Fokas Evangelinos Eurovision təmsilçimizdən razıdır
Rejissor Fokas Evangelinosla birgə çalışacağı məlum olduqdan dərhal sonra Fərid Məmmədov Eurovision mahnı müsabiqəsi üçün bu həftənin əvvəlindən güclü rejimlə işləməyə başlayıb. Fəridin qabiliyyəti, musiqi istedadı, çalışqanlığı, üstəgəl Fokasın peşəkarlığının bir araya gəlməsi ilə Malmödə Eurovision səhnəsində «Hold Me» mahnısının uğurlu və fərqli bir tərzdə təqdim olunacağı gözlənilir.
Son günlər Fəridin əzmlə çalışması da buna bir sübutdur. Gün ərzində vokal, rəqs, eyni zamanda idman dərsləri olmasına baxmayaraq, hər işin öhdəsindən gəldiyi və gecə gec saatlara qədər bütün proqramı tamamlamağa çalışdığı deyilir.
Fəridin öz işinə qarşı bu böyük sevgisi və məsuliyyəti Fokası valeh edib. Bunu Fokas belə ifadə edir: «Çox çalışqan və eyni zamanda istedadlı bir ifaçıdır. Fərid ona deyilən hər bir şərhi qeydə alır və Eurovision səhnəsində əlindən gələnin ən yaxşısını etməyə can atır. O hər şeydə mükəmməllik tərəfdarıdır və çox məsuliyyətlidir. Onunla birgə işləmək insana zövq verir».
Hələ ki, «Hold Me» mahnısının Eurovision səhnəsində necə təqdim ediləcəyi bir sirr kimi saxlanılır. İfa ilə bağlı Fokasın dedikləri: «Fəridin Eurovision səhnəsində nümayiş etdirəcəyi ifa haqqında çox şey deyə bilərəm, lakin hazırda bunu bütün detalları ilə açıqlamağın doğru olacağını zənn etmirəm».
Fokas Eurovision Mahnı Müsabiqəsində səhnə rejissoru kimi çalışaraq uğur qazanmaqdan həmişə çox böyük zövq alıb. Xatırladaq ki, 2005-ci ildəki Eurovisionda səhnə rejissoru olduğu Yunanıstan təmsilçisi Helena Paparizounun ifası yunanlara qalibiyyət gətirmişdi. Bundan başqa Ani Lorak, Dima Bilan, Sakis Rouvasın unudulmaz Eurovision səhnələrini də məhz Fokas hazırlamışdı. Bu il Azərbaycanın təmsil olunacağı mahnıya gəldikə, bu Fokasa «Hold Me» mahnısının bəstəkarı Dimitrios Kontopoulosla birgə yenidən izləyicilərə gözəl bir əsər təqdim etmək şansı verib.
«Bu iş 4 illik fasilədən sonra mənim yenidən Eurovision layihəsində fəaliyyətim deməkdir. Mən «Hold Me» mahnısının Demo versiyasını ilk dəfə Dimitrisdən eşidəndə mahnını doğurdan da sevdim! Daha sonra Fəridin çıxışını görəndə artıq beynimdə ifanın səhnələşdirməsi ilə bağlı ideya canlanmışdı. Bu sənətçinin və mahnının gözəl harmoniyasıdır»- deyə Fokas əlavə edib.
Fərid Məmmədov Malmödə 16 Mayda «Hold Me» mahnısını Eurovision Mahnı Müsabiqəsinin II yarımfinal mərhələsində 4-cü nömrə altında təqdim edəcək.