Gallup World: ermənilərin 40%-i həmişəlik köçüb getmək istəyir
Gallup World yeni bir sorğu keçirib və bəlli olub ki, keçmiş Sovet məkanında ölkəni tərk edib həmişəlik getmək istəyənlər ən çox Ermənistan vətəndaşlarıdır. Gallup World-un sorğusunda iştirak edən keçmiş Sovet məkanı vətəndaşları arasında ən çox Ermənistan vətəndaşlarının niyə bu fikirdə olduqlarını anlamaq çətin deyil — sadəcə bu ölkənin iqtisadi gələcəyi yoxdur, bu yoxdursa orada ömür çürütməyə dəyməz.
2010-2012-ci illərdə keçirilmiş bu sorğuda 12 ölkənin vətəndaşı iştirak edib. Sorğuya 15 və daha yuxarı yaşında olan 41 min respondent qatılıb. Ermənistanda respondentlərin 40 faizi vətənlərini həmişəlik tərk etmək istədiklərini ifadə ediblər. Sorğuda sonrakı yerləri, müvafiq olaraq, Moldova (32 faiz), Ukrayna (21 faiz), Belarus (17 faiz) və Qırğızıstan (16 faiz) tutub. Rusiya, Azərbaycan və Gürcüstanda bu düşüncədə olanlar 14 faiz təşkil edirlər. Bununla yanaşı, ölkəni ən az tərk etmək arzusunda olanlar Özbəkistan (5 faiz), Türkmənistan (6 faiz), Tacikistan (11 faiz) və Qazaxıstanda (13 faiz) qeydə alınıb.
Postsovet məkanı üzrə, ölkəni tərk etmək arzusunda olanların təqribən 52 faizi bunu yaşayış səviyyəsini artırmaqla əlaqələndiriblər. 13 faizi uşaqlarının gələcəyi naminə, 10 faizi isə işsizlik probleminə görə vətənlərini tərk etmək istədiklərini deyiblər.