Muəllif:

Gənc «narazılar» və qulaqkəsdirən Hafiz

Ankara
NİDA hərəkatının həbsdə olan 7 fəalına və «Azad gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı CM-in 220.1 maddəsi (yanğın və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşların təşkili) üzrə yeni ittiham irəli sürülüb. Bu barədə onların vəkilləri məlumat veriblər.
Martın 7-də NİDA fəalları Bəxtiyar Quliyev, Şahin Novruzov və Məmməd Əzizov saxlanılıb. Onlar 10 mart aksiyasından əvvəl zorakılığa çağırışda şübhəli bilinirlər. Martın 14-də NİDA liderlərindən biri Rəşad Həsənov, martın 30-da hərəkatın İdarə Heyətinin iki üzvü — Üzeyir Məmmədli və Rəşadət Axundov, aprelin 1-də bu təşkilatın digər fəalı Zaur Qurbanlı saxlanılıb. Gənclər narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunublar. İ.Rüstəmzadə mayın 17-də xuliqanlığa görə həbs olunub.
Vəkillər yeni ittihamları absurd hesab edirlər. Çünki cinayət hadisəsi baş verməyib. Onların sözlərinə görə, əsgər ölümlərinə etiraz olaraq keçirilən 10 mart aksiyası dinc xarakter daşıyıb. Heç bir iğtişaş baş verməyib, şəxsi əmlaka ziyan dəyməyib. Əksinə, polis gözyaşardıcı qaz və suvurandan istifadə edərək dinc aksiyanı dağıdıb.
Yeni ittihamın irəli sürülməsi ilə əlaqədar gəncləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İ.Rüstəmzadə və 7 nəfər NİDA fəalı «Amnesty International» tərəfindən «vicdan məhbusu» kimi tanınır.
«Turan»ın bu xəbərini oxuduqdan sonra dəhşətə gəldim. 18-20 yaşlı gəncləri 12 ilədək azadlıqdan məhrumetmə cəsası gözləyir. Əminəm ki, ittiham qüvvədə qalsa, «narazı» gənclər 12 il olmasa da, ən azı 9-10 il azadlıqdan məhrum ediləcəklər. Dövlət ittihamçısı maksimum cəza tələb edəcək. Məhkəmə heyəti isə müttəhimlərin gəncliyini nəzərə alıb «cəzanı» bir-iki il azaldacaq. Beləliklə, səkkiz ictimai cəhətdən fəal gəncin taleyi həll olunacaq. Əslində onların ictimai fəallığının belə heç bir əhəmiyyəti yoxdur. Söhbət səkkiz gəncin taleyindən gedir. Onlar hər birimizin övladı ola bilərdi. Sözsüz ki, tanınmış «yeni azərbaycanlılarımızın» övladları dışında. Ata-analarının statusu onları belə yerlərə düşməkdən sığortalayıb. Özü də ən ağır cinayət törətsələr belə. Ən ağır cinayət belə ata-analarının xidmətləri müqabilində xırda uşaq dəcəlliyidir. Nə qədər ki, ata-anaları siyasi iqtidara sədaqətlə xidmət edirlər.
Ən dəhşətlisi odur ki, heç kim, hətta gələcəkdəki dövlət ittihamçısı və məhkəmə heyəti də daxil olmaqla, bu gənclərin ittiham olunduqları cinayətlərdə günahkar olduqlarına inanmayacaqlar. Amma yenə də gəncləri 9-10 illiyinə həbsə göndərəcəklər.
Sovet dönəmində çox məşhur olan bir lətifə yadıma düşdü. Antisovet fəaliyyətə görə mühakimə olunmuş birisini cəzaçəkmə müəssisəsinə gətirirlər. «Stajlı» zeklərdən biri ondan soruşur:
— Günahın nədir?
— Günahsızam.
— Yalan danışırsan, əclaf. Günahsızlara maksimum beş il cəza verirlər… Səni isə on illiyə mühakimə ediblər.
Nə qədər əcaib olsa da, bu lətifənin özünəməxsus bir məntiqi var. Yəni hətta sovet məhkəmə-hüquq sistemi belə heç zaman bəlli sərhədləri aşmırdı. Siyasi opponentlərlə mübarizədə bəzi hərəkətləri özünə rəva görmürdü. Məsələn, sovetlər dönəmində bir narazının belə cibində uyuşdurucu ilə tutulması faktına rast gəlmək mümkün deyil. O zamanlar «maddi dəlillər», «Görüş yerini dəyişmək olmaz» filmində olduğu kimi, yalnız «cinayətkar ünsürlər»in — oğru, narkoman, uyuşdurucu alverçisinin cibinə atılırdı.
Bu gün isə ağına-bozuna baxmadan bütün «narazılar»ın — aliminin də, dindarının da, ateistinin də, solçusunun da, sağçısının da, liberalının da cibindən uyuşdurucu çıxır. Son dövrlərdə uyuşdurucuya külli miqdarda pul, silah-sursat və partlayıcı maddə də əlavə olunub.
Vəkillər deyirlər ki, 10 mart aksiyası dinc xarakter daşıyıb, heç bir iğtişaş baş verməyib, şəxsi əmlaka ziyan dəyməyib. Düzdür. Amma niyyətləri olub. Özləri etiraf ediblər. Etməyiblərsə, etiraf edəcəklər. Azərbaycanda Andrey Vışinskinin etiraf nəzəriyyəsi qüvvədən düşməyib. Keçən əsrin otuzuncu illərində olduğu kimi, etiraf cinayətin işlənməsinin ən tutarlı və etibarlı sübutudur.
Niyyətləri olubsa, cinayəti baş tutmuş kimi dəyərləndirmək də olar. Bir də ki, niyyətlərindən könüllü imtina etməyiblər. Xüsusi xidmət orqanlarının əməkdaşları cinayətin — yəni «yanğın və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşların baş verməsinin» qarşısını alıblar. Məhkəmə prosesi başa çatdıqdan, yəni gənc fəalların bütün günahları sübuta yetdikdən sonra, yəqin ki, xüsusi xidmət orqanlarınin bir qrup əməkdaşı kütləvi qırğınların və yanğınların qarşısını aldığı üçün dövlət mükafatlarına layiq görüləcəklər. İnandınızmı? Sizi bilmirəm, mən inanıram. Yox, gənc fəalların narkoman, «yanğın və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşların təşkilatçısı» olduğuna inanmıram. Amma kimlərinsə mövcud olmayan «yanğın və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşların» qarşısını aldığı üçün orden və medallarla təltif olunacağına yüz faiz inanıram. Yeri gəlmişkən, orden, medal paylayanda ABŞ Milli Demokratiya İnstitutunun maliyyələşdirdiyi bu dövlət çevrilişini təkbaşına alt-üst edən insan haqları müdafiəçisi Eynulla Fətullayevin yaddan çıxarılmamasını təmənna edirəm. Kişinin zəhmətini dəyərləndirmək lazımdır.
Məndən soruşa bilərlər ki, nədən bizim xüsusi xidmət orqanlarının istintaqının nəticələrini şübhə altına alırsan, onların doğrudan da gənc fəalların mənzillərində külli miqdarda pul-para, partlayıcı maddə tapdıqlarına inanmırsan. Mən yox, bütün bu dövlət çevrilişinin üstünü açan cənab Fətullayev inanmır. O inanmayan yerdə, mən nə karəyəm ki, inanım. İnana bilməzdi. Çünki bu halda cəzaçəkmə müəssisəsində olduğunda uyuşdurucunun cibinə xüsusi xidmət orqanları tərəfindən atıldığını iddia edə bilməzdi.
Bizim bütün dünyada tanınmış insan haqları müdafiəçimiz gənc fəallara həbsdə təzyiq göstərildiyi ehtimalını belə istisna etmədi. Amma onu narahat edən, etirazına səbəb olan nə «maddi dəlillərin» saxtalaşdırılması mümkünlüyü, nə də həbsdə gənc fəallara təzyiq göstərilməsi ehtimalı idi. Gənc fəallar onun qəzəbinə tuş gəlmişdilər. Özü də insan haqları müdafiəçisini qəzəbləndirən gənc fəalların ehtimal olunan təzyiqlər nəticəsində «günahlarını» etiraf etməsi idi. İnsan haqları müdafiəçisi üçün əcaib, hətta mən deyərdim ki, sağlam məntiqlə dərki qeyri-mümkün yanaşmadır.
Başqa bir misal. Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev heç vaxt cəmiyyətdə pozitiv imicə malik olmayıb. Onun müəyyən cinayətlərdə, hətta insan orqanlarının köçürülməsində əli olduğunu istisna etmirəm. Amma onlarca vəzifəli şəxs, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşları heç bir təzyiq altında olmadan Elşad Abdullayevin qardaşını qaçıranlarla bu və ya digər dərəcədə əlaqədə olduqlarını kamera qarşısında etiraf etdilər. Amma bu günə qədər onlardan biri də cinayət məsuliyyətinə cəlb olunmayıb.
Hüquq-mühafizə orqanları bu vəzifəli şəxslərin nədən istintaqa cəlb olunmadıqları barədə belə cəmiyyəti malumatlandırmağı lazım bilmirlər. Əvəzində biz artıq bilirik ki, E.Abdullayevin özünə qarşı bir neçə cinayət işi açılıb, digər qardaşını da oxşar tale gözləyir. Çox gözəl. Amma E.Abdullayevin və onun yaxınlarının bu və ya digər cinayətlərdə iştirakı digərlərinin qanuna zidd hərəkətlərinə bəraət qazandırmaq üçün əsas ola bilməz.
Bizim hüquq müdafiəçilərimiz isə susur. Özü də hamısı.
Dünya şöhrətli insan haqları müdafiəçimizin rəhbərlik etdiyi saytlardan biri olan virtualaz.org xəbər verir ki, Türkiyənin aparıcı internet portalı olan haberturk.com saytında Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Mirqafar Seyidovun «qanuni oğru» «Rövşən Lənkəranski» ilə görüşü barədə sensasion informasiya yerləşdirilib. Adıçəkilən saytın verdiyi xəbərə görə, bu görüş avqustun 17-də — digər azərbaycanlı kriminal avtoritet Əlibala Həmidovun («Lotu Qoca») qətlindən bir gün öncə baş tutub.
Bu xəbərin nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərəm. Əslində indiki məqamda bu suala birmənalı cavab vermək mümkün də deyil. Məsələnin araşdırılması üçün vaxt lazımdır.
Amma hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan bir şəxsin cinayətkar aləmlə əlaqaləri haqqında ciddi bir iddia var. Yenə də hüquq-mühafizə orqanları rəhbərləri cəmiyyətə nə isə bir izahat vermək zərurəti hiss etmirlər. Toplum qarşısında məsuliyyətini hiss edən hakimiyyətlərin formalaşdığı demokratik ölkələrdə dövlət qurumları cəmiyyətə qarşı bu cür etinasız davrana bilməzlər.
Və nəhayət, bizim də ehtimal etdiyimiz kimi, Hafiz Hacıyev prezidentliyə namizəd kimi qeydə alındı. Bilmirəm, onu indi necə adlandırım — Balıq Hafiz, yoxsa Qulaqkəsdirən Hafiz. Gündən-günə ləqəblərinin sayı artır, cinayət səciyyəli «qəhrəmanlıqları» kimi. Amma nə fayda. Bizim məhkəmə-hüquq sistemimiz bu «qəhrəmanlıqları» görmək istəmir.
Bir sözlə, Azərbaycanda cinayət işlətmək günah deyil. Hətta cinayət başında tutulmaq belə cəza üçün yetərli deyil. Yetər ki, düzgün «siyasi oriyentasiya» çərçivəsində yüksək ictimai statusu olan bir ailənin nümayəndəsi olasan. Bizim gənc fəalların isə ən azı «siyasi oriyentasiya» baxımından bəxtləri gətirməyib. Ona görə də ehtimal olunan niyyətlərinə görə belə qanun qarşısında cavab verəcəklər. Özü də necə lazımdı. Bir sözlə, düşünürəm ki, yeni ittihamlardan sonra bu gənc fəalların hətta cəzaçəkmə müəssisəsində belə günahsız olduqlarını sübut etməyə imkanları olmayacaq. Çünki cəzaları çox böyük olacaq. Orada heç kim günahsız olanlara belə ağır cəzalar verilməsinin mümkünlüyünə inanmaz. Amma bəlkə səhv edirəm. Bəlkə də inanarlar. Dünyanın hər üzünü görmüş insanlardır. Başa düşərlər ki, dövran dəyişib. Artıq sovet Azərbaycanında deyil, müstəqil dövlətimizdə yaşayırıq. Ona görə də «xalq düşmənləri»nə qarşı daha qəddar olmalıyıq…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 485