Günün ritorikası və insan kapitalı: dünya üzrə 82-ci yerdəyik
Son illərin təkrarlanan ritorikası belədir: “Biz təbii ehtiyatları insan ehtiyatlarına çevirməliyik”. Yəni bununla etiraf edilir ki, iqtisadiyyatda insan resursu hələ də prioritetə çevrilə bilməyib, neft sənayesinə qoyulan investisiya insana qoyulan sərmayədən daha çoxdur və s… Dünyada yeni tendensiyalardan biri də ondan ibarətdir ki, dövlətlər daha çox iqtisadiyyatda insanın yaratdığı dəyər və iqtisadiyyatın insana yönəlik investisiyasını daha prioritet sayır. Çünki təbii ehtiyatlar tükənən, insan isə tükənməz sərvətdir. Təbii ehtiyatlar istifadə olunduqca daha tez tükənir, insan isə istifadə olunduqca daha çox dəyər qazandırır. Bu iki resurs arasında tərs mütənasibliyin səbəbi də məhz elə burdan qaynaqlanır.
Ötən əsrin ortalarından başlayaraq dünyada insan inkişafı ilə bağlı tədqiqatların aparılması xaotik xarakter daşıyırdı. Əgər 1970-ci illərdən başlayaraq 90-cı illərə qədər dünyada inkişaf səviyyəsi deyəndə ölkələrdə adambaşına düşən gəlir səviyyəsi və rifah göstəriciləri əsas götürülürdüsə, ondan sonra daha fərqli yanaşmalar meydana çıxmağa başladı. Həmin yanaşmalar ötən əsrin sonlarından (1990) başlayaraq insan inkişafı konsepsiyası olaraq BMT-nin İnkişaf Proqramına(UNDP) daxil edildi. Həmin vaxtdan İnsan İnkişafı İndeksi(İİİ) əsasən 3 indikatora görə hesablandı: Əhalinin gözlənilən orta ömür müddəti(1), təhsil səviyyəsi(2) və layiqli yaşam üçün adambaşına düşən gəlir səviyyəsi (3).
Sonradan bu hesabatlara dair təkmilləşmə istiqamətində daha bir addım atılaraq təklif olundu ki, insan inkişaf indeksi göstəricilərinə cəmiyyət daxilində gəlirlərin necə ədalətlə bölünməsi, ekoloji təsirləri və s. də əlavə etmək vacibdir. Çünki, ölkələrin elə iqtisadi resurslardan asılılığı ola bilər ki, bu iqtisadi artımı təmin edə bilər. Amma davamlı inkişafı istisna edə bilərlər. Layiqli yaşam üçün nəzərdə tutulan gəlir səviyyəsi yüksək ola bilər, amma səhiyyə xidməti və gözlənilən orta ömür müddəti qısa olsun. Yəni indikatorlar arasında davamlılıq və əlaqəlilik baxımından heç bir bağlılıq olmaya bilər. Ona görə, belə hesabatlar BMT-nin Davamlı İnsan İnkişafı Hesabatları adlandırılır. İndi artıq həmin İnkişaf Proqramı çoxlu sayda göstəriciləri nəzərə alaraq, hər il hesabatlar şəklində çap olunur. Bu hesabatlar müstəqil beynəlxalq ekspertlər tərəfindən hazırlanır. Bu göstəricilərə əsasən, ölkələrin həyat səviyyələri, cinayətkarlığın durumu, sağlamlıq, əhalinin mədəni inkişaf səviyyəsi, qərarların qəbulunda iştirak, sosial müdafiə haqqında məlumatlar daxildir.
BMT-nin İnkişaf Proqramı 2013-cü il üçün özünün İnsan İnkişafı İndeksinin 23-cü hesabatını açıqlayıb.Artıq BMT-nin İP-ı bu ilki açıqlanan hesabatda Azərbaycanın yerinin 82-ci sırada olmasını müəyyənləşdirib. Müqayisə üçün bildirək ki, reytinq göstəricisində Gürcüstan 72, Ermənistan 87 və Ukrayna isə 78-ci yerləri bölüşüblər. Postsovet məkanında daha ciddi mövqeyi isə seçilən Pribaltika respublikaları olub. Belə ki, Estoniya 33, Litva 41 və Latviya isə 44-cü yerləri tutub. Lakin bu hesabatın lider ölkələri kimi Norveç, Avstraliya, ABŞ, Niderland və Almaniya daha yüksək reytinqə malik olublar. Hesabatda ənənəvi olaraq ən aşağı yerləri Nigeriya, Konqo Demokratik Respublikası, Mozambik, Çad kimi ölkələr tutub. İnsan İnkişafı indeksinin ən zəif olduğu 44 ölkə bu siyahıda sonuncu yerləri bölüşüb.
İqtisadçı Məhəmməd Talıblı deyir ki, hesabatın ən yüksək yerlərini və ən aşağı yerlərini bölüşən ölkələrin iqtisadiyyatların strukturuna diqqət edəndə, maraqlı nəticələrə gəlmək olur:”Hansı ölkələr ki, təbii resurslardan məhrumdur, həmin ölkələr insan amilinin daha çox inkişafı qayğısına qalıb. Hansı ölkənin iqtisadiyyatı daha çox təbii ehtiyatlardan asılı vəziyyətdədir, həmin ölkədə insan inkişafı indeksi bərbad durumdadır. BMT-nin İnkişaf Proqramı əvvəlki tədqiqatlarında ölkələrin neftdən asılılıq əmsalını və insan inkişafı indeksini (İİİ) hesablayaraq belə bir nəticəyə gəlmişdi ki, ölkənin neftdən yaxud ümumiyyətlə, mineral resurslardan asılılığı artdıqca, İİİ-nin səviyyəsi aşağı düşür”.
İqtisadçı deyir ki, bu tədqiqat ona görə daha çox əhəmiyyət kəsb etməlidir ki, təbii ehtiyatlarla zəngin ölkələr daha çox təbii resursları insan resurslarına necə transformasiyası haqqında dərindən düşünsünlər. Eyni zamanda, hətta təbii ehtiyatlarla zəngin ölkələr həm də ona çalışmalıdır ki, onların ölkələrində iqtisadi azadlıqların sərhədi daha geniş olsun. Çünki iqtisadi azadlıqlar sayəsində məhz insan inkişafı indeksini yaxşılaşdırmaq olar. BMT-nin tədqiqatlarında o da tapıntı olaraq qeyd olunur ki, insan inkişafı indeksi yüksək iqtisadi azadlıq səviyyəsi ilə müsbət korrelyasiya təşkil edir. Yəni hansı ölkədə ki, iqtisadi azadlıqlar var, orada İİİ daha yüksək reytinqə malikdir. Hansı ölkədə ki, iqtisadi azadlıqların çərçivələri daraldılıb, orada İİİ aşağı səviyyəlidir.
M.Talıblı bu fikirdədir ki, təbii ehtiyatlar zəngin ölkələrdə bərbad idarəçilik və avtoritar siyasi sistemlər insan inkişafı indekslərini kifayət qədər tormozlayır:”Avtoritar siyasi sistemlərdə daha çox güclü olan və görünən vətəndaşlar yox, dövlətlər olur. Dövlətin və məmurların artan sərvətləri insanların inkişafa yönəlik imkanlarını təşviq eləmir, əksinə dövlətin gücünün artması hesabına vətəndaşları daha gücsüz edir. Bu, böyük həqiqətdir ki, cəmiyyəti dövlət zəngin etmir, insanlar varlandırır. Zəif və gücsüz insan güclü dövlət qura bilməz. Ona görə, Qərb dünyası dövlətdən daha çox insanların güclü olmasını prioritet götürür. Çünki güclü insan dövlətin güclənməsində daha çox maraqlı ola bilər. Elə dövlətlərin pulu var, amma zəngin vətəndaşları yoxdur, elə də dövlətlər var ki, vətəndaşları da dövləti qədər zəngindirlər”.
İqtisadçının dediyinə görə, iqtisadiyyatda insanın necə vacib resurs olması həmin ölkədə insana yönəlik investisiyanın həcmi ilə ölçülməlidir. Çünki insan kapitalı hesabına dövlətlər daha çox qazanır, nəinki təbii resurslar hesabına. Belə ki, Dünya Bankının 2005-ci ildə apardığı tədqiqatının nəticələrinə görə, dünya iqtisadi artımının 16%-i fiziki kapital, 20%-i təbii ehtiyatlar və 64%-i isə insan kapitalı hesabına əldə olunmuşdur. Demək, insan kapitalına yönəlik xərclərin artması nəticədə həmin ölkəni gələcəkdə daha varlı edir.
Talıblı İİİ-i şərtləndirən indikatorlar arasında əlaqəni göstərmək üçün sadə bir misal çəkir. “Diqqət etsək görərik ki, İİİ-də gözlənilən orta ömür müddəti ilk növbədə həmin ölkədə səhiyyə siyasəti ilə sıx bağlılığı ortaya çıxacaqdır. İlkin tibbi xidmətin və səhiyyə xərclərinin artması ilk növbədə insanın gözlənilən orta ömür müddətini artırmış olur. Demək, düzgün qurulan sosial-iqtisadi siyasət ehtiyatlar “lənətini” əhəmiyyətsizləşdirir. Çünki, genetik olaraq dünyada elə ölkələr var ki, onlarda orta ömür müddəti əsrlər boyu digər ölkələrdən xeyli aşağı olub. Amma sonradan düzgün qurulan hərtərəfli siyasət nəticəsində vaxtı ilə daha az ömürlü ölkələrin vətəndaşları indi dünyada çox uzunömürlü ölkələr kimi tanınmağa başlayıb. Ona görə, insana vint kimi deyil, dəyərli bir investisiya kimi yanaşıldıqda onu rentabelli “müəssisəyə” çevirmək olur. Müəssisə isə o zaman dəyər yaradır ki, ona davamlı investisiya edilsin”.