Gediş haqqı: 10 qəpik kəskin artım deməkdir
Sərnişindaşıma şirkətləri gediş qiymətlərinin artacağının anonsunu verdikdən sonra mənfi raaksiyalar özünü çox güzlətmədi. Bəlli olduğu kimi, onlar bu addımı hazırkı tariflərin xərcləri ödəmədiyi ilə əsaslandırırlar. Guya «xidmətin səviyyəsini daha da artırmaq üçün gediş haqqını artırmaq lazımdır».
Görünür, kart sisteminə keçənə qədər Nəqliyyat Nazirliyi gedişhaqqını artırmağı qarşısına məqsəd qoyub. Iqtisadçı-ekspert Rövşən Ağayev sərnişindaşımada tariflərin artırılmasını tələb edənlərin nəqliyyatda inhisarçı mövqeyə malik olduğunu və araşdırmaların da bunu təsdiqlədiyini deyir. Nəqliyyat sistemini tənzimləyən qurumun həm də təsərrüfat subyektlərində maraqlı tərəf kimi çıxış etməsi ciddi problem yaradır. İqtisadçı deyir ki, nəqliyyat sistemininin başında dayanan şəxsin bu sahənin subyektləri ilə bütün əlaqələri kəsilməlidir ki, hüquqi baxımdan onun danışması yolverilən olsun.
Ekspertin sözlərinə görə, tənzimlənən qiymətlərin dəyişməsi üçün ciddi iqtisadi əsas olmalıdır. Cəmiyyət üçün də qiymətlərin nə səbəbdən artması səbəbləri açıqlanmalıdır. Bunu tənzimlənən qiymətlər haqqında qanun da tələb edir. Tariflərin artırılmasına səbəb kimi gəlirlərin azalması göstərilirsə, bunun nə səbəbdən baş verdiyi də izah olunmalıdır. Lakin hələ ki, nəqlyyat naziri bununla bağlı heç bir açıqlama verməyib.
Ekspert nəqliyyat sektorunda rəqabət mühitinin olmamasını da ciddi problem kimi göstərir. Əgər bu sahədə rəqabət olsaydı, həm avtobus, həm də taksi biznesində hakimiyyətə bağlı olmayan şirkətlər fəaliyyət göstərsəydi, mövcud qiymətlər onları qane edərdi. Lakin sərnişin daşımanın bir əldə cəmlənməsi rəqabətə imkan vermir.
Tariflərin artılırmasından sonra xidmətlrin keyfiyyətinin artırılmasına da zəmanətin olmadığı da qeyd edilir. Çünki inhisarçı bazara nəzarət edərkən yalnız öz gəlirlərini artırmaq barədə düşünür.
Iqtisadçı ekspert Vüqar Bayramov isə bildirdi ki, 10 qəpiklik artım baş verə bilər: «Çünki əvvəlki təcrübə göstərib ki, 5 qəpiklik artım sərnişinlərlə sürücülər arasında kifayət qədər narazılığa gətirib çıxarıb. O baxımdan cüzi artım deyəndə 10 qəpikdən söhbət gedir, ancaq bu məbləğ cüzi artım deyil. Özlüyündə kiçik pul kimi görsənə bilər. Amma gediş haqqının 5 qəpik artması 25 faiz, 10 qəpik artması 50 faiz artımdır. Bu da bir mənalı şəkildə gediş haqlarının kəskin artım deməkdir».
Bu artımlar baş versə əhalinin sosial vəziyyətinə necə təsir göstərə bilər: «Ona görə, artımlara 5 və ya 10 qəpiklik aspektindən yanaşmaq doğru deyil. Diqqət yetirmək lazımdır ki, hər bir şəxs həmin nəqliyyatdan gün ərzində neçə dəfə istifadə edir? Nəzərə alsaq ki, Nəqliyyat Nazirliyi bir neçə maşrut xətlərinin qısaldılması, bəzilərininq ləğv edilməsi haqqında qərar qəbul edib, onda məlum olur ki, işləyən vətəndaş öz iş yerinə getmək üçün 2-3 maşrut maşrut dəyişməli olur. Bu hesabla bir vətəndaş işə gedib-gəlmək üçün 6 nəqliyyat vasitəsindən istifadə etməli olur. Bu artıq Nəqliyyat Nazirliyinin iddia etdiyi cüzi 10 qəpiklik artım iş günlərində vətəndaş üçün 60 qəpik gündəlik əlavə xərc yaradır. Bu da ay ərzində 12 manat deməkdir. 12 manat da praktik olaraq kiçik rəqəm deyil, minimum əmək haqqının 10 faizindən çox, orta aylıq əmək haqqının 5 faizinə yaxın göstəricidir. Bu artım kiçik artım kimi qiymətləndirilməməlidir».
Bayramov qeyd edir ki, indiki halda bu artımlara nəqliyyat sektorunun getməsi düzgün deyil. «Çünki onun sosial effektləri qiymətləndirilməlidir. Təəssüf ki, belə artımların sosial təsirləri olduqca güclüdür. Bütün hallarda nəqliyyat xərclərinin ailənin ümumi xərclərindəki payına diqqət etmək lazımdır. Bu hardasa 25 manatdan artıqdır. Bu yalnız işə gedib-gəlmək üçündür. Əgər başqa yerlərə gediş-gəlişlə bağlı nəqliyyat xərclərini aid etsək, həmin rəqəm böyüyəcək. Ailə xərclərinin də artması əhalinin vəziyyətinin pisləşməsinə səbəb olacaq», – deyə o vurğuladı.