Muəllif:

MHP lideri: «Kimsə heç nə olmayıbmış kimi Ermənistanla yaxınlaşa bilməz»

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı ölkə Prezidenti Abdullah Gülün yenidən Ermənistanın dövlət başçısı seçilən Serj Sarkisyana təbrik məktubu ünvanlamasını tənqid edib. Bu barədə «Hürriyyət» qəzetinə istinadən xəbərlər verilir.
Bağçalının sözlərinə görə, Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Sarkisyanı prezident seçkilərində qazandığı qələbə ilə təbrik etmək qəbuledilməzdir.»Gülün Xocalı soyqırımında bilavasitə iştirak edən Sarkisyanı təbrik etməsi bizim hamımızı məyus etdi», — partiya lideri qeyd edib. Bağçalı Xocalı soyqırımını XX əsrin ən qəddar cinayəti adlandırıb.

MHP lideri prezident Abdulla Gülün Ermənistanda saxta seçki nəticəsində yenidən prezident seçilən Serj Sarkisyana təbrik məktubu göndərməsini qınayaraq deyir ki, bu təbrik Xocalı cinayətinin ildönümü ərəfəsində azərbaycanlı qardaşlarımızı incidib.
MHP lideri xatırladıb ki, A. Gülün təbrik göndərdiyi şəxs Xocalıda qətl törədənlərdən biridir və onun əlində heç vaxt silinməyəcək qan ləkəsi var:

“Xocalının fəryadı davam edərkən, Azərbaycan torpaqlarının 20 faizi hələ işğal altında ikən bu təbrik mesajını göndərməkdə məqsəd nədir? Sarkisyanın liderliyindəki Ermənistan vətən torpaqlarımıza həyasızca haqq iddia etməkdədir. Bu ölkənin rəsmi simvollarında Ağrı dağının təsviri yer almağa davam edir. Türkiyə Cümhuriyyətini idarə edən şəxslər başqalarına şirin görünərək dünəni yox edəcəklərini sanırlarsa, əlbəttə ki, yanıldıqlarını peşmanlıq içinə bir gün anlayacaqlar. Xocalının qanı qurumadan, erməni zülmünün açdığı yaralar qaysaqlanmadan kimsə heç nə olmayıbmış kimi Ermənistanla yaxınlaşa bilməz. Bunun əksini edənlər günaha batacaq, buna heç kimin haqqı yoxdur”.

Dövlət Bağçalı partiyasının parlament fraksiyasının toplantısındakı çıxışında
21 ilk əvvəl Xocalıda baş verən kütləvi qətlin ildönümü olduğunu xatırladaraq sözünə başlayıb:

“Türklüyün müqəddəs damarlarından biri olan Xocalıda yaşanan vəhşət və zülm heç vaxt hafizələrdən çıxmayacaq dərəcədə acı və kədərverici hadisədir. 26 fevralı gecəsi Sovet İttifaqına aid 366-cı alayın dəstəyi ilə erməni işğalçıları tərəfindən edilən hücum nəticəsində 613 soydaşımız həlak olub. Bunların 106-sı qadın, 83-ü uşaq olub. İnsanlığın vicdanına qara bir ləkə olan bu qətliamda 487 qardaşımız ağır yaralanıb, 1275-i girov götürülüb. Erməni dəstələri vaxtilə Bakıda, Şamaxıda, Qubada, Gəncədə, vətənimizin bir çox yerində qan axıdıb, qətl törətmək işində nə qədər inkişaf etdiklərini göstəriblər. Yurdumuzun hər yerində keçmişdə imperialistlərin əlində alət olan erməni canavarlarının amansızlıqlarının nəticəsi olan kütləvi məzarlıqlar var. Xocalı olayı bu qara zəncirin bir halqası olaraq hamımızın qəlibində dərin izlər buraxıb. Xocalıda insanlıq yerin dibinə girib, vicdan və mərhəmət itib. Bu əziz türk yurdunda insanların başı bədənindən qoparılıb, anaların qarnı yarılıb, orta əsr işgəncə metodlarından istifadə olunub. Erməni ölüm tacirləri və onların arxasında duran vəhşilər atanın gözü önündə övladını, övladın gözü önündə də atanı qətlə yetirib. Tükürpərdici və ən alçaq cinayətlər Xocalıda törədilib. Amma hər kəs bilməlidir ki, Xocalı milli qürurdur, Xocalının qanına girənlər öz əməllərinin hesabını vaxtı çatanda verəcək. Biz keçmişdə yaşanan acıları unutmadıq, unutmayacağıq və kimsəyə də inşallah, unutdurmayacağıq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144