Muəllif:

Film deyil, əsl kinodur

İş elə gətirdi ki (adamın adamı olsun gərək), mən Yuli Solomonoviç Qusmanın «Qorxma, mən səninləyəm» filminin premyerasının xoşbəxt tamaşaçılarından biri oldum. Bəxtim əməllicə gətirmişdi — bu təntənənin Heydər Əliyev adına kino-konsert zalında keçirilməsi azmış kimi, ölkənin birinci xanımı da hamını heyran qoymuş qızlarıyla birlikdə tamaşaçılar arasındaydı. Axı filmin remeyki onların dəstəyiylə ərsəyə gəlmişdi.
Görünür, otuz il bundan əvvəl çəkilmiş birinci film elə tamaşaçı rəğbəti qazanıbmış ki, camaatın burnunun ucu onun timsalında böyük sənət əsərləri üçün göynədiyindən müasir karbohidrogen firavanlığının doğurduğu genişürəklilik və əliaçıqlığa uyğun yüksəkbüdcəli film çəkmək ehtiyacı yaranıb.
Film atüstü şəkildə bildiyimiz və bilmədiyimiz hər şeydən, bir mövzudan digərinə sıçramaqla, əslində heç nədən bəhs etmir. Müxtəlif canlı səhnələri bir-birinə montaj adıyla kobud «tikişlə» yamamaqdan belə çəkinməmək görünür çoxillik assimilyasiyanın doğurduğu xüsusi ustalıqdan xəbər verir. Qeyri-müəyyən janrda olan «tamaşa» çox işıqlı, rəngarəng, libaslarla gözqamaşdıran və olduqca zəngin alınıb. Əslində, filmdə janr adına çox şey var — hamısı da müxtəlif, hər cür, qatmaqarışıq və tələm-tələsik. Səhnələr özünəməxsus məhəlli estetika və yerli dəyərlərlə malalanaraq yaxşı halda sanki hansısa bir neofit, pis halda isə əsil tsinik gözüylə canlandırılır, qara istehza hər şeydə duyulur.
Amma adamı ən çox şadlandıran sovet «KVN»ləri dövründən qalma Azərbaycan ləhcəli rus dilidir. Bunun nə qədər yenilikçi, təzə, orijinal və qeyri-adi alındığını heç təsəvvürünüzə də gətirə bilməzsiniz… Doğrudan da, çox gülməli idi. Ali qonaqların yaxınlığında əyləşənlərsə, gülməkdən az qala qəşş edəcəkdilər.
Filmdə rejissorun bir xeyli dost-tanışı çəkilib. Əslində onlar elə özlərini oynayıblar. Özü də bunu özlərini unudaraq, böyük həvəs, çılğınlıq və canla-başla ediblər. Niyə də etməyəydilər — durduqları yerdə əməlli-başlı qonorar alacaqdılar axı. Məsələn, dost osetindirsə, lap qoca olsa belə, mütləq igid-çapar, Zapaşnıdırsa, mütləq heyvan əhliləşdirən, gürcüdürsə, mütləq məşhur Moskva tamadası, yəhudidirsə, özündən müştəbeh, gicbəsər alman olmalıdır. Filmdə məşhur aktyorlara da yer verilib, amma onların arasında qoca və təəssüf ki, keçirdikləri infarkt və insultlardan lap əldən-dildən düşmüş, üzləri isə daşadönmüşləri də var. Zavallıların nə kimi bir tamaşaya cəlb olunduqlarından heç xəbərləri də yoxdu. Epoxal əsərin yaradıcıları isə buna bir elə əhəmiyyət də verməyiblər. Axı, incəsənət qurban tələb edir.
Öz rolunu hamıdan təbii ifa edən gənc dişi pələngsə, filmboyu Qafqaz sıra dağları və dərələrində evindəki kimi var-gəl edir, aradabir də tamaşaçılar gülsün deyə, bu gün axtarsanız da, tapa bilməyəcəyiniz iri tənəkə qabdan təlimçisi ilə birgə qara kürünü gözünə təpirdi. Necə deyərlər, aclıq olsun, kef olsun, yox-yox, bağışlayın, bu halda toxluq olsun, kef olsun, daha çox yerinə düşər. Atalarımız da deməyə söz tapıblar, aclıq olsun… Əlqərəz, zaldakılar bu səhnəyə uğunub gülür — varlığa nə darlıq? Biz, lazım gəlsə, pələngə də qara kürü yedirdə bilərik.
Filmdə böyük və ülvi məhəbbət mövzusu da unudulmayıb. Olduqca ülvi, romantik, aradabir hətta dramatikliyi ilə tamaşaçını riqqətə gətirən bir süjetdi, çünki aşiqlər bir-birinə qənim kəsilmiş ailələrin uşaqlarıdı. Bir anlıq mənə hətta elə gəldi ki, belə bir hadisə hardasa olub, bəlkə də bu barədə oxumuşam. Amma belə bir şey olmuşdusa belə, uzaq İtaliyada hər şey çox faciəvi bitmişdi. Görünür, bizim tərəflərin adət-ənənəsi daha yumşaq, insanları daha həlimdir, ələlxüsus da rejissorlarımız. Onlar, yəni rejissorlar, yaraşıqlı və gözəl gənclərimizə necə qıya bilərdilər axı?
Filmin canına, zamanın nəbzini ustalıqla tutaraq, xoş gəlsin deyə, bir ovuc avantüristin məzhəkəsi kimi inqilab deyə bir süjet də yeridilib. Məzhəkənin iştirakçıları olan inqilabçılarsa qaraqışqırıq salan, mənəviyyatdan uzaq, acgöz və murdar, yaxşı adamlara pislik arzulayan idbar hoqqabazlardır. Yaxşı ki, ən qəliz məqamda bu idbarlara toy tutan tapılır — dişi pələng yaxşı adamlara qahmar çıxır.
Bir sözlə, tamaşa alındı. Zal uzun sürən sürəkli alqışlara qərq oldu. Görünür, filmin qayəsindəki «ağıllı olub hamının dərdini çəkməkdənsə, dəli olub hamının sənin dərdini çəkməli olması» ideyasını hamı çox bəyənmişdi.
Necə deyərlər, «niyyətin hara, mənzilin də ora», ya da «Nə tökərsən aşına, o da çıxar qaşığına».
Filmin adına gəlincə isə, məncə, o, restoranda saksofon çalanla bir qədeş haqqındakı köhnə Bakı lətifəsinin sonluğundan götürülüb. Qədeş saksofon çalana təxminən belə deyir:
«Yulik, qədeş, əhsən sənə, əgər kimsə birdən çaşıb səninlə hətərən-pətərən danışsa, qorxma, mən buralardayam»…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189