Gülnarə Kərimovanın Cenevrədəki villasından muzey rəsmləri tapılıb
Hüquq müdafiəçiləri tərəfindən zəbt edilən Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya məxsus villada özbək mədəniyyətinin inciləri sayılan rəsm əsərləri aşkarlanıb. “Birjevoy lider” internet jurnalına istinadən, bunu hüquq müdafiəçisi Səfər Bekjon bəyan edib. O güman edir ki, tapılan 60-a yaxın rəsm əsəri Özbəkistanın muzey fondlarına məxsusdur. Onların arasında Özbəkistanın xalq rəssamı Çinqiz Axmarovun “Gözəl qız”, “Uyğur gözəli” və “Aynalı qız” əsərləri də yer alır. Bundan başqa, G. Kərimovanın villasında Viktor Ufimtsev, Özbəkistanın xalq rəssamı Ruzi Çoriyev və digər rəssamların əsərləri də aşkarlanıb.
Hüquq müdafiəçisinin dediyinə görə, bir sıra əsərlərdə muzey lövhəcikləri var, lakin Özbəkistandan çıxarılması üçün müvafiq möhür yoxdur. S. Bekjonun yaydığı fotoşəkillərlə sənətşünaslar da tanış olublar. Onlar kolleksiyanı Özbəkistanın tanınmış rəssamlarının ən parlaq əsərləri kimi qiymətləndiriblər. Əsərlər üzərində ekspertizanın aparılıb-aparılmayacağı məlum deyil.
Villanın sahibindən hələ ki, reaksiya gəlməyib.
Özbəkistan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin açıqlamasında isə yalnız 1964-cü ilə qədər yaradılan incəsənət əsərlərinin ölkədən çıxarılmasının qadağan olunduğu bildirilib.
Xatırladaq ki, bu yaxınlarda Cenevrədə yaşayan bir qrup hüquq müdafiəçisi G. Kərimovanın sahibsiz qalan villasını zəbt edib. Aksiyanın təşkilatçısı, 52 yaşlı mühacir Səfər Bekjon ictimaiyyətin diqqətini “xalqın pullarına tikilmiş” binaya cəlb etmək istədiyini bildirib. Eyni zamanda o, G. Kərimovanı yaxınlarına qarşı çirkli pulların yuyulması ittihamı ilə başlanmış iş üzrə Cenevrəyə gələrək, məhkəmə araşdırılmalarında iştirak etməyə çağırıb.
“Fərqanə” agentliyinin məlumatına görə, daşınmaz əmlakın reyestrinə uyğun olaraq 2473 kv.m-lik torpaq sahəsinin və binanın sahibi məhz Gülnarə Kərimovadır. İddialara görə, villa 2009-cu ildə 18,2 milyon dollara alınıb.
Qeyd edək ki, Kərimova əvvəllər Cenevrədə diplomatik xidmətdə olub. Lakin 2013-cü ilin yayında onun diplomatik toxunulmazlığı ləğv olunub. Bu, prezidentin qızının ailə üzvləri ilə münasibətlərinin pisləşməsi zəminində baş verib. Kərimova yaxın qohumları və güc strukturlarına qarşı ciddi ittihamlar irəli sürüb. Nəticədə özü və yaxın ətrafı təzyiqlərlə üzləşib.