Muəllif:

Gülməli suallara ağlamalı cavablar

Media özü öz gündəmini zəbt edib. Sarsıntılar, xoşagəlməz hadisələr, aydın məsələdir ki, başqa sahələrdə də baş verir. Ağır qəzalar və kriminal olaylarla yanaşı, Rusiyada soydaşlarımızın başına açılan oyunlar, İran sərhəddində həmvətənlərimizə verilən əziyyətlər, Avrointeqrasiya prosesində ortaya çıxan yeni çətinliklər barədə xəbərlər səngimir. Amma bütün bu problemlər fonunda KİV-də ən çox işıqlandırılan mövzu yenə də medianın özünün müşkül vəziyyətidir. Biz həmin mövzuya qəzetlərin nəşrinin dayandırılması haqda məqalələrdə və müflisləşmiş KİV-ə dəstək marafonlarından canlı yayımlarda, satışa yaradılan süni əngəllərə etiraz bəyanatlarında və jurnalistlərə qarşı məhkəmə iclaslarından reportajlarda, prezidenti «Mətbuatın dostu» elan edən redaktorlarla bunu siyasi hakimiyyətə yarınmaq kimi qiymətləndirən hüquq müdafiəçilərinin debatlarında və məmur təbəqəsində «Media düşməni»nin ifşasına həsr olunmuş təhlillərdə rast gəlirik.
Mövzunun sonuncu iki aspekti axır günlər daha populyardır.
Medianın öz problemlərinə bu dərəcədə aludə olması ya onun anormallığının göstəricisidir, ya da KİV-lərin fəaliyyət göstərməli olduqları şəraitin anormallığından xəbər verir. Aşağı-yuxarı, hər ikisindən eyni nəticə hasil olur və bunlar bir-biri ilə sıx bağlı məsələlərdir.
Əlbəttə, dostu-düşməni tanımaq yaxşı şeydir. Məni qayğılandıran odur ki, bəzi telekompaniya və qəzetlərin «düşmən» nominasiyasına namizəd kimi irəli sürdüyü şəxs medianın ortaq dostunun vəzifəyə təyin etdiyi və onun tabeliyində olan adamdır.
Kompüterin qabağında oturub ekrana baxa-baxa şirin xəyallara dalmışam. Düşünürəm: nə olaydı, doğrudan da, bir adamı vəzifədən götürməklə media ilə «düşmənçiliyə» son qoyulaydı. Nə olaydı, faktiki, yaşamaq uğrunda çarpışan KİV-lər mövcudiyyətlərini qorumaq üçün gah hakimiyyətdən, gah müxalifətdən yardım diləmək məcburiyyətində qalmayaydılar, sonra da qabaqlarında diligödək olmayaydılar; jurnalistlər ya informasiya, ya reklam üçün yarıməmur-yarıbiznesmen hibridlərin qapılarında boyun bükməyəydilər, işə biyara gedən kimi getməyəydilər, ləyaqətlə, vicdanla, ləzzətlə peşə borclarını yerinə yetirəydilər.
Bir vaxtlar, lap belə olmasa da, buna bənzər hisslər keçirmişik axı.
Xəyal edirəm: nə olaydı, elə bir yerdə işləyəydik ki, orada medianı «karvana hürən itə» bənzətməyəydilər, mətbuat adamına haqqını rüşvət kimi verməyəydilər, jurnalisti tabutda ölüylə müqayisə etməyəydilər. Mediadan məsuliyyət tələb edənlər onun qarşısında ictimai məsuliyyətlərini dərk edəydilər. Şəhər metropoliteninin rəisi də özünü iş yerində masa başında əyləşdirilmiş qonaq kimi aparmayaydı. Jurnalist bizim rəisdən, Tağı Əhmədovdan, soruşur ki, Rəsulzadənin barelyefi stansiyanın foyesindən niyə götürülüb, cavab verir, mənlik deyil, tapşırsalar, sizin şəklinizi də qoyaram. Sərnişinlərin halına yanan bir başqası maraqlanır ki, stansiya niyə hokkey meydançası kimi sürüşkəndir, deyir, xəbərim olmayıb, təmir edəndən soruşun. Bir az da qəliz sual eşidəndə jurnalisti aşağılayır ki, sizə borcum yoxdur, mənə gülməli, yersiz, ağılsız suallar verməyin!
Bəs hansı sual verək ki, həm ağıllı olsun, həm də sizlik, Tağı müəllim?
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 471