Gədəbəydə müəllim çatışmazlığı var
Gədəbəy rayonuna müəllim işləməyə göndərilənlərin yarıdan çoxu orada işləməkdən imtina ediblər. Bu barədə Gədəbəy rayon Təhsil İdarəsinin rəisi Ramiz Məmmədov danışıb. Onun sözlərinə görə, ötən ilin avqustunda keçirilən imtahanlarda Gədəbəyə işləmək üçün 94 nəfər imtahan verib. Onlardan 63-ü uğur qazanaraq rayona işləməyə gəlib. İdarə rəisi bildirdi ki, rayona gələnlərdən 35 nəfəri sonradan orada işləməkdən imtina ediblər.
İdarə rəisi qeyd edib ki, rayonda təxminən 120 müəllim çatışmır. R. Məmmədov qeyd etdi ki, təhsil naziri Misir Mərdanovun rayona səfəri zamanı Gədəbəydə müəllim çatışmazlığı müzakirə edilib və qərara alınıb ki, müəllim işləmək üçün verilən imtahanlar zamanı bu rayona gələcək kadrlara bir sıra güzəştlər edilsin (APA).
Məmmədovun sözlərinə görə, güzəşt əsasən, imtahanlarda keçid ballarının aşağı salınmasından ibarət olacaq. Belə ki, müəllim işləmək üçün minimum 35 bal toplamaq lazım olduğu halda, Gədəbəydə getmək istəyənlər 15, hətta 12 balla da imtahandan keçmiş sayılacaqlar.
İdarə rəisi onu da deyib ki, hazırda Gədəbəy rayonunda bütün fənlər üzrə müəllimlərə ehtiyac var və getdikcə bu sahədə vəziyyət daha da pisləşir.