GAMOH rəhbərliyindən eyni vaxtda 6 istefa
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)rəhbərliyindən eyni vaxtda 6 istefa olub. Bu istefalar və səbəbləri barədə GAMOH strukturlarında təmsil olunan, Finlandiyada yaşayan soydaşımız Ərsalan Kamrani xəbər yayıb. Hələlik istefaların səbəbi ilə bağlı daha ətraflı açıqlama vermək istəmədiklərini qeyd edən Kamrani bu istefalara səbəb olaraq GAMOH-un fəaliyyətinin doğru yönləndirilmədiyini göstərir. Kamrani deyir:
“Bəzi problemlər olmasaydı, milli hərəkat daha güclü olardı. Mən də daxil olmaqla 6 nəfər istefa verdik. Siyahıda GAMOH İdarə Heyətinin üzvü Aydın Qaraxanlı, təşkilatın Kanada təmsilçisi Elyar Təbrizli, qurumun İnsan Haqları Komissiyasının məsulu Leyla Mola, təşkilatın İsveç nümayəndəsi Hüseyn Təbrizli, GAMOH üzvü Hatəm Şahsevənin adı var. Düşünürük ki, daxili çəkişmələrlə təşkilatımız gücünü itirir. Lakin istefa verməyimiz milli hərəkatdan çəkilməyimiz demək deyil. Biz yenə öz fəaliyyətimizi davam etdirəcəyik. Mahmudəli Çöhrəqanlı başda olmaqla dəyərli GAMOH üzvlərinə Güney Azərbayanın istiqlalı yolunda fəaliyyətlərində uğurlar diləyirik. Ümid edirik ki, təşkilat bundan sonrakı çalışmalarında daha nizamlı fəaliyyət göstərəcək”.