Frankfurt yarmarkasında Azərbaycan 200 adda kitab sərgiləyəcək
Oktyabrın 9-dan 13-dək Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük kitab sərgi-yarmarkası (Frankfurter Buchmesse) başlanır. Bu il 65-ci dəfə gerçəkləşən Frankfurt yarmarkasında Azərbaycan kitabları da nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nazirliyin əməkdaşlarından, «Renessans» və «Şərq-Qərb» nəşriyyatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti bu il ölkəmizi dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfə təmsil edəcəklər.
Ötən illərdən fərqli olaraq, bu il Azərbaycanın icarəyə götürdüyü stend daha geniş olacaq. Azərbaycan kitabları Frankfurter Buchmesse sərgi şəhərciyində 48 kvadrat metr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunacaq. Qız qalasının fiquru və qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alacaq.