Muəllif:

Günəşdən gənclik istədim — Nigar Rəfibəyli yad edildi

Nigar xanım Azərbaycan istiqlalı uğrunda mübarizə aparan, buna görə sürgünə göndərilən böyük nəslin nümayəndəsi olub. Sovet ideologiyasının təsiri altında sıxılmasına baxmayaraq, Azərbaycan şairi adını qazanıb. O, ötən yüz ilin canlı salnaməsidir. Gəncənin tarixində Nigar Rəfibəylinin xüsusi yeri var. Gəncədə şairin abidəsinin açılışı mərasimində şəxsən iştirak edən xalqımızın Ümummilli Lideri Heydər Əliyev Gəncənin tarixində Rəfibəylilər nəslinin xüsusi yeri olduğunu da söyləyib. O, bənzərsiz şair olmaqla yanaşı, tərcüməçi kimi fəaliyyət göstərib…

Ötən gün  Filarmoniyada Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubiley tədbirini açarkən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nigar Rəfibəylinin XX əsr Azərbaycan poeziyasına göstərdiyi xidmətlərdən bəhs etdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri Fəttah Heydərov, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, ombudsman Elmira Süleymanova, professor Fərhad Bədəlbəyli, bir çox elm və mədəniyyət xadimləri, media nümayəndələri və başqaları yubiley tədbirində iştirak edənlər arasında idilər.

Daha sonra xalq şairinin həyat və yaradıcılığına həsr olunan videoçarx təqdim olunub. Gecəni idarə etmək isə xalq artisti Fəxrəddin Manafov və aktrisa Mehriban Zəkiyə həvalə olunub. Xalq artisti Xuraman və Fidan Qasımova bacıları, muğam ifaçıları şairənin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.

… Nigar Rəfibəyli 1923-cü ilin iyulun 23-də Gəncədə dünyaya gəlib. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu, 1936-cı ildə isə Moskvada Pedaqoji İnstitutunu bitirib. Bakı kinostudiyasının ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində və “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib. “Dənizin səsi gəlir”, “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Həzin bir axşamda düşsən yadıma”, “Şanlı nəsillərin yadigarısan”, “Zəfər nəğməsi”, “Anaların səsi”, “Balaca qəhrəman”, “Günəşin cavabı”, “Məstanın balaları”, “Bizə bahar yaraşır” və s. kitabları nəşr olunan Nigar Rəfibəyli “Şərəf” nişanı və xalq şairi fəxri adına layiq görülüb. Nigar Rəfibəyli 1981-ci ildə 68 yaşında Bakıda vəfat edib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 728