Muəllif:

«Gülər Əhmədova işi»: 3 ton qəzet materialı…

Dələduzluqda ittiham olunan keşmiş deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində səs-küylü proses davam edir. Hakim Əlisultan Osmanovun sədrliyi ilə kedən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edib. O, Zülfiyyə Bayramova, Tənzilə İbrahimova, Zülfiyyə Quliyeva və Hatəm Əsgərovun əlavə şahid qismində məhkəməyə çağırılmasını xahiş edib. Yerində müşavirə edən hakimlər vəsatəti məhkəmənin hazırkı mərhələsində baxılmamış saxlayıblar.
Sonra məhkəmə istintaqı başlanıb və dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib. Daha sonra ifadə verən Gülər Əhmədova özünü təqsirli bilməyib. O sərbəst ifadəsində bildirib ki, cinayət işinin materialları ilə bağlı KİV-lərdə onun barəsində fantastik məlumatlar gedir: “Mənim mətbuatla işim yoxdur. Bu, onların öz vicdanlarına qalıb. Onları vicdanlarının və Allahın öhdəsinə buraxıram. Ötən prosesdə prokuror dedi ki, KİV-lər azaddır, biz KİV-lərdə gedən məlumatlara reaksiya verə bilmərik. Amma mənim barəmdə başlanan cinayət işində 3 ton qəzet materialı var. Həmin materiallar jurnalist fantaziyaları əsasında yazılıb. KİV-lərdə məni Ben Laden səvviyyəsinə gətiriblər. KİV-lərdə gedən məlumatlar cinayət işimdə sübut kimi qəbul edilib. Amma bir nəfər də olsun jurnalist istintaqa çağırılıb dindirilməyib ki, bu topladığınız materiallar həqiqəti əks etdirirmi?.
Gülər Əhmədova daha sonra bildirib ki, heç bir əsas olmadan, qurama ittihamlarla bir ana həbs edilib: “Mətbuat da bu həbsdən istifadə edib şişirdilmiş məlumatlar yayırlar. Bir oğlum əsgərlikdədir. Digəri qürbətdə. Mən heç kimlə məhkəmə çəkişməsi aparmaq istəmirəm. Bu gün bir il bir ay 1 gündür ki, bəlanın içindəyəm. Hər gün 7-8 dərman qəbul edirəm. Bu dərmanları qəbul edəndən sonra məni yuxu basır. Məhkəmədə iştirak etmək üçün dünəndən dərman içməmişəm. Səsimin tonu qalxsa, bunu hörmətsizlik kimi qəbul etməyin. Əgər səsimi tonu qalxsa, əvvəlcədən üzr istəyirəm. Bu mənim psixi vəziyyətimlə bağlıdır!”.
Gülər Əhmədova ifadə verərək qeyd edib ki, istintaqa verdiyi ifadəsini təsdiqləyib: Elşad Abdullayevin yaydığı videolardan sonra deputat mandatından imtina üçün özüm MSK-ya ərizə yazdım. Mənim ərizəmdən sonra deputat mandatım ləğv olundu. Elşad Abdullayevə xəbər göndərdim ki, üzləşmək üçün Bakıya gəlsin. Amma gəlmədi. Mən demokratiya və dövlətin nüfuzu üçün mandatımdan imtina etdim. Təəssüflər olsun ki, mənim bu addımımı demokratiyanın xidmət kimi qəbul etmədilər. Almaniyada, Yaponiyada rüşvətlə bağlı məmur istefa verir, həmin məmuru alqışlayırlar ki, rüşvətə görə istefa verdi. Amma bizdə bunun əksi oldu”.
Sabiq millət vəkili Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev və Türkiyədə dünyasını dəyişmiş tanışı, adı cinayət işində hallanan Sevinc Babayeva ilə tanışlığından danışıb. Elşad Abdullayevlə bağlı Gülər Əhmədova bildirib ki, onunla nə vaxt tanış olduğunu dəqiq xatırlamır: “Elşad Abdullayevlə dövlət tədbirlərində iştirak etmişəm. O, həmin tədbirlərdə rektor kimi ön cərgələrdə əyləşib. Elşad Abdullayevlə hər hansı bir məsələ ilə bağlı isti münasibətlərimiz olmayıb”.
Sevinc Babayevanı 9 il əvvəl hakim Yeni Azərbaycan Partiyasının qurultayında tanış olduğunu deyən Əhmədova həmin vaxt Babayevanın yanında əyləşdiyini və onunla hər hansı münasibətinin olmadığını deyib: “Sevinc Babayeva hər yerdə məni öz adamı kimi təqdim edib, rəfiqəsi kimi tanıdıb. Mən də buna normal baxmışam. Çünki 16 il ictimai fəaliyyətim olub. Çoxları mənim adımdan istifadə edib. Əgər Sevinc Babayevanın adamı olsaydım, onun atasının yasında iştirak edərdim. Mən ikinci dəfə deputat seçiləndə Sevinc Babayeva mənim seçkidə nə vəkilim, nə də köməkçim olub. İkinci dəfə Xətai rayonundan deputat seçilən zaman iştirak etdiyim iclasda Sevinc Babyeva da iştirak edib. İclasdan sonra Sevinc Babyevanın burada nə etdiyini soruşdum. Dedilər ki, Sevinc Babayeva rayonda fəaliyyət göstərən Sabir adına kitabxananın müdiridir. Ondan sonra bilmişəm ki, Sevinc Babayeva həmin kitabxananın müdiridir. Həmin vaxt Sevinc Babayeva mənə seçkilərdə köməklik edib”.
Əhmədova bildirib ki, Elşad Abdullayevlə bağlı ona çoxsaylı şikayətlər daxil olub. O, qeyd edib ki, 2005-ci il parlament seçkiləri vaxtı şikayətçi vətəndaşları qəbul edib: “Onların çoxu Elşad Abdullayevdən şikayətçi idi. Şikayətçilər Elşad Abdullayevdən dörd illik təhsil haqlarını, diplomlarını tələb edirdilər. Şikayətçilər arasında müəllimlər də var idi. Bəzi halda şikayətçilər bildirirdi ki, Elşad Abdullayevin vasitəsi ilə ABU-ya tələbələr qəbul etdiriblər. Lakin işləri alınmayıb”.
Əhmədovanın sözlərinə görə, Elşad Abdullayevin bu əməlinə görə həbsdə yatanlar da var: “Bunlar arasında Marina, Bənövşə Hacıyeva və digər çoxsaylı adamların adlarını çəkə bilərəm. Universitetə tələbə qəbul etdirib, lakin sonradan pullarını geri ala bilmədiklərinə görə borca düşənlər də var. Bununla bağlı araşdırma aparmışam və intihar edənlər də olub. Mən həmin intihar edənlərin kimliyini araşdırıram və adlarını açıqlayacağam. Bu işə görə 17 min borca düşüb özünü asan olub. Mən bunları elə-belə demirəm. Bununla bağlı mənə şikayətlər daxil olub. Bu şikayətlərdən sonra Elşad Abdullayev haqqında məlumatlar toplamağa başladım. Həmin vaxt mənə dedilər ki, Elşad Abdullayevə baş qoşma, onun qardaşları yüksək postlarda işləyirlər. Elşad Abdullayevdən şikayətçi olanlar arasında Sevinc Babayeva da olub. O da məndən xahiş edib ki, Elşad Abdullayevdə olan borclarını almağa kömək edim. Sevinc Babayeva seçkidə şəxsi vəkilim olmasa da, mənə köməklik göstərib. Bunun əvəzində ona pullarının geri qaytarılmasını Elşad Abdullayevdən xahiş edəcəyimə söz verdim. Bundan sonra Sevinc Babayevanın vasitəsilə Elşad Abdullayevin yanına getdim. Bu da onun vətəndaşlara olan borclarını geri qaytarması ilə bağlı olub. Bildirmək istəyirəm ki, Elşad Abdullayevin vətəndaşlara olan ümumi borcu yüz min manatlarla olub. İndi Elşad Abdullayev montaj olunmuş videolarla mənə böhtan atır”.
Əhmədova vəzifə səlahiyyətləri ilə bağlı ittihamları da əsassız hesab edib: “Elşad Abdullayev də, onun vəkili Adil İsmayılıov da yalançıdır. Adil ismayılov deyir ki, Gülər Əhmədova ilə bağlı əllərinə 5 saatlıq video var. Həmin videonun guya saat yarımını yayıblar. Həmin saat yarımlıq videonun yarım saatı mənə aid olub. Həmin hissədə də Sevinc Babayeva danışıb. Mən Sevinc Babayevanın vəfat etməsinə təəssüf hissi keçirirəm. Çünki Sevinc Babayeva sağ qalsaydı, burada çox şey danıaşrdı. Elşad Abdullayev bu çəkilişləri gizli aparıb. Konstitusiyanın 32-ci maddəsinin tələbi ilə gizli çəkilişlər qadağan olunub. Üzümü şəklimi çəkən jurnalistlətə tutub bildirmək istəyirəm ki, şəklimi çəkməyin, çünki mən icazə verməmişəm”.
Əhmədova daha sonra bildiirb ki, ağır cinayəti bilib gizlətməyə görə ittiham da əsassızdır: “2009-cu ildə Sevinc Babayevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb. Onun əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinə 2 dəfə xitam verilib. Lakin 3 dəfə deputat seçildiyim halda əvvəlcə məni polis nəzarətində saxladılar, sonra barəmdə həbs qəti imkan tədbiri seçildi. İşimdə də zərərçəkmiş və şahidlər olmayab. Lakin Sevinc Babyevanın işində zərərçəkmiş və şahidlər olduğu halda ölkədən çıxmasına məhdudiyyətlər qoyulmayıb, o da rahatca ölkədən şıxıb. O, ölkədən gedəndən 10 gün sonra cinayət işi təzələnib. Həmin vaxt Sevinc Babayevanı kim cinayətkar hesab etmişdir ki, guya ağır cinayəti bilib gizlətməyə görə mənə ittiham verilib?”.
Daha sonra prosesdə günorta fasiləsi olub. Günün ikinci yarısında ifadə verən Əhmədova bildirib ki, Sevinc Babyevanın oğlu Ayxan Məmmədov istintaqa ifadəsində anasının Səlcuq Ağlayan adlı Türkiyə vətəndaşı ilə tanış olduğunu bildirib: “Səlcuq Sevinc Babayevanı bacı deyə çağırıb. Bu sözləri Türkiyədə ifadə verən Səlcuq Ağlayan da təkrar edib. Səlcuq Ağlayan Sevinc Babayeva ilə Bakıda tanış olduğunu deyib. Lakin Səlcuq Ağlayanın ifadəsi istintaq zamanı nəzərə alınmayıb. Ölmüş adamın adından danışan şəxsləri istintaqda şahid qismində dindiriblər. Səlcuq Ağlayan kimilərin ifadələrini qəbul etməyəndə Elşad Abdullayevə də fürsət vermiş olurlar. Belə olan halda Elşad Abdullayev Türkiyə kimi bir dövlətin istintaqını şübhə altına alır və Sevinc Babayevanın öldürülməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır. Ayxan Məmmədov mətbuata açıqlamasında bildirib ki, anasını Türkiyədə zorla saxlayıblar və öldürüblər. O belə yalan ifadələr yayıb. Orada Sevinc Babayeva zorla saxlanılmayıb. Sevinc Babayeva Türkiyədə gəzib, istədiyi mağazada olub, əşyalar alıb. Sevinc Babayevanın Türkiyədə gəzməsi, istirahət etməsi ilə bağlı şahidlər var. Lakin həmin şahidlər dindirilməyib”.
Əhmədova daha sonra Ayxan Məmmədovu ittiham edib: “Ayxan Məmmədov anasını gətirən oğul deyildi. Ona anası yox, pul lazımdır. Ayxan Məmmədov mətbuata açıqlamasında Elşad Abdullayevin yaydığı videolara haqq qazandırıb. Bilmək istəyirəm ki, bu gənci kimlər yalan danışmağa məcbur edir? İstintaq orqanı Ayxan Məmmədovun AzdlıqRadiosu və digər KİV-lərə verdiyi məlumatların yalan olduğunu bilib. Vəkilim Əfsər Talıbov Ayxan Məmmədovun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müstəntiqə vəsatət verib. Vəsatət müstəntiq tərəfindən təmin edilib. Amma vəsatətin təmin edilməsi ilə bağlı qərar icra olunmaylb. Səbəb də göstərilib ki, istintaq başa çatanda icra olunacaq. Amma istintaq başa çatanda bizə məlum oldu ki, Ayxan Məmmədovla bağlı qərar icra olunmayıb. Ayxan Məmmdov məni anasının qətlində ittiham edib. Sonradan məlum olub ki, Sevinc Babayeva öz əcəli ilə ölüb. Ayxan Məmmədovu yalan danışmağa nə məcbur edir? Onun dövlətimizin nüfuzuna ziyan vuran müsahibələri cavabsız qalıb. Elşad Abdullayev də, Ayxan Məmmədov da KİV-lərdəki yalan məlumatlarını sübut etməlidirlər. Mən bu gün Ayxan Məmmədovun dediklərini sübut etməsini tələb edirəm. Ayxan Məmmədov cavan oğlandır. Onun həbs olunmasını istəmirəm. Amma onun mənə atdığı şər-böhtana görə, xalq qarşısında üzr istəməsini tələb edirəm”.
Sevinc Babayeva haqqında danışan Gülər Əhmədova bildirib ki o, Elşad Abdullayevi ifşa edəcək şəxs olub: “Sevinc Babayeva Türkiyəyə getməzdən əvvəl məndən halallıq istəyib. O, Elşad Abdullayevin prokurorluqda işləyən qardaşı Elsevər Abdullayevdən qorxub. Elsevər Abdullayev tərəfindən şərlənərək həbs ediləcəyindən qorxu hissi keçirdiyi üçün ürək xəstəliyinə düşüb. Elsevər Abdullayev haqqında qərardad çox gec çıxarılıb. Çünki onun haqqında vaxtında qərardad çıxarılsaydı, Sevinc Babayeva ölməzdi. Bir çox insanlar intihar etməzdi. Bu gün Sevinc Babayeva dünyasını dəyişib. Ona görə onun haqqında çox yalan danışmaq olar. Amma mən Sevinc Babyeva haqqında heç bir yalan söz danışmıram. Sevunc Babayevaya çox hörmətim keçib. O, hörmətlərimin əvəzi olaraq Sevinc Babayeva Əvəz Zeynallının məhkəməsində mənə görə özünü “şəhid” edirdi. Sevinc Babayeva mənim xoş fikirlərimdən istifadə edib.
G.Əhmıdova daha sonra bildirib ki, həbsdə olduğu müddətdə səhhəti pisləşdiyi üçün 3 saylı Sabunçu xəstəxanasına aparılıb: “Xəstəxanada məni tanıyan insanlar yaxınlaşıb “Allah Elşad Abdullayevin evini yıxsın”, “Gülər Əhmədova Allah qapını açsın” kimi ifadələr işlədir və mənim alnımdan öpürdülər. Mənim günahsız olduğumla bağlı prezidentə də müraciət edilib. Buna görə seçicilərimə, Qarabağ əlillərinə öz təşəkkürümü bildirirəm”.
Əhmədova ifadəsinin sonunda Elşad Abdullayevə müraciət edib: «Elşad Abdullayev məndə gizli video yoxdur. Çünki mən cinayət törətməmişəm. Bü gün də səni gözləyirəm, gəl, üzləşək, üzbəüz oturaq, söhbət edək. Əlini Qurana bas ki, mənə pul vermisən. Mənə qarşı sürülən ittihamlar əsassızdır və barəmdə bəraət hökmü verilməsini məhkəmədən xahiş edirəm”.
Daha sonra Əhmədovaya suallar verilməsi üçün dövlət ittihamçısıma söz verilib. Lakin Əhmədovanın vəkili bildirib ki, müdafiə etdiyi şəxs özünü yaxşı hiss etmir. O, sualların başqa günə saxlanılmasını istəyib. Əhmədovanın özü də səhhətindən problemlər yarandığını, növbəti prosesdə sualları cavablandıracağını bildirib. Növbəti məhkəmə prosesi oktyabrın 31-ə təyin edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 512