlər, mal-qara, qoyun sürülərinin oğurlanması halları baş verir.

“Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev çıxışında bildirib ki, dəyirmi masa keçirməkdə məqsəd hər iki ölkə arasında sərhəd xəttini bilmək və delimitasiya-demarkasiya işlərini fəallaşdırmaqdır: “Biz sərhədlərimizin tarixən haradan keçdiyini bilirik. Lakin indi erməni hərbiçiləri sərhəd xəttini Sadaxlı kəndinin kənarına qədər çəkiblər. Bir hadisə olanda biz günahkar çıxırıq. Sərhəd məsələsi dövlət səviyyəsində həll olunmalıdır”.

Ermənistanla sərhəddə yerləşən Beytarabçı kənd sakini İsmayıl İsmayılov çıxışında erməni sərhədçilərinin 150 hektardan çox kənd torpaqlarını zorla sakinlərin əlindən aldıqlarını və Babakər dağlarının yüksəkliklərini aldıqlarını bildirib: “Torpaqdan əlavə, ermənilər kəndin yaxınlığındakı su anbarını da əlimizdən alıblar. 1947-1948-ci illərdən bəri kənd bu sudan içirdi. İndi onu ermənilər istifadə edirlər. Bizi də su anbarına 500 metr qalmış saxlayır və “sərhədi pozursunuz” deyərək anbardan su götürməyə icazə vermirlər. 20 il vergisini verdiyimiz icarə torpaqlarımızı da əkə bilmirik”, deyə İsmayıl İsmayılov bildirib.

Milli Azlıqların hüquqlarının Monitorinq Qrupunun (MRMG) rəhbəri Elbrus Məmmədov bildirib ki, sərhədlərin delimitasiyası ilə bağlı Gürcüstan xarici işlər nazirliyinə müraciət edilib: “Bizə rəsmi şəkildə bildirilib ki, Ermənistanla olan sərhədlərin delimitasiya və demarkasiyasının 90%-i hələ müəyyən edilməyib.”

Tədbirdə çıxış edən Ermənistanla sərhəd boyu yerləşən kəndlərin azərbaycanlı sakinləri və QHT rəhbərləri erməni hərbçilərinin törətdiyi çoxsaylı mal-qara oğurluğu faktlarını, kənd sakinlərinin erməni sərhədçiləri tərəfindən aparılıb işgəncələrə məruz qalma hallarını qeyd ediblər. “Qarapapaq” Xeyriyyə Cəmiyyətinin sədri Elşad Əliyev Yırğançay kənd sakinləri İfrət Rüstəmov, Hümmət Məmmədov, Ramiz Əhmədov, Afər Hacıyev, Nəriman Yusubov, Hümmət Alxanoğlu və Məzahir Eyyubovun erməni hərbçiləri tərəfindən Ermənistana aparılaraq işgəncələrə məruz qaldıqlarını qeyd edib. Sadaxlı kənd sakini Əhməd Pələngov da 41 gün erməni əsirliyində qaldığını, olmazın işgəncələrə məruz qaldığını bildirib.

Çıxış edənlər qeyd edib ki, ermənilər sərhədi 100-150 metr Gürcüstan ərazisinə çəkiblər: “Erməni sərhədçiləri azad şəkildə kəndlərə daxil olur və insanların hüquqlarını pozub, onlara problemlər yaradırlar. Biz sərhədlərdə neytral zonaların haradan keçdiyini dəqiq bilmirik”, deyə sakinlər vurğulayıblar.

“Qeyrət” hərəkatının sədri Əlibala Əsgərov sərhədin Gürcüstan tərəfinin zəif qorunduğunu qeyd edib: “Biz dövlətdən xahiş etməliyik ki, Ermənistan-Azərbaycan arasında münaqişə olduğu üçün Ermənistanla Gürcüstan sərhəd ərazilərində kompakt yaşayan azərbaycanlıların yaşadığı sərhəd məntəqələrində dövlət strukturları yaradılmalı, azərbaycanlıların təhlükəsizliyi ciddi şəkildə qorunmalıdır”.

QHT nümayəndələri soydaşlarımızın sərhəd problemlərinin yeni hakimiyyət qarşısında qaldırılmasının və əməli tədbirlər görülməsinin vacibliyini qeyd ediblər.

Tədbirdə 15 QHT təşkilatın rəhbərlərinin imzası ilə Gürcüstanın baş naziri Bidzina İvanişviliyə müraciət qəbul edilib. Müraciətdə Ermənistan-Gürcüstan sərhədində kompakt yaşayan azərbaycanlıların sərhəd problemləri ciddi narahatçılığa səbəb olduğu və bu barədə dəfələrlə keçmiş hakimiyyətə müraciət edildiyi, lakin ölçü götürülmədiyi bildirilib. QHT nümayəndələri sərhədlərin delimitasiya və demarkasiya işinin tezləşdirilməsinin və əhalinin qanunsuz yolla zəbt olunan dədə-baba torpaqlarının geri qaytarılmasının vacibliyini qeyd ediblər. Müraciətdə hüquqi-demokratik dövlət olan Gürcüstan vətəndaşları azərbaycanlıların hüquqlarının dövlət səviyyəsində qorunması tələb edilib, eyni zamanda Ermənistanla bağlı sərhəd xəttinin dəqiqləşdirilməsi tələb olunub. Zərər çəkən azərbaycanlıların hüquqlarının bərpa edilməsi və aidiyyatı orqanlar tərəfindən araşdırılması xahiş edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 247