Gültəkin Hacıbəylinin şikayəti təmin edilməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovaya qarşı apellyasiya şikayətinə baxılıb. Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddiada G. Hacıbəylinin N. Məmmədovaya 50 min dollar borcu olması qeyd edilib və həmin pulun ödənilməsi tələb edilib. Məhkəmə iddianı təmin edib. Məhkəmə G. Hacıbəyliyə məxsus əmlaklara həbs qoyulması barədə qərardad çıxarıb. Həmin qərardadla razılaşmayan G. Hacıbəyli isə apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını istəyib. Hacıbəylinin vəkili Bəhruz Bayramovun mətbuata bildirib ki, prosesdə elan olunan qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
G.Hacıbəyli 2000-2010-cu illərdə Azərbaycan parlamentinin deputatı, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü olub. 2005-2010-cu illərdə Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədr müavini olub.
Gültəkin Hacıbəyli müxalif mövqedən çıxış etdikdən sonra keçmiş həyat yoldaşı və qaynanası ona qarşı məhkəmədə iddia qaldırıb. Məhkəmə iyul ayında ona qarşı təzminat və 9 yaşlı oğlunun atasına verilməsi barədə qərar qəbul edib. G.Hacıbəylinin məhkəmənin qərarından şikayəti təmin edilməyib.
Hacıbəyli Turan-a bildirib ki, bundan öncə Apellyasiya Məhkəməsinə iddiaçı və onun nümayəndəsi gəlməyib. Bu isə iddiadan imtina kimi başa düşülməlidir. Lakin Milli Şura vahid namizəd barədə qərara qəbul etdikdən sonra məhkəmə, qaynanam və keçmiş həyat yoldaşım yenidən fəallaşıb.
“Bu, Milli Şuradakı fəaliyyətimə görə siyasi təzyiqin nəticəsidir. İstəyirlər ki, mənim Milli Şurada fəaliyyətimə mane olsunlar. Amma çox gülünc və perspektivsiz addımdır”, deyə o qeyd edib.

