Göyçayda 450 sahibsiz it öldürülüb
Göyçayda sahibsiz küçə itləri əhali üçün ciddi problemə çevrildiyindən radikal tədbirlər görmək lazım gəlmişdir. Gecələr şəhərin küçə və meydanlarında cövlan edən sahibsiz vəhşi itlər sakinlərin üzərinə hücum edirdi. Bu vaxtlar evdən bayıra çıxmaq böyük risk tələb edirdi. Şəhər sakinlərinin sözlərinə görə, mərkəz və ətraf küçələrdə, yeməkxanaların, mağazaların, məktəb və uşaq bağçalarının ətrafında, zibil qutularının yanında, mərkəzi bazar ərazisində və Göyçay çayının sahilində gəzib dolaşan sahibsiz itlərlə bağlı rayon Kommunal təsərrüfat idarəsinə çoxsaylı müraciətlər ediblər.
İdarənin ovçuları rayon Polis Şöbəsinin icazəsi ilə gecə saat 12-dən 8-dək küçə itlərinin sürü ilə hərəkət etdiyi yerlərdə olmuş, onları bir-bir gəbərtmişlər. Bu ilin əvvəlindən indiyədək 450 baş sahibsiz küçə iti öldürülüb. Öldürülən itlər dərhal götürülür, dərmanlanaraq şəhərdən aralıda dağlıq ərazidə torpağa basdırılır.

