Güclü Azərbaycan dövləti öz işğal edilmiş torpaqlarını qaytaracaq
Özgə dövlətin ərazisini işğal etmək və bununla belə, sülhsevər ölkənin rəhbəri kimi görünməyə çalışmaq ən azından beynəlxalq hüquq və ictimaiyyətə qarşı qeyri-ciddi münasibət və həyasızlıqdır.
Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarqsyanın belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra birgə brifinq zamanı təxribat xarakterli ifadələrini şərh edərkən deyib.
Abdullayev qeyd edib: «Tarixən azərbaycanlılara məxsus olan işğal edilmiş torpaqlardan əvvəlcə yerli əhalini qovmaq və sonra bu ərazilərin beynəlxalq aləm tərəfindən tanınması barədə danışmaq işğalçı siyasəti ucuz populizm yolu ilə ört-basdır etməkdir».
Abdullayev qeyd edib ki, Ermənistan tərəfindən işğal edilmiş torpaqlar qədim Azərbaycan ərazisidir və özündə çoxəsrlik mədəni və tarixi izləri daşıyır.
Abdullayev bildirib: «Güclü Azərbaycan dövləti öz işğal edilmiş torpaqlarını tarixən bu ərazilərin sahibi olan Azərbaycan xalqına qaytaracaq».