Muəllif:

Gültəkin Hacıbəyli: Mən daha ağır məhrumiyyətlərə hazıram

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hümbətov keçmiş deputat, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Gültəkin Hacıbəylinin oğlunun ondan alınaraq atası Mahmud Mehdiyevə verilməsi barədə təəccüb və heyrət doğuran qərarına az sonra Gültəkin Hacıbəylinin münasibəti açıqlandı. Turan-ın müxbiri ilə söhbətində sabiq deputat və indi Milli Şura üzvü bildirib ki, hakim hüquqi baxımdan öz qərarını əsaslandıra bilməyib.

Hacıbəyli deyib ki, məhkəmənin qərarına görə, uşaq bazar günü anası, həftənin qalan günləri ilə atası ilə qalacaq. Hacıbəyli qeyd edib ki, məhkəmə qərarı onun 9 yaşlı oğlunun iradəsinə zidd olaraq qəbul edib, ekspertlərin rəylərinə məhəl qoymayıb, qəyyumluqla bağlı komissiyanın rəyini almayıb, müfəsssəl araşdırma aparmayıb.

Bundan əvvəl məhkəmə icraçıları uşağın atası ilə görüşlərini təşkil ediblər. “Psixoloqların rəsmi rəyinə görə, bu görüşlər uşağın psixikasına ciddi təsir göstərib”, — deyə Hacıbəyli vurğulayıb.  Digər tərəfdən, uşağın atasının yaşamağa yeri yoxdur və o 9 il ərzində uşaqla maraqlanmayıb.

Hacıbəyli apellyasiya, sonra kassasiya şikayəti vermək və Avropa İnsan Hüquqları Məhkəməsinə çıxmaq niyyətindədir.  “Onlar məni susdura bilməzlər. Bu, absurd qərardır. Mən daha ağır məhrumiyyətlərə hazıram və öz yolumdan dönməyəcəm”, — o vurğulayıb.

Turan-ın müxbirinin rəyini öyrəndikləri vəkillər qeyd ediblər ki, ananın uşağından məhrum edilməsi və atasına verilməsi məhkəmə praktikasında çox nadir hadisədir. Qanunvericilik buna yalnız müstəsna hallarda yol verir. İndiki halda isə bu qərara əsas olmayıb.

Bir müddət öncə M.Mehdiyev hakimiyyətyönlü KİV-ə müsahibəsində keçmiş həyat yoldaşını onu mənzildən və uşaqla ünsiyyət imkanlarından məhrum etməkdə ittiham edib.

Hacıbəyli 2000-2010-cu illərdə Azərbaycan parlamentinin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olub. 2005-2010-cu ildə Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədr müavini olub…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 249