Fransız çini qabları böhran yaşamır….
İqtisadi böhran fransız çini qablar sənayesindən də yan keçməyib, buna baxmayaraq bu sektordakı müəssisələr fəaliyyətlərini davam etdirir, fransız sənətkarlarının zəngin təcrübəsinə arxalanaraq istehsalı daima genişləndirir və təkmilləşdirir.
XVIII əsrə qədər Fransada oddan istifadə etməklə müxtəlif maddələri əritmə sənətinə mükəmməl yiyələnmə sayəsində şüşə və saxsı qablar istehsal edilirdi. Amma ölkədə bu məhsullara ağlıq, şəffaflıq və möhkəmlik vermək üçün vacib olan kaolin mineralı hələ çıxarılmırdı.
XVIII əsrin ortalarında, XV Lüdovikin məşuqəsi Madam de Pompadurun səyi ilə Sevr manufakturası yaradılır və birinci fransız kaolin yataqlarını da 1768-ci ildə onun iki tədqiqatçısı kəşf edir. O vaxtdan başlayaraq Sevr manufakturası çiçəklənməyə başlayır və çini qablar istehsalı Fransada yüksək tərəqqi dövrünə qədəm qoyur.
XIX əsr fransız çini qablarının qızıl əsri hesab edilir, Avropa ölkələrinin hamısında onlara olan yüksək tələbat get-gedə artır. Bu dövrdə bir sıra istehsal birlikləri yaranır və onlar fransız sənətkarlarının zəngin təcrübə və ənənələrini indi də davam etdirirlər.
2010-cu ildə Sevr manufakturası saxsı qablar şəhərciyinə çevrilir və o vaxtdan bəri Milli Çini Qablar Muzeyi ilə birlikdə fəaliyyət göstərir. Kəskin iqtisadi çətinliklərlə qarşılaşmasına baxmayaraq Avropada sonuncu dövlət müəssisəsi olan manufakturanın ticarət dövriyyəsi 2012-ci ildə 2,2 milyon avro təşkil edib, bu isə son illərdəki göstəricilərdən 18 faiz artıqdır. Belə yüksəlişin səbəblərindən biri ixracatın artmasıdır, satışın 18 faizi məhz onun payına düşür. Manufakturanın məhsulları Yaponiya, ABŞ və Rusiyaya ixrac edilir. Bu ölkələrdə XVIII və XIX əsrlərdə buraxılmış məhsulların təkrarına, məsələn, qadın döşünü əks etdirən məşhur fincanlarla Mariya-Antuanetta dəstinə, və ya üzərində quşlar əks olunmuş Düplessis çini qablar kolleksiyasına maraq və tələbat çox yüksəkdir. Saxsı qablar şəhərciyinin müvəffəqiyyəti yaradıcı proseslərin yenilənməsinin nəticələri ilə də əlaqədardır. Manufakturanın məhsulları arasında kütləvi istehsal olunan məhsullara indi daha az rast gəlmək olar, əksinə, kiçik sayda və nömrələnmiş şəkildə hazırlanmış əl işlərinin sayı get-gedə artır. Buna Pyer Sulajın vazasını və yaponiyalı Naoto Fukasavanın 2010-cu ildə yaratdığı və indiyədək yüksək tələbat olan “Metro” adlı güldanını misal göstərmək olar.
Fransız çini qab ustalarının ənənələrini Haviland, Raynaud, Bernardaud, Pillivuyt kimi tanınmış müəssisələr davam etdirir.
Pillivuyt zavodunun sexlərində 200-dən artıq adam çalışır, dünyanın 50-dən artıq ölkəsində filialları var, 2012-ci ildə onun dövriyyəsi 15 milyon avro təşkil edib, bunun da yarıdan çoxu ixracat hesabına əldə olunur. Onun məhsullarına Amerika Birləşmiş Ştatlarında yüksək qiymət verilir, bunu nəzərə alaraq 2003-cü ildə Minneapolisdə zavodun filialı açılıb.
Raynaud şirkəti 1919-cu ildə təşkil olunub. Bu gün onu Reyno sülaləsinin 3-cü nəslinin nümayəndələri idarə edir. Yarandığı illərdən başlayaraq ixracata üz tutmuş, Sankt-Peterburq saraylarının tavanlarındakı şəkilləri olduğu kimi əks etdirən Ülyahəzrət adlı əl işi olan kofe fincanlarını xüsusilə yüksək qiymətləndirən Rusiya bazarına üstünlük verilmişdir. 50-ci illərdən başlayaraq şirkət Amerika Birləşmiş Ştatları bazarına üz tutur, məhsullarını amerikalıların zövqünə uyğunlaşdırmaqdan çəkinmir, boşqabların diametrini 25 santimetrdən 27 santimetrə qədər böyüdür, amerikalıların fincanı bir neçə barmaqla tutmasını nəzərə alaraq onların tutacaqlarını genəldir. Şirkət son 3 ildə eləcə də Çində fəaliyyət göstərməyə başlayıb və bu ölkədə əsasən ixrac üçün nəzərdə tutulmuş fərdi sifarişləri yerinə yetirir.
1842-ci ildə təsis edilmiş Haviland fransız çini qablar istehsalı sahəsində yüksək ad qazanmış firmalardan biridir. Digər məşhur firmalarda olduğu kimi burada da məhsullar yalnız əllə, amma Fransa ərazisində hazırlanır. 2012-ci ildə firmanın dövriyyəsi təxminən 9 milyon avro təşkil edib. Haviland demək olar ki, dünyanın bütün ölkələrində təmsil olunub, 500-dən artıq distribüteri özündə birləşdirən şəbəkəsi Yaxın Şərq ölkələrini, Amerika Birləşmiş Ştatlarını, Şimali Afrikanı, Asiya və Rusiyanı əhatə edir. Haviland məhsullarını sifarişçilərin arzularına və zövqlərinə uyğunlaşdırmaqdan çəkinmir. Məsələn, Fransada bütöv bir kolleksiya 1680-cı ildə yaradılmış məşhur Comédie Française teatrına həsr olunub. Yaxın Şərq ölkələri üçün istehsal olunan məhsullarda ən çox inkrustasiya və qiymətli metallardan istifadəyə üstünlük verilir.
Fransada çini qablar sahəsində yüksək ad qazanmış firmalardan biri olan Bernardaud firması bu il özünün 150 illiyini qeyd edir. Bu münasibətlə onun aparıcı rəssamları Jeff Koons, Sophie Calle, David Lynch, Prune Nourry və JR məhdud miqdarda boşqab dəsti hazırlayıb. Nəticə heyrətamiz, orijinal və müasir dövrə uyğun olmuşdur. Cəsarətlə demək olar ki, çini qablar son sözlərini hələ deməyib.
Virjini Oks