Gəncləri heç olmasa, yoxlamaq üçün teatra gətirmək lazımdır
Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynovu sevənlər çoxdurr. Gənc yaşlarından özünü daha çox qadın izləyicilərə sevdirib. Bir vaxtlar İncəsənət Universiteti onlarla istedadlı aktyor yetişdirdi. Amma aktyor etriaf edir ki, o illərdən sonra universitetə maraq göstərənlərin sayı azaldı:
— Bizim vaxtımızda tələbələrə tam sərbəstlik verilmişdi. Biz istedadlı təbəqənin son həddi idik. Bizim kursda kimlər oxuyub: Bəhram Osmanov indi tanınmış rejissordur, Şərif Qurbanəliyev AzTV-də, Məmmədsəfa Qasımov Yuğda, Nahidə Orucova Muskomediyada, Kişvər xanım, Naibə Allahverdiyeva Gənc Tamaşaçılar Teatrında, Vaqif Cabbarov İctimai Televiziyada çalışır… Bizim kursdan sonra isə həyatını sırf teatra bağlamaq istəyənlərin sayı birdən-birə azaldı. Burada universitetin də günahı var.
Mən heç kimin xətrinə dəymək istəmirəm. Amma eşitdiyimə görə, Mədəniyyət və İncəsənət Universitetində aktyorluq sənətindən dərs deməyən aktyor qalmayıb. Biz sənəti əsl sənətkarlardan öyrənirdik. İndi müasirləşmə gedir, amma teatr köhnə olaraq qalır. Yeni forma tapmaq lazımdır, necə ki, Həsənağa Turabov Azərbaycan teatrına səhnədə normal insan kimi danışmağı gətirdi. Ona qədər romantik, klassik danışıq tərzi hökm sürürdü. Tofiq Kazımov Azərbaycanda realist teatr məktəbini yaratdı. Teatr yeniləşməlidir, yeni məktəb yaranmalıdır. Burada ən vacib məsələlərdən biri də repertuar məsələsidir. Teatr dövlətin maddi köməyi olmadan yaşaya bilməz. Bu, faktdır…
— Teatrlar özləri də gənc kadrlar yetişdirə bilər.
— Bu da bir problemdir. Bəli, bu gün teatrların bunu həyata keçirməyə imkanı var. Biz bu məsələni teatr direktorunun qarşısında qaldırmışıq. Kiçik səhnədən istifadə etməklə bir studiya yaratmaq olar. Gəncləri bu studiyaya cəlb etməklə həm teatrın kütləvi səhnələrini təşkil etmək olar, həm də bu gənclərin arasından ildə bir-ikisinə rollar verib inkişaf etdirmək olar.
Tofiq Kazımovun böyüklüyü nədə oldu? O, Həsənağa Turabov, Fuad Poladov, Amaliya Pənahova, Bəsti Cəfərova, Səməndər Rzayev kimi aktyorları teatra gətirdi. Yəni bir-birini əvəz edəcək nəsil yetişdi teatrda. Gəncləri heç olmasa, yoxlamaq üçün teatra gətirmək lazımdır.
Mən institutu bitirib getdim əsgərliyə və qayıdandan sonra teatra gəldim, getdim Həsənağa müəllimin yanına. Dedim ki, «Həsən müəllim, mən iki ərizə yazıram, biri işə qəbul olunmaq barədə, o biri də işdən getmək barədə. İşdən getmək barədə ərizəmə imza qoyuram, amma tarix yerini boş saxlayıram. Nə vaxt o yan-bu yan etsəm, tarixini yazıb məni işdən çıxararsınız. Amma məni işə qəbul edin. Mən özüm bilmək istəyirəm ki, bu peşədə qala bilərəm, ya yox?»
Özlüyümdə bir inam vardı ki, məni işə götürəcəklər. Həsənağa müəllim də özünəməxsus formada «Alə, yeri get, işinlə məşğul ol. Elə şey olar? Götür, mənim rolumu oyna» dedi. Və «Şeyx Xiyabani» rolunu verdi mənə. Elə oldu ki, Turabov xəstələndi. Mən də hələ o rolu tam öyrənməmişdim. Çətinliklə də olsa, tamaşanı oynadım…
— Ən çox tələb olunan vaxtlarınızda teatrdan uzaqlaşdınız? Sizi də küsdürdülər, yoxsa, başqa səbəb vardı?
— 10 ildən çox teatrdan kənarda qaldım. Bunun da bir neçə səbəbi oldu. Məni heç vaxt heç nə küsdürmür. Doğrudur, incidiyim anlar olurdu. Misal üçün, bizim 90-cı ildə ilk dəfə Türkiyəyə səfərimiz oldu. «Sevgililərin cəhənnəmdə vüsalı» və «Bizim qəribə taleyimiz» tamaşaları ilə getmişdik. İstanbulda tamaşadan əvvəl media üçün bir mətbuat konfransı düzənləndi. Rəhmətlik Həsənağa müəllim aktyorlar barədə danışanda məni xüsusi təqdim etdi. Dedi ki, «Füzuli teatra gəldiyi az müddətdə çoxlarının 15 ilə bacarmadığı işlərin öhdəsindən gəlib, onun gələcəyinə böyük ümidim var».
Bizim bütün tamaşalarımızı və getdiyimiz yerləri lentə alırdılar. Tamaşadan sonra bəlkə də 1000 nəfər əlimizi sıxmaqdan ötrü növbəyə dayanırdı. Hətta əlimizi öpmək istəyənlər də tapılırdı. Qayıdıb gələndən sonra səfərlə bağlı veriliş hazırlandı. Lakin məni ümumiyyətlə göstərmədilər. Halbuki «Sevgililərin cəhənnəmdə vüsalı» tamaşasında baş rolda oynayırdım.
Hiss etdim ki, burada kiminsə əli var. Bundan sonra teatr təmirə dayandı. Az qala tövlə kimi yerlərdə tamaşa oynamağa məcbur idik. Mən özümü kiçilmiş, təhqir olunmuş hiss edirdim. Bundan başqa, həmin vaxtlar səhhətimdə problem yarandı. Get-gedə səsim batırdı. Sonra Moskvada müayinədən keçəndə, dedilər ki, «qida borusunda şiş var, mütləq əməliyyat olunmalıdır». Mən də sözün düzü, Moskvada əməliyyat olunmaqdan çəkindim, çünki tanıdığım bir adam yox, başıma bir iş gəlsə, meyitimi evə çatdırmağa adam lazımdır, ya yox? Ona görə Moskvadan qayıdıb getdim Türkiyəyə. Anamın əmisi oğlu Türkiyədə həkim işləyirdi. Getməzdən əvvəl Həsənağa müəllimin yanında oldum və ona işdən çıxmağım barədə ərizə verdim.
— İşdən niyə çıxırdınız ki?
— Çünki xəstəliyim uzunmüddətli müalicə tələb edirdi. Həm də təmirin sonu görünmədiyi üçün orda-burda tamaşa oynamaqdan bezmişdim. Guya teatr təmir olunurdu… Nə isə, ən yaxşı dövrlərimizi itirdik. Allaha şükür, şiş bədxassəli çıxmadı. Analizlər göstərdi ki, bir az geciksəydim, bədxassəli şişə çevriləcəkdi. Buna baxmayaraq dedilərhər 3 aydan bir yoxlanmalıyam. Bu yoxlamalara görə iki il yarım İstanbulda yaşadım, demək olar ki, Türkiyənin çox hissəsini gəzdim.
— Bəs orada nə işlə məşğul olurdunuz?
— Əsasən kommersiya işləri ilə məşğul olurdum. Rusiyadan ağac gətirirdik.
Bir məmləkətə alışmaq üçün gərək orada doğulasan. Mənim yaşımın elə vaxtı idi ki, Türkiyəyə alışmağım çox çətindi. Orada yaşaya bilmədim. İmkanlarım da yaxşı idi, hər şeyi atdım, getdim Rusiyaya. Təxminən 10 ilə qədər orada yaşadım. Çünki Türkiyə ilə müqayisədə Rusiyada yaşamaq mənim üçün daha rahat idi. Bu müddət ərzində burada bəzi filmlərə çəkildim, televiziya tamaşalarında rol aldım. 2005-ci ildə rejissor Mərahim Fərzəlibəyov mənə zəng edib dedi ki, «bir tamaşada sənə uyğun rol var və mən yalnız səni həmin rolda görürəm». Əvvəlcə tərəddüd etdim, sonra rəhmətlik Əlabbas müəllim məni çağırıb dedi ki, «gəl, teatrda işlə».
— Türkiyədə olanda teatr və ya kinoyla bağlı təkliflər aldınızmı?
— Teatrla bağlı olmadı, amma kino ilə bağlı oldu. «Ölülər» filmində «İsgəndər» roluna çəkilən Yılmaz Durunun adamları bir dəfə gəldilər yanıma. Mən «Ölülər» filmində bir epizodik rola çəkilmişəm. Oradan Yılmaz Duru ilə tanışlığımız vardı. Əvvəlcə öyrəndim ki, qonorarımız nə olacaq. Dedilər, «Azərbaycanda nə alırdınızsa, burada da onu alacaqsınız». Dedim çəkilmirəm. Yəni, yerli aktyorlarla bizim aramızda fərq qoymaları mənə təsir etdi. Amma bu illərdə Azərbaycanda çəkilən bütün filmlərə təklif alırdım. Hətta filmlər vardı ki, baş rola çəkilməli idim. Amma nədənsə, çəkilmirdim…
— «Misir gecələrin»dən sonra «Teleskop»a qədər sizi başqa tamaşada görmədik.
— Bilirsinizmi, gənc vaxtlarında aktyor hər rolda oynamaq istəyir. Amma indi rollara daha ehtiyatla yanaşmaq barədə düşünürəm.
— Sizin imkanınız olsaydı, «Teleskop»la kimləri müşahidə edərdiniz?
— …Eh, doğrusunu bilmək istədiyim məqamlar, həqiqi üzünü görmək istədiyim insanlar o qədərdir ki…