Georgi Pertaya: «Azərbaycanlı iş adamları ilə işləmək bizim üçün çox asandır»
Biznesdə əsas və vacib şərt odur ki, investisiya yatıranlar tez-tez görüşsünlər. Gürcüstanda bu prinsip inkişaf etdirilir və bu bizə imkan verir ki, böyük həcmdə investisiya yatıranlarla işbirliyi həyata keçirək. Bunu Gürcüstan Milli İnvestisiya Agentliyinin direktoru Georgi Pertaya bildirib (APA).
G.Pertaya Gürcüstanın düzgün istiqamətdə olduğunu düşünür: “Biz yalnız region ölkələrindəki investorları dəvət etmirik, eyni zamanda Amerika və Avropa ölkələrindən ölkəmizə müxtəlif investorlar cəlb edirik”.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr içində ən önəmli yerlərdən birini tutur: “Azərbaycan Gürcüstanın ən böyük tərəfdaşıdır və o, ölkəmizə böyük həcmdə investisiya yatırıb. Bu sahədə ölkələrimiz arasında ideal situasiya yaranıb. Gürcüstan bazarını azərbaycanlı investorlardan yaxşı bilən yoxdur. Azərbaycanlılar və gürcülər bütün məsələlərdə çox yaxşı münasibətdədir. Hər bir investorun istər Gürcüstanda, istərsə də Azərbaycanda yaxın dostları var. Fikrimcə, biznes elə bu səmimilikdən, dostluqdan başlanır. Əlbəttə, biznesdə rəqəmlər və faktlar başlıca rol oynayır, amma ölkəni tanımaq və onun infrastrukturuna bələd olmaq da vacibdir. Azərbaycanlı iş adamları Gürcüstanı real olaraq yaxşı tanıyır, onlarla görüşəndə bilirəm ki, onlara nəyisə başa salmaq və ölkə barədə uzun-uzadı məlumatlar vermək lazım deyil. Mən, məsələn, Hindistan, Amerika və Avropa investorları ilə görüşəndə məcburam ki, onlara başdan-ayağa cəmiyyətdə nələr baş verdiyini, ölkə əhalisinin sayı, qanunlar barədə və digər məlumatları dəqiqliklə verim. Bir fikri və ya məqsədi onlara başa salandan sonra onlar digər mənbələrdən də məlumat toplayırlar. Amma Azərbaycandan olan iş adamlarına hər şey aydındır və onlarla işləmək bizim üçün çox asandır. Onlar birbaşa rəqəmlərin dili ilə danışır və planlaşdırdıqları layihənin təqdimatını keçirirlər. Azərbaycan dünyada olan investorlardan həmişə bir addım irəlidə gedir”.
G.Pertaya Gürcüstandan keçən tranzit layihələrin uğurla başa çatacağına inandığını da bildirib: “Gürcüstan üçün tranzit yüklərin daşınması çox vacibdir. Ona görə də bu beynəlxalq layihələrdə problem ola bilməz. Çünki bu layihələr Azərbaycandan qidalanır. Belə layihələrin həyata keçirilməsi üçün stabillik, təhlükəsizlik və tariflərə əməl etmək lazımdır”.