«Göstərir Bakı!»
Azərbaycanda ilk televiziya 57 il öncə fevralın 14-də fəaliyyətə başlayıb. 1956-cı ilin məhz bu günü ilk verilişdə ekranda Nəcibə Məlikova görünür və çıxışına «Göstərir Bakı!» kəlməsi ilə başlayır. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi nümayiş etdirilir. Və o zamandan bəri vaxt keçdikcə televiziyamız inkişaf etdi. İndi tək Bakımızda deyil, artıq regionlarımızda da televiziya kanalları fəaliyyət göstərir.
50 ildən çox Azərbaycan televiziya və radiosunda çalışan əməkdar jurnalist İlyas Adıgözəlli Azərbaycan televiziyasını milli radiomuzun varisi adlandırır:
“Çünki, 1926-ci ilin 6 noyabrında Azərbaycan radiosunda “Danışır bakı” səsləri yayıldı. Azərbaycan milli televiziyasının yaranma tarixi isə, 14 fevral 1956-ci ildən hesablanır. Televiziya yarandıqdan sonra uğurlu addımlar atmağa başladı. Qabaqcıl dünya ölkələri təbii ki, bizdən illər öncə yayıma başlamışdılar. Qafqazda ilk televiziya Azərbaycanda yaranıb. Azərbaycan televiziya və radiosunun ən şərəfli addımlarından biri dilimizin saflığı yolunda gördüyü işlərdi. Çünki o dövrlərdə Bakıdan başqa digər bölgələrimizə yeganə çıxış yolu radio idi. Daha sonra televiziya oldu. Televiziyamız ilk illərdə ancaq Bakı ətrafında yayımlanırdı. Amma radiomuz bütün Qafqazda eşidilirdi. Hətta ermənilər paxılıq edirdilər ki, nəyə görə Yerevan erməniləri hər bazar günü saat 2-də Bakı radiosunu dinləyirlər. Onların da çox sevdiyi muğam saatı məhz o saat yayımlanırdı. İkinci müstəqilliyimizdən sonra televiziyamız çox böyük sürətlə inkişaf etməyə başladı. Bu gün tək Bakımızda deyil, bölgələrimizdə də televiziya kanalları fəaliyyət göstərir. Bölgələrimizdə yerləşdirilən kanallar regionlarımızda yaşayan əhalinin daha tez informasiya əldə etməsinə yardımçı olur. İnanıram ki, televiziyamız bundan sonra daha böyük addımlar atacaq. İndi televiziyanı internet kanallar vasitəsilə də izləmək mümkündür. Bəzən deyirlər ki, internet yayıldıqca kitab oxumaq, televiziyaya baxmaq dəbdən düşəcək. Amma mən belə fikirləşirəm ki, bütün hallarda televiziya da, kitab da öz yerini hər zaman saxlayacaq. Çünki hər birinin öz özəlliyi və gözəlliyi var”.
Əməkdar jurnalist Fəridə Aslanbəyova isə televiziya yaranan günlərdə işə qəbul olunub və ömrünün 50 ilini televiziya və radioya həsr edib: “Mən 1956-cı ilin yanvar ayında işə qəbul olundum. Bu zaman hələ televiziya yaranırdı. Televiziyada fəaliyyətimin 50 ili tamam olanda isə ərizə yazıb istirahətə çıxmışam. Həm radioda, həm də televiziyada çalışmışam. Televiziyada ilk qadın baş redaktoru mən olmuşam. Mən işə qəbul olan zaman redaksiyada bir qadın var idi. İkinci mən oldum. Müxbirlikdən baş redaktora qədər yüksəlmişdim. İndi iş yoldaşlarımızla görüşmək üçün arada televiziyaya gedirəm. Xəbərlər redaksiyasında hər müxbirin bir kompüteri var. O vaxtı biz xəbər hazırlamaq üçün ancaq obyektlərə gedirdik. Diktofonlar işə düşdükdən sonra canlı səsləri yazıb gətirirdik. Amma indi televiziyalarda bir çox işi kompüter vasitəsilə görmək mümkündür. Verilişlər ilk əvvəl 15 dəqiqə olurdu. Sonradan yavaş-yavaş verilişlərin müddəti artırıldı. Televiziyaya ixtisaslı işçilər qəbul olundu. İndi evdə oturmuşam. Çox mehriban kollektivimiz var idi. Daha sonra mən radioya keçdim. Qızıl Qələm mükafatı laureatıyam, prezident təqaüdü alıram. İndi hazırlanan verilişlərə baxanda ürəyim fərəhlənir ki, nə qədər inkişaf var”.
Qeyd edək ki, Bakı televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb və telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər «Bakı studiyası»nın ara-sıra sınaq verilişləri yayımlanıb. «Bakı studiyası» əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. 70-ci illərdən etibarən «Azərbaycan Televiziyası»nın gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. 1956-cı ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Gültəkin Cabbarlı, Nizami Məmmədov var idi. Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana gəldi.
İlk illərdə «Azərbaycan bəstəkarlarının portretləri», «Ədəbiyyat və incəsənət», «Azərbaycan ədəbiyyatının klassikləri», «Görkəmli səhnə ustaları», «Bakının teatr və konsert salonlarında», «Lenin mükafatı laureatları», «Məktəb və həyat», «Xalq drujinaçısı», «Bizim qonaqlarımız», «Festival qarşısında» və s. bu kimi verilişlər efirə çıxırdı.