Muəllif:

Güləyən Brayza

1960-cı ilin ortalarında Hindistanın baş naziri Lal Bahadır Şastrinin SSRİ-yə səfərindən sonra Bakıda «Sovetski»nin tinlərində dağlılar meyxana deyirdilər:
Lal Bahadır Şasteri İfləməlik masteri…
Lal Bahadırın nəyi xoşuna gəlməmişdi bizim meyxana deyənlərin, xatırlamıram: soyadımı (əslində, bu, öz soyadı deyildi, rütbəsiydi), Pakistanla müharibə aparmasımı, yoxsa gəlib qəflətən ölkəmizdə vəfat etməsiylə az qala beynəlxalq qalmaqal yaratmasımı…
Öldürücü dağlı siyasi satirasının daha bir nümunəsi ilə mən 40 ildən sonra tanış oldum. ABŞ-ın Minsk qrupunda təmsilçisi Metyu Brayza növbəti dəfə Yerevanda dediyini Bakıda dandıqdan və adəti üzrə gülə-gülə bütün günahları «kar jurnalistlərin» boynuna atdıqdan sonra keçmiş «Sovetski» (küçənin adı dəyişdirilib, amma ruhu yaşayır) yenə dilə gəldi:
Gülə-gülə, Birayza, V Yerevan ubirayza…
Metyu Brayzanın Qarabağ probleminin həlli yolları barədə «həm bizimkilərə, həm sizinkilərə» prinsipi ilə Ermənistanda bir cür, Azərbaycanda başqa cür çıxış etməsi Bakı meyxanaçıları kimi, Amerikanın erməni lobbisini də bezdirmişdi. Ardınca diplomatın Azərbaycana səfir təyin olunması məsələsi ABŞ Konqresində müzakirəyə çıxarıldı və fürsətdən istifadə edən ermənilər Brayzanın yolunu kəsmək üçün əllərindən gələni əsirgəmədilər. O vaxtlar Yerevan Mətbuat Klubunun prezidenti mənim fikrimi soruşanda demişdim ki, hələ bilmək olmaz, sizin lobbi bu canfəşanlığı ilə Ermənistana daha çox xidmət göstərir, yoxsa Azərbaycana?
Erməni lobbisi Brayzadan tədbirli çıxdı. O, Azərbaycanda səfir postunu itirdi, diplomatiyadan getdi və tezliklə Bakıda unuduldu. Amma ötən həftə yenidən yerli medianın gündəminə qayıtdı. Azərbaycan qəzetləri və saytları eşələyib Brayzanın CNN-ə təptəzə məktubunu üzə çıxardılar. Dəst-xəttini tanımasaydım, informasiyanın səhihliyinə şübhə edərdim. Amma yox, həmin Brayza idi: yenə nala-mıxa vururdu. Bir tərəfdən, Azərbaycandakı inhisarçılıqdan, korrupsiyadan, yarıtmaz təhsil sistemindən, seçki saxtakarlığından söz açır, «balıq başdan iylənər» misalını çəkirdi, digər tərəfdən, ölkənin başgicəlləndirici uğurlarından yazır, prezidentin əhali arasında «Qərb siyasi liderləri üçün təsəvvüredilməz dərəcədə yüksək reytinq» (83-86 faiz) qazandığını təsdiq edirdi.
Məktubda CNN-çilərin üzərində baş sındırmalı olduqları müəmmalar çoxdur: əgər prezidentin real reytinqi 83-86 faizdirsə, o isə seçkilərdə rəsmən 84,5 faiz səs toplayıbsa, onda saxtakarlıq nədədir? Yaxud yanlış idarəçilik üzündən ölkədə ciddi «mütəxəssis qıtlığı» yaranıbsa, o zaman «başgicəlləndirici modernləşməni» kim həyata keçirir? Və ümumiyyətlə, Brayza bu məktubu ilə amerikalı jurnalistlərə nə demək istəyir?
Azərbaycan jurnalistləri uzun illərin təcrübəsindən sonra Brayzanın dilini başa düşməyin yolunu tapıblar: bunun üçün onun bütün dolaşıq fikirlərini qulaqardına vurmaq, ya mətndən kəsib atmaq gərəkdir. Belədə məktubda birinci cümlə ilə sonuncudan başqa bir şey qalmır:»Qərbin müttəfiqi beynəlxalq standartlara uyğun olmayan prezident seçkiləri keçirəndə biz onu siyahıdan silməliyik?.. Birləşmiş Ştatlar və onun avropalı müttəfiqləri Azərbaycanı siyahıdan silməli deyil, əvəzində bütün maraq spektri boyu, o cümlədən, bölüşdükləri dəyərlərlə bağlı bu kiçik, ancaq mühüm ölkə ilə əməkdaşlıq etməlidir».
Adam az qalır kövrəlsin: Brayza bizim gələcəyimizi düşünür. Dili topuq vursa da, keçmiş səfirin niyyətinin saflığına şübhə yeri saxlamamaq naminə sonuncu suala cavab tapmalıyıq: bəs xeyirxahımız özü Azərbaycanla əməkdaşlığın hansı formasını «bu kiçik, ancaq mühüm ölkə» üçün daha əhəmiyyətli sayır?
Metyu Brayza 2012-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki ortağı «Turcas»ın (SOCAR & Turcas Energy) direktorlar şurasının üzvüdür. Və o, Azərbaycanla əməkdaşlığın davamı olaraq zəngin «maraq spektrinin» məhz bu «boyu»nu seçən birinci ABŞ səfiri deyil.
Ah, bu kiçik, mühüm ölkə…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 220