Muəllif:

Günah coğrafiyadadır

Ankara

Bu yaxınlarda bir həqiqəti özüm üçün kəşf etdim. Hər bir yeniliyin, hər bir icadın beşiyində biz, yəni şərqlilər varıq. Amma heç bir işin axırına çıxmırıq, heç bir icadın bəhrəsini görmürük. Misal üçün. Deyirlər ki, müsəlman Şərqində ilk demokratik respublikanı biz yaratmışıq. Ola bilər. Yəni bu bir tarixi faktdır. Amma yenə də ola bilər. Nədən özüm-özümdən şübhələnirəm? Səbəbi çox sadədir.
Axı belə ola bilməz. Bu gün yüz il öncə bacardığımızın yüzdə birinə nail ola bilmirik. Demokratiyanın izi-tozu belə yoxdur.
Deyirlər ki, yüz il öncə, respublika elan edən kimi dünyada qadınlara seçib-seçilmək hüququ verən ilk demokratiyalardan biri olmuşuq. Deyəcəksiniz ki, buna da inan! Necə inanım?! Əgər yüz il sonra, XXI əsrin əvvəllərində Azərbaycanda yalnız bir, ən yaxşı halda bir neçə «seçilmişin» seçib-seçilmək hüququ var. Vallah-Billah, inana bilmirəm. Düşünürəm ki, bütün bunlar gerçəkdə deyil, yalnız bizim fantaziyamızda mövcud olub. Yəni bunların heç biri həqiqət deyil, yalandır, uydurmadır.
Yenə də məni millət, İslam düşməni elan edəcəksiniz. Amma yanılırsınız. Yalnız biz azərbaycanlılar deyil, müsəlman və ya xristianlığından asılı olmayaraq, bütün şərqlilər eyni xəmirdən yoğrulublar.
Bu günlərdə erməni saytlarından birində oxudum ki, Ermənistan Konstitusiyasına düzəliş və dəyişikliklər edilməsi nəzərdə tutulur. Sözsüz ki, təşəbbüs hakim elitadan gəlir. Eşitdim ki, Serj Sarkisyanın tərəfdarları Ermənistanı parlament respublikasına çevirmək istəyirlər. Həmişə parlament respublikası tərəfdarı olmuşam. Birincisi, dünyada prezident respublikasının ABŞ-dan başqa bir pozitiv nümunəsini tanımıram. Söhbət ilk növbədə vatəndaş-cəmiyyət-dövlət münasibətlərinin tənzimlənməsindən gedir. Demokratiyanın beşiyi sayılan Avropa ölkələrinin mütləq əksəriyyəti, Fransa xaricində, parlament respublikalarıdır. Kralları və kraliçaları olanların da elə bir problemi yoxdur. Çünki bu kralların və kraliçaların dövlət işlərinə qarışmaq imkanları gecəqondularda yaşayan ən kasıb vətəndaşlardan belə azdır. Hə, yeri gəlmişkən, Fransa da «alayarımçıq» prezident respublikasıdır.
İkincisi, ABŞ nümunəsi nə bizim üçün, nə də şərqli qardaşlarımız üçün nümunə ola bilər. ABŞ fərqli millətlərin, irqlərin, tiplərin nümayəndələrinin «koalisiyasından» ibarət bir federasiyadır. ABŞ-da prezidentin səlahiyyətləri, xüsusilə də vətəndaş-cəmiyyət-dövlət münasibətlərinin tənzimlənməsində, çox məhduddur. Hər bir ştatın öz konstitusiyası var. ABŞ prezidenti istədiyi vaxt konstitusiyaya istədiyi dəyişiklik və düzəlişləri edə bilmir. Məsələ ondadır ki, konstitusiyaya dəyişikliklər ümummilli səviyyədə qəbul olunduqdan sonra, bunun üçün isə senator və konqresmenlərin üçdə ikisi və ya xüsusi olaraq bu məqsədlər üçün çağırılmış Milli Konventin çoxluğu onların qəbuluna səs verməlidir, ştatların dörddə üçü tərəfindən ratifikasiya olunmalıdır. ABŞ 50 ştatdan və ölkənin paytaxtının yerləşdiyi Kolumbiya federal dairəsindən ibarətdir. Deməli, hər hansı bir konstitusiya dəyişikliyinin qüvvəyə minməsi üçün onun ştatların ən azı 35-i tərəfindən ratifikasiya olunması lazımdır. Bu isə çox çətin, mübahisəli məsələlərlə bağlıdır və demək olar ki, qeyri-mümkün bir şeydir. Ona görə də 226 il ərzində ABŞ Konstitusiyasına cəmi-cümlətani 27 dəyişiklik edilib. Əgər səhv etmirəmsə, müstəqilliyimizi bərpa etdikdən sonra keçən 22 il ərzində konstitusiyamıza artıq 100-dən artıq dəyişiklik və əlavə etmişik. Düşünürəm ki, dalısı da var. Axı biz amerikalılar kimi mühafizəkar ola bilmərik. İnkişafın, özünütəkmilləşdirmənin qarşısına süni əngəllər çıxarmaq nəyə lazım?!
Üçüncüsü, hələ bütün yuxarıda sadalananlar azmış kimi, ABŞ prezidenti nəinki nazirləri, hətta səfirləri belə özbaşına təyin edə bilməz. Belə də iş olar, belə də prezident respublikası olar?! Müvafiq komitənin üzvü olan bir senatorun prezidentin irəli sürdüyü namizədin əleyhinə çıxması kifayətdir ki, kişinin kitabı bağlansın. Bir «ermənipərəst» senator yazıq Metyu Brayzanın diplomatik karyerasına son qoydu. Belə də ədalətsizlik olar?! Amma siyasi sisteminin arxaikliyinə baxmayaraq, ABŞ bu gün dünyanın yeganə superdövlətidir. Amma narahat olmağa dəyməz. Yaxın zamanlarda Azərbaycan ABŞ-ı taxtdan düşürəcək. Bilmirəm nədə, amma başbilənlərimiz deyirlər ki, biz artıq bütün dünyaya örnək bir dövlətik. Rusiya və Türkmənistan, Özbəkistan kimi demokratiya öncülləri bunu artıq etiraf edirlər. Bir azdan Amerika və Avropanı da fəth edəcəyik. Dünya əhalisinin mütləq əksəriyyəti ölkəmizin xəritədəki yerini bilməsə belə, ömründə bir dəfə də olsun adını eşitməsə belə, Azərbaycanı yeganə superdövlət kimi tanıyacaq. Əminəm ki, o günlərə də çox qalmayıb. Analoqu olmayan nailiyyətlərimizin səbəbi çox sadədir. Biz qeyri-məhdud səlahiyyətli, davamlılığı təmin olunmuş prezident üsuli-idarəsi qurmuşuq. Prezident respublikası deməyə adamın dili gəlmir. Bu, tarixdə görünməmiş bir yenilikdir. Söhbət qeyri-məhdud səlahiyyətlərdən və davamlılıqdan gedir. Yəni sıradan olan vətəndaşlar seçib-seçilmək «əzabından», demək olar ki, azad ediliblər. Onsuz da iş-gücləri başlarından aşır. Hələ bu azmış kimi, onlarla namizəd arasında hansının bu dövləti idarə etməyə daha layiq olduğu üzərində baş sındırsınlar?! Birdən düzgün seçim etməsələr, bu sıradan olan vətəndaşların gününə kim ağlayacaq?! Bir sözlə, Ermənistanı parlament respublikasına çevirməklə bağlı planlarının mövcudluğu haqqında eşidəndə, düşündüm ki, ermənilər başlarını lap itiriblər. İndi də bu bədbəxt avropalılara və amerikalılara bənzəmək istəyirlər.
Sən demə söhbət yalnız «addəyişmə marasimi»ndən gedirmiş. Yəni indiyə qədər Serj Sarkisyan qeyri-məhdud səlahiyyətli prezident adlandırılırdı. İndi isə qeyri-məhdud səlahiyyətli baş nazir adlandırılmaq istəyir. Riyakarlıqdan başqa bir şey deyil. Özü ilə birlikdə yeni vəzifəyə indiki səlahiyyətlərini də «daşımaq» istəyir.
Amma siyasi xadim öz statusunun, məqamının, adının-sanının dəyərini bilməlidir. Səlahiyyətlər olduğu kimi qala da bilər. Əgər bacarırsansa, hətta arta da bilər. Amma status, ad-san başqa şeydir. Prezident hara, baş nazir hara?! Rusiya dışında heç bir ölkədə prezidentlik məqamına yüksəlmiş bir siyasətçinin bir pillə aşağı enib baş nazir olmağa razılaşdığının şahidi olmamışam.
Özü də nə var, nə var, Ermənistanda lap ABŞ-dakı kimi, Konstitusiyaya görə, iki dəfədən artıq prezident seçilmək olmaz. Nə olsun ki?! Ermənistan ABŞ deyil. Orada konstitusiyanı dəyişmək yuxarıda yazdığımız kimi baş ağrısıdır. Ermənistanda isə prezident səlahiyyətlərini S.Sarkisyan ilə birlikdə baş nazir vəzifəsinə «daşımaq» üçün onsuz da konstitusiyaya dəyişikliklər etmək istəyirlər.
Bizdən nümunə götürsünlər. Bu qədər lazımsız «yerdəyişmə» əvəzinə bizdəki kimi sonsuza qədər prezident seçilmək hüququnu tanısınlar. Vəssəlam-şüttəmam. Prezidentlik məqamının adına və mahiyyətinə xələl gətirməsinlər. Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan da belə bir «yerdəyişmə əməliyyatını» həyata keçirmək istəyir. Amma o, özü ilə birlikdə qeyri-məhdud baş nazir səlahiyyətlərini prezidentlik məqamına daşımaq istəyir. Bax bunu başa düşürəm. Cənab Erdoğan statusunu yüksəltməklə yanaşı indiki səlahiyyətlərini də qoruyub saxlamaq istəyir. Mahiyyət eynidir, özü də həm Azərbaycanda, həm Ermənistanda, həm də Türkiyədə. Məqsəd gerçək və formal hakimiyyətin bir əldə toplanmasının təmin edilməsidir. Başqa sözlə desək, söhbət bütün hallarda qeyri-məhdud səlahiyyətlərin bir şəxsin əlində cəmləşdirilməsini təmin etmək, konstitusiyanın mahiyyətcə təftişindən gedir. Amma status, ad-san başqa şeydir. Bunu Bakıda və Ankarada çox gözəl başa düşürlər.
Bütün hallarda onu da nəzərə almaq lazımdır ki, Allahın işini bilmək olmaz. Gürcüstan prezidenti Mixail Saakaşvili də prezident səlahiyyətlərini özü ilə birlikdə baş nazir vəzifəsinə «daşımaq» istədi. Amma alınmadı, rəis!!! Bir sözlə, sən saydığını say, gör fələk nə sayır…
Unutmaq lazım deyil ki, çərxi-fələk bəzən də tərsinə dövran edir. Bu halda isə nəyi və hara daşımaq istəyinin heç bir önəmi olmur…
Gördünüzmü?! Hamımız şərqli psixologiyasının daşıyıcılarıyıq. Özü də türk, erməni, gürcü, xristian, ya da müsəlman olmağımızın heç bir fərqi yoxdur. Hakimiyyəti özümüzlə birlikdə sonsuza qədər daşımaq istəyirik. Müdriklərin bir xəbərdarlığını heç nəzərə almırıq: «Süleymana qalmayan dünya sənə də qalmaz». Ümumiyyətlə heç kimə qalmaz…
Amma günah bizdə deyil. Günah coğrafiyadadır…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 270