Fransız şərablarının uğuru — bizim üçün ən gözəl örnək
Fransız şərablarının ötənilki dünya uğuru üzümçülük və çərabçılığı dirçəltmək yolunu tutmuş Azərbaycanlı iş adamları üçün ən gözəl örnək sayıla bilər. Ötən il məşhur fransız şərabları və spirtli tünd içkiləri üçün müvəffəqiyyətli il oldu, deyə bu məsələni araşdırmış Silvi Toma
yazır. Dünyada bu içkilərin satış həcmi lbəil artır və əcnəbilər fransız üzümlüklərinə sərmayələr qoyur. Şərabçılığı inkişaf etdirmək üçün Fransız mütəxəssisləri dünyanın hər yerində işə dəvət olunur.
Fransız şərablarına və spirtli tünd içkilərə tələbat həmişə yüksək olub və 2012-ci ilin yekunları bu sahənin inkişafda olmasını bir daha sübüt etdi. Fransız şərabları və spirtli tünd içkiləri ixracçıları Federasiyasının (FEVS) statistik məlumatlarına görə, yüksəliş nümayiş olunan 2011-ci illə müqayisədə 2012-ci ildə ixrac 10 faizdən çox artaraq 11,15 milyard avro təşkil edib. Bunun 7,6 milyardı (+8,5 %) şərabların, 3,5 milyardı isə (+13,5 %) spirtli tünd içkilərin payına düşür. Fransa hər il iki milyard yarım şüşə içki satır. Artım yalnız məhsulun həcmində deyil (+10 %), həmçinin qiymətində də müşahidə olunur (+1,6 %). Əcnəbi müştətərilər sevdikləri fransız şərablarını baha qiymətə almaqdan çəkinmirlər.
500-dən artıq fransız ixrac müəssisəsi sayəsində, fransız şərabları və spirtli tünd içkiləri aeronavtika sənayesindən sonra, kosmetika-ətriyyat sənayesindən isə öndə gələrək müsbət saldoya malikdir. Ərzaq-kənd təsərrüfatı sənayesinin müsbət saldosunun 86 faizi şərablar və spirtli tünd içkilər sayəsində əldə olunub.
İxracdakı coğrafi rayonlar da qorunub saxlanılıb, ümümi ixracın 75 faizi dünyanın ən çox inkişaf etmiş ölkələrinin payına düşür. Birləşmiş Ştatlar ilk yerdə durur və bu sahədə mal dövriyyəsi 1,9 milyard avro təşkil edir (+13,1 %), onu da qeyd edək ki, spirtli tünd içkilərlə (+8 %) müqayisədə şərabların satışında daha çox irəliləyiş müşahidə olunur (+18 %). Sonrakı yerlərdə Böyük Britaniya (1,5 milyard avro, +5,7 %) və Çin Xalq Respublikası gəlir (1 milyard avro, +17 %). Ən yüksək inkişaf Rusiya (+37%), Avstraliya (+32%), və Tayvana (+25)% ixracatda qeydə alınıb. 2012-ci ildə ixracın 41 % Avropa Birliyi ölkələrinin payına düşüb, halbuki 2010-cu ildə bu rəqəmlər 50% təşkil edirdi. Bu rəqəmlər üçüncü ölkələrin, xüsusən də, Asiya qitəsindəki ölkələrin, dinamik inkişaf etdiyini əyani şəkildə sübut edir, halbuki Avropa bazarları hələ də yerlərində saymaqda davam edir.
Ümumi ixracın 60 faizi bordo (+15 %) və şampan (+4,7 %) şərablarının payına düşür, onlar Burqundiya şərabını əhəmiyyətli dərəcədə üstələyirlər (ixracın 6 %-i, illik artım +18 %). Əgər əvvəllər olduğu kimi Şampan şərabına Asiyada tələbat böyükdürsə, Burqundiyanın köpüklü şərabına ABŞ, İsveç, Belçika və Yaponiyada üstünlük verilir və satışı hər il 23 faiz artır.
Təxminən 2,4 milyard avro təşkil edən mal dövriyyəsi ilə konyak spirtli tünd içkilər ixracının üçdə ikisini təşkil edir. Onun əsas alıcısı ABŞ-dır (924 milyon avro, illik artım +23%), sonrakı yerlərdə Sinqapur (562 milyon avro, illik artım +26%) və Çin Xalq Respublikası gəlir (471 milyon avro, illik artım +26,3%). Maraqlıdır ki, spirtli tünd içkilərin ixracında ikinci yerdə araq durur (372 milyon avro, illik artım +26,3%).
Üzümlüklər axtarışıda
Şərablar və spirtli tünd içkilər müvəffəqiyyətlərini inamla davam etdirir, xarici sərmayəçiləri isə indi fransız üzümlükləri daha çox özünə cəlb edir. Bu sahəyə ən çox maraq göstərən Çin sərmayəçiləridir. Onlar 2011-ci ildən indiyədək Bordo regionunda 30 üzümlük alıb, 60-a qədər üzümlüyün satın alınması barədə hazırda danışıqlar gedir. Sərmayəçilər məşhur şərablar hazırlanan üzümlüklərə maraq göstərmir, daha çox az tanınmış növlərə meyl edirlər, əgər belə bir üzümlüyün qiyməti 5 milyon avro təşkil edirsə, məşhur şərab istehsal edilən üzümlüyün qiyməti 20 milyon avrodur. 2012-ci ildə çinlilər Burqundiyaya da ayaq açmış və 8 milyon avroya Jevre Şanbertin qəsrini alıblar.
Digər əcnəbi sərmayəçilər, ingilislər, amerikalılar, belçikalılar, xüsusən yaponlar çinlilərdən əvvəl gəlib, yaponlar daha çox Bordo üzümlüklərini almağa üstünlük verirlər.
Yüksək peşəkarlığa verilən qiymət
Fransaya gələn xarici sərmayəçilər yerli şərabçıların məsləhətlərinə diqqətlə yanaşır, şərabı öz ölkələrində istehsal etmək arzusunda olanlar isə onları öz ölkələrinə dəvət edir. Şərabçı diplomlu gənclər və ya tanınmış mütəxəssislər hazırda dünyanın dörd bir guşəsində çalışırlar. Onlara Argentinada, Çilidə, Perunun And dağları rayonunda, Avstraliyanın cənubunda, Ermənistanda, Kanadada, ABŞ-da, Avropa qitəsində — İspaniya, Portuqaliya, Rumıniya, İtalyada — rast gəlmək olar. Son zamanlarda milli şərab istehsalının sürətlə inkişaf etdiyi Hindistan və Çində fransız şərabçılarına tələbatın get-gedə artması müşahidə olunur.