Muəllif:

Gələn il 2 stansiya istifadəyə veriləcək: «Avtovağzal» və «Memar Əcəmi-2»

Gələn il Bakı Metropoliteninin yeni – 3-cü xəttinin ilk iki stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Bunlar şərti adları «Avtovağzal» və «Memar Əcəmi-2» olan stansiyalardır. Paytaxtın əsas giriş qapısı olan «Avtovağzal» stansiyasından başlamaqla inşa olunacaq Bənövşəyi xətt 12 stansiyadan ibarət olmaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq. Beşillik proqrama əsasən, 2016-cı ildə xəttin ilk beş stansiyası istismara veriləcək. Metropolitenin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, onlardan ikisi 2014-cü ildə açılacaq. Şərti adı «Memar Əcəmi-2» olan stansiya bu xəttin ilk həlledici sahələrindən biridir.

«Memar Əcəmi-2» stansiyasında əsas işləri görən Fransanın «SYSTRA» şirkətinin, Koreyanın «Saman» və Böyük Britaniyanın «Mott MacDonald» şirkətlərinin iştirakı ilə Bakıda bu günə qədər reallaşdırılmayan ən çeşidli və fərqli sistemlərin tətbiqi layihələndirilib. Burada ilk dəfə yeni üsul «diafraqma divarı» və ya «qruntda divar» üsulu tətbiq olunub. Onun hiss olunan ilk fərqli cəhəti inşaatın aparılmasının yalnız hasarların varlığı ilə hiss olunmasıdır.

Bütün kompleks cəmi 167 metrə yaxın uzunluqda ərazini əhatə edir. Ərazinin relyefinə görə 30,5 metr dərinlikdə yerləşən stansiyanın bir tərəfi 5, digər hissəsi 4 mərtəbəli olacaq. Mərtəbələrin hündürlüyü 5,8, mərtəbələrarası örtüyün qalınlığı 1,5 metrdir.

Beşmərtəbəli hissədə ən yuxarı qat xidməti sahə olacaq. Burada elektrik yarımstansiyası, havalandırma-soyutma və digər sistemlər və onlara xidmət sahələri yerləşdiriləcək. Stansiyanın üç giriş-çıxışı olacaq. «Memar Əcəmi» stansiyasının «M-şəkilli» yerüstü vestibülündə həm də yeni stansiyaya giriş-çıxış, ANM məntəqəsi, kassalar yerləşəcək.

Stansiyada ümumən 4 lift quraşdırılacaq. Onlar Almaniyanın «Tüyssen Krupp» şirkətinin «Cynergy» qaldırıcı qurğusundan ikisi xidməti funksiya daşıyacaq və metropolitendə ilk dəfə işçilər müxtəlif avadanlıq, alət və qurğuları bu vasitə ilə qaldırıb, stansiyaya endirəcəklər.

Stansiyada cəmi 16 eskalatorun quraşdırılması nəzərdə tutulub. Bunlar da Almaniya şirkətinin «Tugela» tipli eskalatorlarıdır.

Platformanın uzunluğu 144 metrdən az olmayacaq. Bu da yeni xətlərin fərqli hərəkət tərkibləri üçün nəzərdə tutulub. Yeni xətlərdə 7 vaqonluq qatarlar hərəkət edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 759