Filarmoniya bağında gerçək bir kitab bayramı idi
Doğrudan da bu gün paytaxtın Filarmoniya bağında gerçək bir kitab bayramı idi. Sıradan bir aksiya deyildi. Kitab köşklərinin qarşısında çoxdan görmədiyim basabas vardı, kassalar bir əldən çek vurur, rəflərə düzülmüş kitablar vərəqlənir, hər tərəfdə əli və qoltuğu kitablı adamlar dolaşır, skamyalarda, bağın kölgəli yaşıllıqlarında ağaclara dirsəklənib kitab oxuyan gənc qızlar və oğlanlar öz dünyalarında idilər. Ən çox oxunan müəlliflərdən Çingiz Abdullayev, Sabir Rüstəmxanlı və Elxan Elatlının masalarının qarşısında oxucular aldıqları kitablara avtoqraf yazdırmaq üçün növbə tutmuşdular. Hər yan əksərən gənc yaşda insanlarla dolub daşırdı. Məndə «biz kitab oxuyan millət deyilik» deyə obıvatel düşüncəsinə inamımda bir şübhə baş qaldırdı. Belə gördüm ki, azərbaycanlı kitab oxumaq istəyir, özü də çox… Sadəcə, onun istədiyi kitabı tapıb ona — özü də lazımi məkanda, məsələn, elə Filarmoniya Bağı kimi səfalı bir yerdə təqdim edən gərəkdir.
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab bayramı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin təşkilatçılığı ilə keçirilirdi. Bu mədəniyyət aksiyasına paytaxtın 50-dən çox tanınmış nəşriyyatı, kitab evi və yayım assosiasiyalar qatılmışdı. Açıqlanan rəqəmə görə, 9 min adda 40 min nüsxədən çox kitabı sərgilənirdi. Bunların böyük qismi bir-iki saata satılıb qurtarmışdı.