Gülər Əhmədovanın da «səhhəti pisləşdi»
Bakı İstintaq Təcridxanasında saxlanan Gülər Əhmədovanın səhhətinin pisləşdiyi xəbəri yayıldı. Həkimlər ona ağ ciyərin genişlənməsi diaqnozu qoyublar. Bu xəbəri onun vəkili Eldar Qədimi təsdiqləyir. Vəkil həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşdükdən sonra bu barədə APA-ya özü məlumat verib. Qədimi bildirib ki, Əhmədovanın «səhhətində problemlər var»:
“Bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova ilə görüşdüm. Onun səhhətində problemlər var. Həkimlər müayinədən sonra Gülər Əhmədovaya ağ ciyərin genişlənməsi diaqnozu qoyublar. Eyni zamanda onun qanında şəkərin miqdarı qalxıb və ürəyi ağrıyır”.
Qədimi ortada olan ifşaedici videomateriallara rəğmən sabiq deputatın ona elan olunan ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyir. Bəlli olduğu kimi, Gülər Əhmədova CM 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Yaxın keçmişimizin bir silsilə «adlı-sanlı» cinayətkarlarının həbsxanalarda səhhətlərinin «kritik» olduğu barədə hüquq müdafiəçiləri mətbuat səhifələrini doldurur, bu yolla ictimai rəyi dəyişdirir, hakimiyyətə «effektiv» təsir alətindən
məharətlə faydalanırdılar. Bu məhkumlar azadlığa buraxılandan sonra isə, maşallah, sapasağlam olaraq ictimai-siyasi fəaliyyətlərini ölkə içində və xaricində necə lazımdır davam etdirirlər… Tanış vəziyyətdir, deyilmi?