Gəl gedək Qazağa bir salam verək…
Qazax rayonundakı məşhur mütəfəkkirlər bağında görkəmli şəxslərin büstü naməlum səbəblərdən götürülür.
Bu barədə Teleqraf.az-a (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) Qazax sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, büstlərin götürlməsinin səbəbi məlum deyil və bu barədə heç kəsə açıqlama verilmir: “Mütəfəkkirlər bağında Qazaxda anadan olmuş görkəmli şəxsiyyətlərin demək olar ki, hamısının büstü var idi. Qazağa gələn qonaqları birinci növbədə bu bağa aparırdıq. Burada alimlər, hərbçilər, görkəmli ədiblərimizin büstü var idi və biz fəxrlə onları qonaqlara göstərirdik. Dünəndən etibarən büstləri götürürlər”.
Yuxarıda təqdim edilən fotoda yük maşınına atılmış büstlərdən biri görünür. Bu, xalq yazıçısı İsmayıl Şıxlının büstüdür…
Bu xəbər dünən axşam saatlarından etibarən yayılmağa başladı. Fotolar olmasaydı, bunu çətin ki, ciddiyə alan olardı. Nə yaxşı ki, iş-işdən keçməmiş rayon rəhbərliyi yayılmış xəbərə aydınlıq gətirdi.
Qazax rayon İcra Hakimiyyəti şəhərin mərkəzindəki “Mütəfəkkirlər” parkından tanınmış yazıçıların büstlərinin götürülməsi ilə bağlı yayılmış informasiyalara münasibət bildirib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdəliyev APA-ya bildirib ki, büstlər parkın yaxınlığında ədəbiyyat muzeyinin tikintisi zamanı abidələrə hər hansı ziyanın dəyməməsi üçün müvəqqəti olaraq götürülüb: “Bildiyiniz kimi, 2012-ci ilin aprel ayında ölkə başçısı Qazağa səfər edib. Səfər zamanı bir sıra obyektlərin açılışı olub. Bundan sonra prezident İlham Əliyev rayonun sosial-iqtisadi inkişafı üçün 2, ədəbiyyat muzeyinin tikintisi üçün isə 5 milyon manat vəsait ayırıb. Hazırda həmin ədəbiyyat muzeyi şəhərin mərkəzində “Mütəfəkkirlər” parkının yaxınlığında inşa olunur, ərazidə inşaat işləri görülür. Bu səbəbdən də parkda məşhur şəxsiyyətlərin büstləri hər hansı xələl gəlməməsi üçün, inşaat işləri zamanı qorunsun deyə götürülüb. Həmin büstlər Qazaxdakı Toxuculuq Fabrikinin həyətində saxlanılır”.
RİH başçısının birinci müavini onu da qeyd edib ki, Toxuculuq Fabriki daim mühafizə olunur: “Toxuculuq fabrikində onlarla əməkdaş işləyir, oranın mühafizəçiləri var. Abidələri mühafizə edirik və muzey tikiləndən sonra, park tam hazır vəziyyətdə olan kimi büstlər əvvəlki yerlərinə qoyulacaq”.