Güləşi Olimpiya Oyunlarından çıxarmaq tövsiyə edilir
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarmağı tövsiyə edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BOK-un rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Belə bir qərar bu gün Lozannada keçirlən iclasda qəbul edilib. İclasda BOK İcraiyyə Komitəsinin üzvləri məruzəni nəzərdən keçiriblər. Məruzədə hazırda Yay Olimpiya Oyunlarının proqramında olan 26 idman növünün hər birinə 30-dan çox meyar əsasında qiymət verilir.
Bununla belə, güləşin bütün növləri — yunan-Roma, sərbəst və qadın güləşinin çıxarılmasının tövsiyə edildiyi dəqiq deyil.
Olimpiadanın proqramına dair yekun qərar BOK-un sentyabrda Buenos-Ayresdə 125-ci sessiyasında qəbul ediləcək.