Futbol ulduzları Bakıya gəlir
Azərbaycanın veteran futbolçulardan ibarət yığması Avropadan olan həmkarları ilə yoldaşlıq oyunu keçirəcəklər.
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu yoldaşlıq görüşünün yeri və vaxtı müəyyənləşib. Matç mayın 1-də, saat 20:00-da “Bayıl Arena”da oynanılacaq. Yoldaşlıq oyununu kimin idarə edəcəyi müəyyənləşib. Bu, azərbaycanlı sabiq referi Rüstəm Rəhimovdur.
Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin verdiyi məlumata görə, 8 ölkədən 19 sabiq futbolçunun ölkəmizə gələcəyini təsdiqləyib. Bakıya səfərə hazırlaşan avropalı veteran futbolçular arasında məşhur simalar da var. Bu günə qədər Berti Foqts, Uli Ştayn, Bernd Şuster, Dario Şimiç, Aleksandr Çivadze, Revaz Xurtsilava, Tengiz Sulakvelidze, Vitali Şevçenko, Yuri Kuznetsov, Vaqiz Xidiyatullin, Leonid Buryak, Nikolay Boqdanov, Andrey Zıqmantoviç, Kaxaber Sxadadze, İqor Ponomaryov, Hakan Şükür və Rüştü Reçber də Bakıya gələcəklərini təsdiqləyiblər. AFFA-nın dəvətini qəbul edənlərin siyahısına daha iki veteran futbolçu qoşulub. Bunlar Gürcüstan yığmasının sabiq futbolçuları, əkiz qardaşlar Şota və Arçil Arveladzelərdir. Bununla da, gürcüstanlı futbol veteranlarının sayı 5-ə çatıb. Heyətdə həmçinin Braziliya yığmasının sabiq üzvü
Edmar Bernardes dos Santosun da olacağı gözlənilir. Amma müəyyən səbəblır üzündən fransalı veteran Jan Pyer-Papenin Bakıya səfəri baş tutmayacaq.
Bu oyuna hazırlıq məqsədi ilə veteranlarımız həftədə 3 dəfə məşq edirlər. Matçın təşkilatçıları əcnəbi qonaqlarla da danışıqları davam etdirirlər. Bu oyunda dünyanın tanınmış simalarının iştirakı gözlənilir.