Güllə yarası almış DSX zabitinin durumu kafidir
Dövlət Sərhəd Xidməti N saylı hərbi hissəsinin zabiti Asim Əzizovun güllə yarası aldığı ilə bağlı məlumat yayıb. Bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Göytəpə şəhərində DSX zabitinin xəsarət alması ilə nəticələnən hadisə barədə qeyri-dəqiq məlumatlar verilib.
Deyilir ki, 10 oktyabrda N saylı hərbi hissəsinin zabiti Asim Əzizov Cəlilabad rayonunun Göytəpə şəhərində kirayə qaldığı mənzildə qonşuluqda yaşayan Fəxrəddin Sərdarov ilə aralarında məişət zəminində baş vermiş münaqişə nəticəsində onun oğlu Abbas Sərdarov tərəfindən ov tüfəngindən açılan atəşlə sarğı nahiyəsindən yaralanıb. Yaralı dərhal Bakı şəhərinə təxliyə olunub və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Xəstənin vəziyyəti kafidir.
KİV-də zabitin geyim mədəniyyətinə riayət etməməsi barədəki iddialar həqiqətə uyğun deyil.