Gülər Əhmədova həkim nəzarətindədir və apellyasiya şikayəti verəcək
Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.
Talıbov Əhmədovanın həkim nəzarətində olduğunu bildirib: “Səhhəti yaxşı deyil. Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır”.
Talıbov Əhmədova barəsində olan hökmdən yaxın günlərdə apellyasiya şikayəti verəcəklərini də bildirib: “Hökm hələ bizə təqdim edilməyib. Təqdim edən kimi apellyasiya şikayəti verəcəyik”,
deyə APAnın xəbərində deyilir.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Əhmədova CM 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.