Gələn ilin büdcəsində qeyri-neft sektorundan daxilolmaları artırmaq prioritet olacaq
Sosial siyasətin davamı, pensiyaların və maaşların artırılması üçün maliyyə təminatı, qaçqınların və məcburi köçkünlərin rifahının yaxşılaşması 2014-cü il üzrə dövlət büdcəsinin prioriteti olacaq. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bazar ertəsi Milli Məclisin beş komitəsinin iclasında dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı bildirib.
Samir Şərifov deyib: «Büdcənin gəlir hissəsinin formalaşması zamanı qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisinin artımı, yerli və şəhər gəlirlərinin arasında tarazlığa cəhd, vergi borcunun azaldılması prioritet olacaq».
Nazirin sözlərinə görə, növbəti il üçün dövlət büdcəsinin gəlirləri 18,384 milyard manat (2014-cü il üçün proqnozlaşdırılan ÜDM-in 31,4 faizi), xərclər 20,063 milyard manat (ÜDM-in 34,3 faizi) səviyyəsində proqnozlaşdırılır.
2014-cü il büdcəsinin gəlirlər hissəsi 2013-cü ilə nisbətən az nəzərdə tutulub. Proqnoza əsasən, 2014-cü ildə büdcə gəlirlərinin həcmi cari ilə nisbətən 775 milyon manat və ya 4 faiz az olacaq və 2012-ci ilin faktiki göstəricilərini 1,103 milyard manat və ya 6,4 faiz üstələyəcək.
Gələn il xərclər 2013-cü ilə nisbətən 213 milyon manat, yaxud 1,1 faiz, 2012-ci ilin faktiki göstəricilərinə nisbətən 15,2 faiz artacaq.
Büdcə kəsiri 2013-cü ildəki 691 milyon manat proqnoza və 2012-ci il ərzindəki 135 milyon manatlıq faktiki göstəriciyə qarşı 1,679 milyard manat səviyyəsində proqnozlaşdırılıb.
2014-cü ildə icmal büdcənin gəlirləri 21,986 milyard manat səviyyəsində müəyyən edilib ki, bu da bu ilin proqnozlaşdırılan göstəricisini 1,257 milyard manat və ya 6,1 faiz, 2012-ci ilin faktiki göstəricilərini 352,5 milyon manat və ya 1,6 faiz ötür. Xərclər 24,444 milyard manat təşkil edəcək ki, bu da bu ilin proqnozundan 56 milyon manat və ya 0,2 faiz aşağıdır və 2012-ci ilin faktiki göstəricilərini 5,982 milyard manat və ya 32,4 faiz ötür.
İcmal büdcənin kəsiri 2,458 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da proqnozlaşdırılan ÜDM-in 4,2 faizini təşkil edir.