Fransız məktəbi sentyabrda fəaliyyətə başlayır
Gənclərin fransız dilini daha yaxşı öyrənməsi üçün iki ölkə arasında iki qərar qəbul edilib. Bunlardan biri böyük universitetlərdə iştirakı genişləndirmək və əlaqələri möhkəmlətməkdən ibarətdir. İkincisi isə Bakıda “Fransız məktəbi”nin yaradılmasıdır ki, bu məsələ iki ölkə prezidenti arasında imzalanmış sazişdə öz əksini tapıb. Yaxın zamanlarda Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Neft Şirkətinin dəstəyi ilə Fransız məktəbi fəaliyətə başlayacaq.
Fransanın Azərbaycan səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında bildirib ki, bağça səviyyəsindən etibarən azərbaycanlılarla yanaşı, digər millətdən olan gənclər də bu məktəbə gedə biləcəklər:
“Sonra uşaqların alacağı bu diplom həm Azərbaycan, həm də Fransa ali məktəblərinə daxil olmaq imkanı verəcək. Artıq qeydiyyat prosesi başlayıb. 60-a yaxın şagird məktəbdə təhsil almaq üçün qeydiyyatdan keçib. Maraqlananlar Fransanın Azərbaycan səfirliyindən daha ətraflı məlumat əldə edə bilərlər”.

