GAMOH-dan yenə istefalar olub
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) daha 2 üzvü istefa verib. Türkiyədə yaşayan Nəvid Sultani bu barədə açıqlamasında bildirib ki, bundan sonrakı siyasi fəaliyyətinə müstəqil şəkildə davam edəcək: “Bildiyiniz kimi, bizdən öncə martın 16-da 6 şəxs GAMOH-dan istefa etdi. Onların bu addımı təşkilat tərəfindən çox ağır ittihamla qarşılandı. Biz belə reaksiya gözləmirdik və bunu yoldaşlarımıza qarşı haqsızlıq kimi qəbul edirik. 6 şəxs istefaya səbəb kimi təşkilatın nizamnaməsinə əməl edilməməsini, GAMOH rəhbərliyinin milli və siyasi maraqlara uyğun olmayan çıxışlar etməsini, təşkilatdan müəyyən şəxslərin təbliğatı üçün istifadə edilməsini, müxtəlif təşkilatlarda çalışan milli fəallara qarşı hörmətsizlik edilməsini və s. göstəriblər.
Mən və Zaman Əlioğlu da bu səbəblərə görə istefa etmək məcburiyyətində qaldıq. Artıq fəaliyyətimizi müstəqil şəkildə davam etdirəcəyik. GAMOH lideri Mahmudəli Çöhrəqanlıya və təşkilat üzvlərinə uğurlar diləyirəm”.