Güləş yığmaları İspaniyada 12 medala sahib olub
Madriddə sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında beynəlxalq turnir bizim yığmalar üçün uğurlu sayıla bilər. İspaniya Qran Pri yarışlarında Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığmaları ümumilikdə 7 qızıl və 5 gümüş medal qazanıblar.
Apasport.az saytının məlumatına görə, Yunan-Roma güləşi yarışlarında komandamız 4 qızıl və 2 gümüş medal qazanıb. Rövşən Bayramov (55 kq), Orxan Əhmədov (60 kq), Həsən Əliyev (66 kq) və Saman Təhmasibi (84 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Elçin Əliyev (55 kq) və Vitali Rəhimov (66 kq) finalda öz həmyerlilərinə uduzaraq gümüş medala sahib olub.
Sərbəst güləş yarışlarında güləşçilərimiz 3 qızıl və 3 gümüş medal qazanıb. Ruslan Dibirhacıyev (66 kq), Xetaq Qazyumov (96 kq) və Aslan Dzebişov (120 kq) bütün rəqiblərindən üstün olaraq çempion olub. Əşrəf Əliyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq) və Şərif Şərifov (96 kq) gümüş medalla kifayətlənib.
Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz komanda hesabında ikinci pillədə qərarlaşıb.