Muəllif:

Gələn ay Bakıda velopark istifadəyə veriləcək

Aprelin ortalarında Bakıda velopark istifadəyə veriləcək.Bu barədə jurnalistlərə bu gün Bakıda 1-5 mayda «Tour d’Azerbaidjan» beynəlxalq velosiped turunun təqdimatında Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov danışıb. Bu velopark Şıx səmtdə tikilir və ilkin olaraq parkın yarısı istifadəyə veriləcək. İndi orada tikinti aparılır və asfalt örtüyü çəkilib, ərazidə 20 minə yaxın ağac əkilib. Gələcəkdə parkda istirahət üçün şərait yaradılması da nəzərdə tutulur.

Ələkbərov Bakıda velosiped idmanı üçün infrastrukturun lazımi səviyyədə olmadığını etiraf edir, belə ki, velosipedlərin hərəkəti üçün şəhərdə yollar nəzərdə tutulmayıb. Bunun üçün müvafiq qurumlara müraciət edilib. Bundan əlavə, hazırda velosiped idmanı üçün velotrek təmir olunur və yay aylarında istifadəyə verilməsi nəzərdə tutulur.

Bakıda start götürən «Tour d’Azerbaidjan» 7 rayonunun ərazisində keçiriləcək «UCI Europe Tour» çərçivəsində 2.2 kateqoriyalı veloyürüşdür. Turun açılışı və iştirakçı komandaların təqdimatı aprelin 30-da Dənizkənarı Milli Parkda keçiriləcər.

Turun təşkilat komitəsinin üzvü, Almaniyanın «Freunde event Logistic GmBH» şirkətinin direktoru Albrext Röeder veloturun marşrutları barədə məlumat verərkən qeyd edib ki, yarışın 1-ci mərhələsi mayın 1-də Heydər Əliyev Mərkəzinin yanından start götürərək mərkəzi prospektlə metronun «Koroğlu» stansiyası arasında 11 dəfə dövrə vurulduqdan sonra Heydər Əliyev Mərkəzinin yanında başa çatacaq. Marşrutun ümumi uzunluğu 157 km-dir.

Növbəti gün velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcək və 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər. Mayın 3-də yarış iştirakçıları Qəbələ şəhərindən start götürərək, Oğuz rayonundan keçməklə Şəki şəhərinə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 kilometr) qayıdacaqlar.

Mayın 4-də tur iştirakçıları Qəbələdən start götürərək, İsmayıllı rayonundan keçməklə Şamaxı şəhərinə yollanacaqlar. İdmançılar 116 kilometr məsafə qət edib dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında Vergilər Nazirliyi Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

146 kilometr uzunluğu olan son mərhələ Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək Hökumət evinin qarşısında başa çatacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 412