Gənclikdə yeraltı tunel kompleksinin tikintisi yekunlaşır
Akkord korporasiyası Gənclik m. st-sının üstündəki Qələbə meydanı ərazisində və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılması və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını yekunlaşdırmaq üzrədir. Şirkətdən bildilir ki, işlərin gedişi ilə tanış olmaq üçün nəqliyyat naziri Ziya Məmmədov oraya gəlib.
2010-cu ildən başlanan layihə 6 tunelin, 8 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Bu müddət ərzində korporasiya tərəfindən Gənclik metro stansiyasının Atatürk prospektinə çıxan girişinin Qələbə meydanının mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib və Həsən Əliyev küçəsində bir tunelin tikintisi tamamlanıb. 546 metr uzunluğu, 16,5 metr eni olan bu tunelin açılışında prezident İlham Əliyev də iştirak edib. İtaliyanın tanınmış dizayn şirkətləri tərəfindən hazırlanan daxili işıqlandırma sistemli tunel paytaxtın simasına daha bir gözəl ştrix əlavə edib.
Hazırda Qələbə meydanı üzrə digər işlər sürətlə davam etdirilir. İşlərin indiki mərhələsində Atatürk prospektindən gələn və ərazi üzrə yol hərəkətini 3 müxtəlif istiqamətdə paylayan tunelin tikinti işlərinin tam sürətlə getdiyi, tunellərdə digər işlərlə yanaşı, üzləmə, işıqlandırma işlərinin də yüksək Avropa standartlarına uyğun şəkildə aparıldığını bildirilir.