Görədildən Mehdiabada səyahət
Hadisələrin belə qızğın çağında — seçkilər yaxınlaşır, müxalifət Tiflisdə, MSK Bakıda yığışır; jurnalistlər prezidentin verdiyi evlər uğrunda dalaşırlar, hökumətimizin göyə uçurduğu peykdən də, deyəsən, təzə xəbər var — sizi belə sönük mövzuda söhbətə çəkdiyim üçün məni qınamayın. Hövsələniz olsa, görəcəksiniz ki, axırda söz özü fırlanıb həmin peykin üstünə çıxacaq. Hələ bu harasıdır, bəlkə, mən o nəticəyə gələcəyəm ki, hökumətimiz bütün məmurlarını (əşşi, lap elə bizi də) yer işlərindən azad edib, kosmik qayğılarla nə qədər çox yükləsə, bir o qədər yaxşıdır? Çünki burada neyləsək, zibili çıxır. Orada isə nə yollara asfalt döşəmək lazımdır, nə Bakı kəndlərinə marşrut qrafiklərini düzgün müəyyənləşdirmək kimi çox mürəkkəb teoremin həlli tələb olunur, nə də İskəndər kişinin dişlərinin (diş nə gəzir, damağının!) ölçüsünü çıxarmaq problem yaradır: bilirsiniz ki, kosmosda diş lazım deyil, orada yeməyi pasta şəklində verirlər.
Mən başa düşürəm ki, diş (damaq) ölçüsü çıxartmaq hökumətlik deyil, onun işi beyinlərin optimal ölçüsünü müəyyənləşdirməkdir, amma məsələ burasındadır ki, İskəndər kişi bunu bilmir. Görədil-Mehdiabad yolu bizə çox əziyyət verib. Bir il idi, altını üstünə çevirirdilər. Əvvəl tələm-tələsik asfalt saldılar, qırağına betondan səki daşları düzdülər. Hələ asfalt salanlar yolun o başına çıxmamış, qazçəkənlər bu başdan ekskavatorlarını gətirib daşları sökdülər, yolun sağını eşməyə, boru basdırmağa başladılar. Ardınca suçəkənlər öz ekskavatarları ilə gəldilər, onlar da sol tərəfdəki səki daşlarını dağıdıb, səngərlərini qazdılar, borularını düzdülər. Nə başınızı ağrıdım, ötən ilin dekabrında çəkilmiş yol bu ilin iyununda əvvəlkindən də pis günə düşdü. İndi yenə növbə asfaltsalanlara çatıb. Qayıdıblar, günə-yağışa baxmadan, döşəyə-döşəyə gedirlər. Beləcə, milyonları ağılsızcasına küçələrə tökə-tökə yaşayırıq. (Asfaltsalanlar da, qazçəkənlər də, suçəkənlər də, yəqin, gülürlər sadəlövhlüyümüzə:»Ay-hay, ağılsız biz yox, sizsiniz!»)
…Qət-təzə yolda yağışın yaratdığı gölməçələrin arası ilə yavaş-yavaş şəhərə tərəf gedirəm. Həm də asta sürürəm ki, palçıqlı suyu çox sıçratmayım: maşın çirkli olanda özümü narahat hiss edirəm. Görədilin çıxışında dayanacaqda 10-15 adam yığışıb avtobus gözləyir. İki qadının əlində çətir var. Qalanları kişidir, yağışın altında əlləri ciblərində büzüşüblər. Abşeron kəndlərində, istəyir, lap leysan yağsın, kişinin çətir götürməsi ayıbdır.
«Bəlkə, saxlayım, bir neçəsini aparım, yazıqdırlar? Yox, üst-başları yaş, ayaqqabıları palçıqlı… maşının içini pis günə qoyacaqlar.»
Fatmayının girişində zırpı bir «Toyota» sürətlə yanımdan ötür və… onun təkərlərinin altından qopan çirkli dalğa üstümə şığıyır. Pəncərənin şüşəsi bağlı olsa da, qeyri-ixtiyari yana əyilirəm, bir əlimi üzümə tuturam. İstəyirəm sürəti artırıb arxasınca çatım, saxladım, dişimin dibindən çıxanı deyim. Amma mağazanın qabağında üz-gözünü silə-silə «Toyota»nın dalınca yumruq yelləyib söyüş söyən iki nəfəri görəndə təzədən sürəti azaldıram. «Heyvan oğlu heyvanın» söyüş payını göndərməklə kifayətlənirəm.
Döngədə qoca bir kişi dayanıb. Başındakı şlyapası, boğazındakı qırmızı-göy zolaqlı qalstuku, əlindəki uzun qara çətiri ilə uzaqdan diqqətimi cəlb edir. Bura adamına oxşamır. Yaxınlaşanda əl qaldırır. Ani olaraq ayaqlarına baxıram. Nə yaman palçıqlıdır! Kiçik daxili mübarizədən sonra içimdəki humanizm çağırışı təmizkarlığa meylimə üstün gəlir. Saxlayıb, maşını geri verirəm.
Qoca tələsmədən çətirini qatlayır, ağır-ağır yanımda oturur.
— Bu nədi, elə bil Allahın şalvarı sürüşüb belindən düşüb.
Yüz faiz, bura adamı deyil. Buralılar çox dindardırlar, belə ifadə işlətməzlər.
— Sağ ol, ay oğul, yarım saatdır, avtobus gözləyirəm, yol maşınlarına əl eləyirəm, saxlamırlar, bayaq da biri üst-başımı batırıb ötdü.
Yəqin, «mənim» «Toyota»mı deyir.
Yaman çoxdanışan qocaya rast gəlmişəm. Əvvəl kim olduğumu soruşur, sonra radionun səsini batıra-batıra bərkdən öz tərcümeyi-halını danışır. Radionun səsini alıram.
— Bakıda müəllim işləmişəm. Arvadım da müəllimə idi. İki uşaq böyütmüşük, evləndirmişik, indi də, şükür, özləri başlarını girləyirlər. Nəvələr olandan sonra gördük, şəhər evində çox darısqallıqdır, biz arvadla bağ evinə köçdük. Əvvəl istəyirdim satım, pulunu uşaqların arasında bölüm, alan olmadı. Dedim, arvad, yığış, getdik, bizim yaşımızda torpağa öyrəşmək lazımdır. Pensiyamız ikimizə çatır: nə yeyib, nə geyirik ki! Bircə bu soyğunçuluq, xəstəlik-zad olmasa. Qaz deyir, ver, işıq deyir, ver, su deyir, ver, bələdiyyə deyir, ver. Dişlərim tökülüb, nə vaxt idi protez qoydura bilmirdim. Qışda oğlum bir az pul gətirdi ki, ata, get dişlərini düzəlt. Soyuqda gah qazı kəsdilər, gah işığı, gah hər ikisi olmadı, arvad möhkəm azarladı, hamısı dava-dərmana getdi. İndi o gün arvad deyir ki, oğlun yenə pul gətirib, get özünə diş düzəlt. Bilib ki, mən daha götürmərəm, öz ehtiyacları başlarından aşır, anasına verib. Xırdalanda bir diş həkimi var, guya qohumdur, dedim, yaxşı düzəldər, həm də pulunu çox almaz, başına dəysin düzəltdiyi, ağzımda durmur. Gedirəm, bir əncam çəksin. Sən Mehdiabadda saxla, ordan Xırdalana tez-tez avtobus çıxır. Yoxsa Fatmayıda gözlə ki, gələcək. Başa düşürəm, çətin dövrdür, hər şeyi çatdırmaq olmur. Müharibə vaxtıdır, xərclər böyükdür. İnşallah, torpaqlar qayıdar, hər şey yaxşı olar. Prezidentimiz çox çalışır, deyir, tapşırır. Neyləsin, ətrafı pisdir. Görürlər, başı qarışıb bu məsələyə, hərə bir yandan dartışdırır…
Bu yerdə «KAMAZ»ı ötmək üçün mənim yoluma çıxmış avtobusun qabağından maşınımı sağa qaçırıram. Təkər yolun lap kənarında su ilə dolu gözəgörünməz çalaya düşəndə maşın tullanır. Qoca da gözlənilməz zərbədən yerində hoppanır. Nə isə tappıltı ilə palçıqlı döşəməyə düşür. Fikrim yolda olduğundan görə bilmirəm. Qoca yaşına yaraşmayan bir cəldliklə yerə düşən şeyi götürüb cibinə soxur və bundan sonra səsini çıxarmır.
Yolun qalan hissəsini sükut içində gedirik. Təkcə radionun zəif səsi gəlir:
«Azərbaycanın ikinci telekommunikasiya peyki «Azerspace-2″ layihəsi ilə bağlı müqavilə artıq imzalanma mərhələsindədir. Bu layihə Azərbaycanın uğurudur… Bu ilin fevralında orbitə çıxarılmış ilk peykimiz idarəetmə mərkəzinin yaradılması xərcləri ilə birlikdə 140 milyon ABŞ dollarına başa gəlmişdi. Bundan əlavə, peykin tam sığortalanmasına 18 milyon manat sərf edilmişdi…»
Gözucu qocaya baxıram. Qulağı radiodadır, amma dinmir. Avtobus dayanacağında saxlayıram. Qoca mənə tərəf dönmədən «Allah balalarını saxlasın» deyib, düşür. Şübhələnirəm:»Bu, maşından nə götürdü ki, belə tələsik sağollaşdı?» Güzgüdə hərəkətlərini izləyirəm.
Qoca beş addım aralanıb çətiri yerə dirəyir. Bayaq yerə düşən şeyi cibindən çıxarıb dəsmalı ilə palçığını silir və ağzına salır. Avtobusa tərəf gedir.
[email protected]