Muəllif:

Gözü yaşlı Ağ Mirvari

Bişkek

Akbernet qırğızca ağ mirvari deməkdir. Ağlayır. Həmkarlarının baxışlarından çəkinmədən gözlərinin yaşını axıdır…
Bişkekdə treninq aparıram. Ölkənin cənubunda qanlı etnik toqquşmalardan sonra qırğız, özbək, rusdilli media işçilərinə milli münaqişələrin həllində jurnalistlərin rolu barədə təlim keçirəm. İkinci gündür ki, dostlar demiş, buraları «abıra salmağa» çalışıram. Özümüz abırlandıq, qaldı bunlar.
Növbəti sessiyanın mövzusuna («Etnik münaqişələrdə qadın və uşaq səsləri») uyğun olaraq jurnalistlərə tapşırıq verirəm:
«Siz silahlı toqquşmaların davam etdiyi etnik münaqişə zonasındasınız. Çox mühüm, karyeranız boyu ən uğurlu kadrlarınızı çəkmisiniz. Axır ki, Simurq quşunun quyruğu sizin də əlinizə keçib! Materialı redaksiyaya ötürmək üçün ön, arxa və yan şüşələrinə iri hərflərlə «PRESS» yazılmış CİP-də büroya tələsirsiniz. Yolunuzun üstündə vuruşan tərəflərdən birinin blokpostu var. Amma onlar jurnalistlərə toxunmurlar, yoxlayıb buraxırlar. Bu dəm yarıuçuq evlərin arxasından boş yola üst-başı qan içində bir kişi çıxır. Operator maşını saxlayır. Adam silahlı dəstələrdən birinin kəndə hücum çəkdiyini, hamını qətlə yetirdiyini, özününsə, yaralı olsa da, gizlənməyə macal tapdığını deyir. Yalvarır ki, onu sülhməramlı qüvvələrin nəzarətində olan şəhərə aparasınız, orada yaşayan qohumlarının evinə çatdırasınız. Siz də şəhərə gedirsiniz. Başa düşürsünüz ki, yaralını burada qoysanız, ya tapıb öldürəcəklər, ya da özü canını tapşıracaq. Amma risk böyükdür. Blokpostdan yan keçə bilməyəcəksiniz. Kişinin «düşmən» millətdən olduğunu müəyyənləşdirsələr, sizi də ona qatıb güllələyə, ya girov götürə bilərlər. İçərisində sensasion kadrlar olan balaca diski ovcunuzda bərk-bərk tutmusunuz. Nəyin bahasına olursa-olsun, onu büroya çatdırmalısınız. Redaksiya gözləyir. Qarşınızdakı yaralı da gözləyir, yalvarıcı nəzərlərlə gözünüzün içinə baxır. Vaxt azdır, qərar qəbul etmək lazımdır…»
Treninq iştirakçılarının rəyi bölünür: 9 nəfəri deyir ki, peşə borcunu və ictimai maraqları üstün tutar, materialla risk etməmək üçün kişini yolda qoyub gedər. 6 nəfəri insanlıq borcunu seçir: çox təhlükəli olsa da, yaralını köməksiz qoymayacağını bildirir.
Tapşırığın şərtlərini dəyişirəm:
«Siz etnik münaqişə zonasındasınız… Ən uğurlu kadrlarınızı çəkmisiniz. Materialı redaksiyaya ötürmək üçün büroya tələsirsiniz… Yolunuzun üstündə tərəflərdən birinin blokpostu var… Jurnalistlərə toxunmurlar, yoxlayıb buraxırlar. Bu dəm yarıuçuq evlərin arxasından boş yola qaça-qaça qucağında balaca uşaq tutmuş qadın çıxır. Operator maşını saxlayır. Qadın silahlı dəstələrdən birinin kəndə hücum çəkdiyini, hamını qətlə yetirdiyini, ərinin öldürüldüyünü, özününsə qızı ilə tövləyə girib gizlənməyə macal tapdığını deyir. Yalvarır… Balaca diski ovcunuzda bərk-bərk tutmusunuz… Redaksiya gözləyir… Qarşınızdakı qadın da körpəsini bağrına basıb gözlərinizin içinə baxır. Uşaqlı qadını özünüzlə götürməyiniz böyük riskdir. Onları burada qoymaqsa, ölümə məhkum etmək deməkdir… Qərar qəbul etmək lazımdır…»
Treninq iştirakçılarının rəyi bölünür: 14 nəfəri deyir ki, insanlıq borcunu seçər: nə qədər təhlükəli olsa da, uşaqlı qadını köməksiz qoymaz, özü ilə götürər. Tək bir nəfər, Ağ Mirvari fikrini dəyişmir, peşə borcunu və ictimai maraqları üstün tutur, materialla risk etməmək üçün qadını və qızcığazı yolda qoyub gedəcəyini bildirir.
Təlim iştirakçıları, anlaqsız adam görürlərmiş kimi, maraq və təəccüblə Ağ Mirvariyə, gözəlliyi, qətiyyəti ilə ilk gündən hamının rəğbətini qazanmış bu qıza baxırlar. İki gündür ki, o, gəncliyinə rəğmən, qrupun şəriksiz lideridir, amma bu anda özünü itirir, məndən, «baykele»sindən, yəni «başbilən»indən, dəstək istəyir:
«Baykele, bəs siz belə vəziyyətdə neylərdiniz?»
On beş nəfər gözlərini mənə zilləyib. Əgər birbaşa cavab verməsəm, məsələn, desəm ki, belə şaraitdə heç kimi seçiminə görə ittiham etmək olmaz, öz vətənində qanlı toqquşmalar da, kütləvi etnik qətllər də görmüş tələbələrimin önündə avtoritetimi itirə bilərəm. Seçimimi edirəm:
«Mən diski operatora ötürüb deyərdim ki, büroya çatdırsın, sonra isə sülhməramlı qüvvələrə bizim yerimizi xəbər versin. Bəlkə, köməyə çatdılar. Özümsə həmin qadını və körpəni qorumaq üçün onlarla qalardım».
Sükut! Əvvəl treninqin ən yaşlı qırğız iştirakçısı, sonra qalanlar əl çalır.
Ağlıma gələn ikinci fikir bu triumfdan ala biləcəyim ləzzəti zəhərləyir. Görəsən… doğrudanmı… belə vəziyyətdə məhz dediyim kimi edərdim?..
Demişəmsə, yəqin ki, edərdim.
Alqışlar davam edir. Ağ Mirvarininsə gözündən bıldır-bıldır yaş axır.
Nə yaxşı ki, hələ bu peşəyə ağlayan var.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 268