Gəncədə əhalinin sayı 323 791 nəfərə çatıb
Gəncədə əhalinin sayı artır. Gəncə şəhəri üçün 2013-cü il yanvar ayından iyun ayına qədər olan demoqrafik vəziyyət açıqlanıb. Şəhər Statistika İdarəsinin məlumatına görə, əhalinin sayında artım qeydə alınıb ki, buna doğulanların sayının ölənlərin sayından 2 dəfə çox olması səbəb olub.
Şəhərdə cari ilin yanvar-may aylarında 1668 körpə doğulub ki, bu da hər gün təxminən 11 körpənin dünyaya gəlməsi deməkdir. Doğumların sayı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.4-dən 5.2-yə qədər azalıb. Bu dövrə qədər ölümlərin sayı isə 882 nəfər olub.
Məlumata görə, əhalinin 21.9%-ni 0-14 yaşda olan uşaq və yeniyetmələr, 68.9%-ni 15-62 yaşda olan əmək qabiliyyətli kişi və qadınlar, 9.2%-ni isə 62 yaşdan yuxarı olan ahıllar təşkil edir. Bundan əlavə, əhalinin 29.4%-i 95 500 nəfər olmaqla 15-29 yaş arası gənclərdən ibarətdir.
Şəhər Statistika İdarəsinin verdiyi digər bir məlumata görə, əhalinin hazırkı sayı 323 791 nəfərə çatıb ki, bunun da 48.6%-ni kişilər, 51.4%-ni isə qadınlar təşkil edir.

