Gənc qadını Türkmənistana satıblar, yoxsa…
Milli Qəhrəman, Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Maşallah Abdullayevə qarşı ciddi ittiham irəli sürülüb. Maşallah Abdullayevin qardaşı Nadir Abdullayevin qızı Vüsalə Abdullayeva APA-ya açıqlamasında 20 il öncə əmisi tərəfindən yüksək məbləğ qarşılığında Türkmənistana satıldığını iddia edir.
1979-cu ildə Bakıda anadan olan Vüsalə Nadir qızı Abdullayevanın sözlərinə görə, anadan olandan az sonra atası ilə anası ayrılıb: “Bundan sonra anam məni Goranboy Rayon Prokurorluğunun binasının qarşısına atıb. Atama zəng ediblər, atam gəlib məni aparıb. Əmzikli olduğuma görə yenidən anama qaytarıblar ki, müəyyən yaşa kimi saxlasın. Anam 4 yaşımda olanda məni yenidən atamın üstünə atıb. Atam isə başqası ilə evi olduğu üçün mənə baxmayıb, nənəmin himayəsində qalmışam. Az sonra atam həbs olunub. Əmim Maşallah Abdullayev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olanda onun evində Aydın adlı bir kişi çalışırdı. Aydının bacısı olan Vilə xanım Türkmənistanda yaşayırdı. Əmim Aydınla birlikdə həmin qadına zəng vurdu ki, gəlib məni aparsın. Əmim o qadına deyib ki, məni aparıb öldürsün ki, bir daha buralara qayıtmayım. Məni həmin vaxt Türkmənistana göndərdilər. Azərbaycanda mənə sənəd düzəldildi və həmin qadının 1974-cü il təvəllüdlü qızı Sarıbaşova Mətanət İlyas qızı kimi onunla birlikdə Türkmənistana göndərildim”.
V. Abdullayevanın sözlərinə görə, Türkmənistana gedəndə onun 12-13 yaşı olub. Orada onu 45 yaşlı zavod direktoruna satıblar: “Bunun əvəzində Rafat adlı həmin kişidən 1 otaqlı ev aldılar. Mənə isə başımı qatmaq üçün oyuncaq ayı verildi. Türkmənistanda yaşayan, azərbaycanlı olan həmin kişi məni tez-tez döyürdü, əlimin üstündə bıçağın izləri indiyə kimi qalır. Bir müddətdən sonra isə Vilə məni 500 dollara Əhməd adlı birinə satdı. Sonradan başqa müştərilərin olmadığını görüb mənə yalandan toy edildi. Hərbi batalyondan əsgər gətirib toy elədilər, oğlan toydan sonra çıxıb getdi. Sonra isə həmin qadın məni Özbəkistana gətirib rəfiqəsinin qohumuna satdı. Orada 2 uşağım oldu. Oğlum 1995, qızım 1997-ci il təvəllüdlüdür. Bir neçə ildən sonra uşaqlarımı da götürüb Azərbaycana gəldim. Əmimdən kömək istədim ki, bizə yardım etsin. Onlar isə mənə bilet alıb, yenidən pulsuz-parasız Özbəkistana göndərdilər. Özbəkistana qayıdıb ailəmlə barışdım. Lakin yoldaşım üstümə ikinci arvad aldı. Ondan da 2 uşağı oldu. Bundan sonra yaşamadım. 2004-cü ildə Bakıya gəldim. Lakin heç kim məni istəmədi. Əmimin yanına getdim ki, bütün bu işləri sən eləmisən, indi də mənə köməklik et. Etmədi. Goranboyun Kəpənəkli kəndində hamı bu məsələni bilir, kimdən soruşulsa, deyəcək”.
V. Abdullayeva bu vaxta kimi niyə susmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, əldən-ələ satıldığı və müxtəlif təzyiqlərə məruz qaldığı üçün çox qorxub: “Sonradan Özbəkistanda övladlarım dünyaya gəldi. Onlar olandan sonra uşaqların böyüməsi və tərbiyəsi ilə məşğul oldum. Lakin 2004-cü ildə Bakıya gələndən sonra əmimə kömək üçün müraciət edəndə o mənim Özbəkistan vətəndaşı olmağımı təsdiqləyən sənədlərimi yandırdı, Azərbaycanın şəxsiyyət vəsiqəsini düzəltdirdi. Artıq bundan sonra mən Özbəkistana qayıda bilmədim. Çünki Özbəkistanda Sarıbaşova Mətanət İlyas qızı kimi qeydiyyatda idim, Azərbaycanda isə Abdullayeva Vüsalə Nadir qızı adı ilə şəxsiyyət verildi. Bundan sonra əsas problemlər yarandı və bir daha Özbəkistana qayıtmaq mümkün olmadı. Əmim Milli Qəhrəman olduğu üçün bu məsələyə ciddi yanaşmırlar. Mən isə əmimin etdiyi hərəkətlərə görə layiqli cəzasını almasını istəyirəm”.
Maşallah Abdullayevin APA-ya açıqlaması isə başqa məqamları ortaya çıxarıb: “Həmin qız mənim narkoman qardaşımın narkoman balasıdır. Mən heç vaxt belə iş tutmamışam. Vüsaləni anam saxlayıb. Hələ uşaq vaxtlarında bir neçə evdən oğurluq etdi. Sonra onun atası, qardaşım Nadir qızını Aydın adlı əsgərlik yoldaşının Türkmənistanda yaşayan bacısına verdi. Özü aparıb verdi ki, mən bu qızı öldürəcəyəm, sən onu saxla. Atası qızını Türkmənistanda anasının yanına yollaması ilə bağlı aldığı sənədlər əsasında, öz metrikası və şəhər sovetindən aldığı arayışla göndərib. Həmin qadın da onu öz balası kimi 17 yaşına kimi saxlayıb. Onun bizə yazdığı məktublar da var. İndi isə çıxıb ortaya. Goranboyda Əkbərov Rasim, Ağa adlı “57-lər” deyilən insanlar var. Vüsalə onlarla bizimkiləri qorxudur. Həmin “57-lər” hazırda bu qızı maliyyələşdirir. O vaxt onlar terror hazırlasalar da, alınmadı. Bütün goranboylular bilir ki, vəziyyət necədir. Vüsalə indi nə üzlə gəlib harasa müraciət edir? Onun ağlı yerində deyil. Özü də 3 il məhbus həyatı yaşayıb. O narkomandır, nəşə üstündə tutulub. Atası 3-cü dəfə məhkum olunub, hazırda da həbsdədir.
Mən ona balam kimi yanaşmışam. Mənim pulum yox idimi, o qədərmi ağılsız idim ki, qardaşım qızını satam? Onlar bu gün Maşallahın ölümü üçün işlər görürlər. Baş Prokurorluğa müraciət etsələr də, mən hər şeyə hazıram, qoy eləsinlər. Onun yazdığı məktublar var və orada qeyd olunur ki, “Əmi, məni atam satdı”. Müəyyən müddət Özbəkistanda qalandan sonra Azərbaycanda atasına, narkomanlara nəşə gətirmək üçün gəlib. İkinci dəfə gələndə sənədləri yerində olmayıb. Ona kömək eləmişəm, öz evimə qeydiyyata saldırıb, ona şəxsiyyət vəsiqəsi almışam. Dayım qızı Şəkər xanım onu aeroportda aparıb, 1000 dollar da verib, yola salmaq istəmişik. Amma o, Şəkər xanıma təzyiq göstərərək qaçıb, bir gecə bacımın evində qalıb. Səhər isə onların qızıl-zinət əşyalarını, 3 min dollar və digər əşyaları götürüb qaçıb. Ona bu gün heç kim yaxın durmur. O, hər əməldən çıxan adamdır”.
Qeyd edək ki, V. Abdullayeva hazırda “Təmiz dünya” İctimai Birliyinin himayəsində saxlanılır. İctimai Birliyin sədri Mehriban Zeynalova isə APA-ya bildirib ki, bu iş üzrə məsələ qaldırılacaq: “Bununla bağlı 2011-ci ildə Goranboy Rayon Prokurorluğuna müraciət edilsə də, iş məhkəməyə gedib çıxmayıb. Polis işi araşdırıb və qərar çıxarıb ki, əməldə cinayət tərkibi olmadığından işə xitam verilsin. Hazırda Abdullayeva Vüsalə Nadir qızının dedikləri əsasında məktub hazırlanır. Bu məktub yaxın vaxtlarda Respublika Prokurorluğa göndəriləcək”.