Gimnastlarımızdan xoş xəbərlər eşidilir
Yeniyetmə gimnastlardan ibarət qrup komandamız Lissabonda Dünya kubokunun növbəti mərhələsi çərçivəsində turnirdə bürünc medallar qazanıblar. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinə
istinadən, Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Emiliya Bağıyeva və Aynur Mustafayeva 29,15 bal nəticə ilə finalda beş halqa ilə hərəkətlərdə Rusiya və Belarusdan sonra üçüncü yeri tutublar. Mayın sonunda Vyanaya — Avropa birinciliyinə hazırlaşan gimnastlar təsnifatda demək olar mütləq nəticə göstəriblər.
«Məni, həmçinin fərdi gimnastlardan təşkil olunmuş yeniyetmələrdən ibarət digər komanda sevindirdi. Jalə Piriyeva və Züleyxa İsmayılova (hər ikisi 2000-ci il doğumlu), Veronika Ömərova (1999) üçüncü pilləni tutan amerikalı idmançılardan geri qalaraq 19 komanda arasında dördüncü olublar. Hesab edirəm ki, onlar əla çıxış etdilər və rəqibləri arasında ən gənc olmalarına baxmayaraq, mükafatlar uğrunda bərabər səviyyədə mübarizə aparıblar», — deyə milli komandanın baş məşqçisi Mariana Vasilyeva deyib.
Dünya kuboku yarışlarında iştirak etmiş yaşca böyük idmançılar da dörd finalla yadda qalıblar. Belə ki, Lalə Yusifova topla tapşırıqda beşinci olub. Məşqçinin sözlərinə görə, Lalə bu tapşırığı elə yerinə yetirib ki, auditoriya onu ayaqüstə alqışlayıb. Lalə finalda gürz ilə hərəkətlərdə altıncı, çoxnövçülükdə isə səkkizinci olub.
Digər iştirakçımız Marina Durunda da finalda halqa ilə tapşırıqda yarışıb və beşinci yerlə kifayətlənib.
Hər iki halda da qələbəni rusiyalı Marqarita Mamun qazanıb.
Azərbaycanın qrup komandasına gəlincə, Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, İradə Əhədzadə, Səbinə Qaratova və Mənsurə Bağıyeva 3 top və 2 lentlə hərəkətlərdə finala çıxıblar və finalda 8-ci yer tutublar. Onlar ikinövçülüyün cəmində doqquzuncu olublar. Bu həftənin sonunda gimnastlarımızı aprelin 13-14-də Riqada beynəlxalq turnir gözləyir. Turnirdə 2013-cü il Avropa çempionatının gələcək iştirakçıları Lalə Yusifova, Marina Durunda və yeniyetmələrdən ibarət qrup mübarizə aparacaq.
Eyni zamanda, Azərbaycanın qadın akrobat dueti -Aynur Hüseynova və Nərmin Ramazanova Belçikada «Flanders Acro Cup» beynəlxalq turnirinin gümüş mükafatçıları olublar.
Daha bir gümüş medalı Bakıya kişi akrobat dueti — Elçin Əlibəyov və Emin Gülməmmədli gətirib.
Nəhayət, ikinci qadın cütlüyü — Lalə Hüseynova və Xoşqədəm Quliyeva öz yaş qruplarında finala çıxaraq dördüncü yerlə kifayətləniblər.