Muəllif:

Fransa dünyaya indi çörəyi və şirniyyatı ilə çıxır

Fransa istehsalı olan çörək və şirniyyat məmulatlarına yüksək qiymət verilir və onlar dünyanın bir çox ölkələrinə ixrac edilir. Bu müvəffəqqiyyət məmulatların istehsalı üçün lazım olan texnikanı və istifadə edilən maddələrin istehsalı ilə ixtisaslaşan firmalara, həmçinin, mütəxəssis hazırlayan və qabaqcıl təcrübəni yayan təhsil müəssisələrinə də aiddir.

Fransa deyəndə əksər əcnəbilərin nəzərlərində ləziz yeməklər və məşhur aşpazlar canlanır. Bununla bərabər çörək və şirniyyat məmulatları da həmçinin ümumdünya şöhrəti qazanıb, incə zövq, ləziz dad və yüksək keyfiyyətin təcəssümünə çevrilib. Məhz bu səbəbdən beynəlxalq bazara çıxmağı nəzərdə tutan çörək və şirniyyat ustaları səhvə yol verməməyə çalışırlar. Unutmayın ki, tarixi 1920-ci ilə gedib çıxan əsl fransız kruassanı yağı gen-bol olan kruassan hesab edilir. Və o, kömbə, baget çörəkləri, makaron peçenyesi, ekler və ya Paris-Brest pirojnaları çoxdan Fransa sərhədlərini keçərək məşhurlaşıb. Fransız şirniyyat məmulatlarını satan mağazalar anlayır ki, Fransanı təmsil edirlər, bu səbəbdən də onlar turistlərin Fransaya səfərləri zamanı adət etdikləri yüksək xidmət mədəniyyətini, keyfiyyəti, əhval-ruhiyyəni təmsil olunduqları ölkələrdə qoruyub saxlamalıdır.

Yaponlar və ya Səudiyyə Ərəbistanlılar ənənəvi fransız çörəklərini yüksək qiymətləndirir. Təbii və sağlam ərzaq məhsullarına get-gedə daha çox önəm verən şimali amerikalılar da onlardan geri qalmır. Braziliya və digər Cənubi Amerika ölkələrində həm çörək, həm də şirniyyat məmulatlarının satışının kəskin surətdə artımı müşahidə olunur. Xarici bazarlarda yerli şəraitə uyğunlaşmaq, alıcıların zövqünü və istəyini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir. “Müştəriləri cəlb etmək üçün yerli məhsullar da istehsal etmək sərfəlidir, üstəlik onların hazırlanması daha ucuz başa gəlir”. Bu sözlərin müəllifi, Mişel Nil, fransız şirniyyatı ilə yanaşı Kanadada ağcaqayın şirəli qoğallar, Hindistanda ədvalı çörək məmulatları da istehsal edir. BCS çörək və çörək məmulatları qrupunun məlumatına əsasən Şimali Avropa ölkələrində qaba üyüdülmüş undan hazırlanmış çörək daha böyük müvəffəqiyyət qazanıb.

Fransız çörək və un məmulatları mağazaları Yeni Dehli və dünyanın bir sıra digər şəhərlərində geniş şöhrət qazanıblar. Mişel Nil əvvəlcə Qabonda, sonra isə Moskva və Vankuverdə çörək mağazaları açıb, Pyer Hermenin şirniyyat məmulatları Yaponiyada çox məşhurdur. Holder qrupunun dünyanın 24 ölkəsində Paul və Ladure çörək və un məmulatları mağazaları var. Le Druff qrupu Dubayda sərmayə qoyaraq zavod tikib və bütün regionda 50-dən çox Brioche Dorée kafe- mağaza açmaq niyyətindədir. Yeri gəlmişkən, xarici mağazalar və restoranlar fransız çörəkçiləri və şirniyyatçılarını öz müəssisələrində işə dəvət edirlər. Bu barədə söhbət açan Milli Çörəkbişirmə və Şirniyyat İnstitutunun baş direktoru Jan-Fransua Ostye fəxrlə deyir:”Bizə hər il 150 iş yeri təklif olunur, onların 50 faizi ABŞ və Kanadanın payına düşür”.

Çörəkbişirmə sənayesi avadanlığı istehsal edən sənayeçilər də ölkə sərhədlərindən kənarda müvəffəqiyyətlə fəaliyyət göstərirlər. İtaliya və Almaniya ilə yanaşı Fransa bu sektorda ixrac edən ölkələr arasında ilk yerləri bölüşdürür. Xəmir istehsalı üzrə ixtisaslaşmış və gəlirinin 60 faizini ixracdan əldə edən VMİ firmasının rəyinə görə Rumıniya, Polşa, Çexiya və Mərkəzi Avropanın digər ölkələri böyük iqtisadi inkişaf potensialına malikdir. Bu ölkələrə inkaşafda olan Türkiyəni də daxil etmək olar, fransız müəssisələri yerlilərlə kəskin rəqabət aparırlar, amma fransız mağazalarında çeşidlər türklərinkindən daha çoxdur.

Ərzaq təhlükəsizliyinə, ərzaq maddələrinə xüsusi diqqət yetirilən bizim günlərdə fransız ərzaq məhsullarının keyfiyyəti daha çox qiymətləndirilir. Buna misal olaraq xəmir mayası üzrə dünyada lider olan Lesaffre qrupunun müvəffəqiyyətini misal göstərmək olar. Bu qrup bütün qitələrdə təmsil olunub, onun 30-a yaxın müəssisəsi Avropada, Avstraliyada, Çində, ABŞ-da, Rusiyada, Türkiyədə, Argentinada, Hindistanda, Mərakeşdə, İordaniyada, Meksikada və Ukraynada fəaliyyət göstərir.

Bu sektorun inkişafına beynəlxalq sərgilər də kömək edir. Fransız mütəxəssisləri xarici ölkələrdə təşkil olunan tədbirlərdə yaxından iştirak edir, Parisdə keçirilən Europain və Lionda təşkil olunan Sirha sərgisi ümümdünya şöhrəti qazanıb.

Xarici ölkələrdə fransız çörəkçiləri və şirniyyatçılarına uzün illər ərzində qazandıqları və layiq olduqları ada yüksək qiymət verilir, bu qiymət eyni zamanda onların ixrac olunan təcrübələrinə, ənənələrinə və verdikləri təhsilə də aiddir. Milli Çörəkbişirmə və Şirniyyat İnstitutu çörək, şirniyyat, şokolad məmulatları istehsalı üzrə beynəlxalq təhsil proqramları təklif edir. İnstitutun mütəxəsssisləri Avropada, Kanadada, Braziliyada, Koreyada, Yaponiyada, Livanda, Mərakeşdə, Nigeriyada, Peruda, Rusiyada çalışırlar. 2014-cü dərs ilindən isə San Paulo şəhərində ilk təlim kurslarına başlayacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1917