Gülər Əhmədova 2 aylığa həbs edildi
Hüquq-mühafizə orqanlarının nəsə bir xeyli — 5 ay yarımlıq müddət ərzində anlaşılmaz tərəddüd sərgiləməsindən sonra sabiq deputat Gülər Əhmədova həbsə alınıb. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin yaydığı videomateriallar əsasında faktla bağlı i Gülər Əhmədova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, bu barədə Səbail rayon Məhkəməsi qərar çıxarıb. Ötən il sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb. Bu audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə CM 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Göründüyü kimi, dövləti cinayətdən söhbət getmir.
Dünən Baş Prokurorluq Gülər Əhmədovanın həbsi ilə əlaqədar rəsmi məlumat yaydı. Bildirildi ki, Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda CM 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq etmişdir.
Bundan başqa o, S.Babayevanın 2007-ci ilin may ayında vətəndaş Namiq Əliyev və başqalarının etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgə əmlaklarını ələ keçirdiyinə görə barəsində 19 yanvar 2009-cu il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqın aparıldığını, həmin iş üzrə S.Babayevanın qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın qəbul olunduğunu bilərək, şəxsi münasibətlərinə görə 26 sentyabr 2012-ci il tarixdə onu Bakı Hava Limanından İstanbula yola salmışdır. Qabaqcadan aralarında olan razılaşmaya əsasən tanışı — Türkiyə vətəndaşı Selcuk Ağlayan onun xahişinə əsasən S.Babayevanı qarşılayaraq İstanbulda Meryem Solmaz adı ilə 26 dekabr 2012-ci il tarixə kimi qeyri-leqal yaşamasını təşkil edib, həmin müddətdə onun Türkiyədə yaşamasını maliyyələşdirməklə S.Babayevanın tutulmasına aktiv mane olub qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmişdir.
G.Əhmədova CM 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.