FIFA prezidenti irqçilik şüarlarına görə xal silməyi təklif edir
FIFA prezidenti Yozef Blatter bəyan edib ki, ancaq radikal addımların köməyi ilə futbolda irqçiliklə mübarizə aparmaq olar.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Blatter bu məqsədlə azarkeşləri irqçilik ifadələri işlədən komandaların hesabından xal silməyi təklif edib.
«Fikrimcə, futbolda irqçiliyi birdəfəlik aradan qaldırmaq heç vaxt mümkün olmayacaq. Biz bunun üçün dəfələrlə cəhdlər göstərmişik. Bu baxımdan İngiltərə nümunə ola bilər. İngiltərədə hər bir klubun yaxşı izləmə sitemi qurulmuş müasir stadionu var», — Blatter qeyd edib.
Onun sözlərinə görə, matçları azarkeşsiz keçirmək olar, lakin bu, istənilən effekti vermir.
«Düşünürəm ki, azarkeşləri irqçilik şüarları səsləndirən komandaların hesabından xal silmək ədalətli cəza olacaq», — FIFA prezidenti deyib.